PKK terror təşkilatı atəşkəs elan ETDİ

1 Mart 2025 10:24

PKK terror təşkilatı atəşkəs elan etdiyini açıqlayıb.

Milli.Az "Hürriyet"ə istinadla xəbər verir ki, təşkilat həbsdə olan lideri Abdullah Öcalanın çağırışına əməl edəcəyini bəyan edib.

Açıqlamada deyilir: "Çağırışın məzmunu ilə tam razıyıq və onun tələblərinə əməl edəcəyimizi bildiririk. Bu gündən etibarən atəşkəs elan edirik", - PKK-nın "İcraiyyə Komitəsi"nin bəyanatında qeyd olunub.

Xatırladaq ki, Abdullah Öcalan bir neçə gün əvvəl tərəfdarlarına silahı yerə qoymaq çağırışı etmişdi: "Demokratik cəmiyyətin qurulması qaçılmazdır. PKK-nın güc qazanmasının əsas səbəbi demokratik siyasi kanalların bağlanması olub. Mən tərksilah olunmağa çağırıram. Bütün qruplar silahı yerə qoymalı və PKK ləğv edilməlidir. Bu çağırışa görə məsuliyyəti üzərimə götürürəm".

Qeyd edək ki, Abdullah Öcalan 1999-cu il fevralın 15-də Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) keçirdiyi əməliyyat nəticəsində Keniyada yaxalanaraq Türkiyəyə gətirilib. O, terror fəaliyyətlərinə görə ölüm cəzasına məhkum edilsə də, sonradan hökm ömürlük həbs cəzası ilə əvəz olunub.

Fidan
Milli.Az