İsrail HƏMAS-ı razılaşmanı pozmaqda ittiham edir

16 Yanvar 2025 15:50

İsrail Baş nazirinin ofisindən verilən açıqlamada bildirilir ki, HƏMAS elan edilən atəşkəs razılaşmasının bütün elementlərini qəbul edənə qədər İsrail Nazirlər Kabineti iclas keçirməyəcək.

Milli.Az xarici mediaya istinadən bildirir ki, İsrailin Baş naziri Binyamin Netanyahu HƏMAS-ın razılaşmada hansı fələstinli məhbusların azad ediləcəyini müəyyənləşdirməyə çalışdığını və bütün maddələrdə razılıq əldə olunmayana qədər hökumətin iclas keçirməyəcəyini bildirib. Netanyahu həmçinin, HƏMAS-ın İsrailə bəzi məhbusların azad edilməsinə veto hüququ verən müddəalara qarşı çıxdığını iddia edib.

Qətər Baş naziri Əl Tani İsrail və HƏMAS arasında uzunmüddətli "daimi atəşkəs" razılaşmasının əldə edildiyini və razılaşmanın 19 yanvar bazar günü qüvvəyə minəcəyini açıqlayıb. Lakin bu, İsrail Nazirlər Kabineti tərəfindən təsdiqlənməsinə bağlıdır.

Qeyd edək ki, İsrail Təhlükəsizlik Kabinetinin bu gün səhər iclas keçirməsi gözlənilsə də, iclas təxirə salınıb. 

Fidan
Milli.Az