Oğlunun qatilinə azadlıq istəyən ata danışdı: Bütün bu fikirlər yanlışdır...

2 Noyabr 2024 12:21

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Sabunçu rayonunun Balaxanı qəsəbəsində dostunu amansızlıqla öldürməkdə ittiham olunan 18 yaşlı Rəhim Əsədovun məhkəmə istintaqı keçirilib. 

Milli.Az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən ilk baxış iclasında prokuror ittiham aktını elan edib.

Rəhim ittihama münasibətdə özünü tam təqsirli bilib, həmyaşıdı Rəşid İmanovu öldürdüyünü etiraf edib. Rəhim sərbəst ifadəsində Rəşidi ona borca pul vermədiyinə və söydüyünə görə qətlə yetirdiyini deyib.

Amma məsələnin maraqli tərəfi odur ki, öldürülən Rəşidin anasının məhkəmədə etiraz edərkən atası Elçin İmanov isə oğlunun qatilinin azad buraxılmasını istəyib. O, oğlunu öldürməkdə ittiham edilən şəxsdən şikayətçi olmadığını, hüquqi varislikdən imtina etmək istədiyini deyib:

"Ona heç bir sualım yoxdur. Cavan uşaqdır. Bildiyimə görə, anası da xəstədir. Buraxın, getsin. Ola bilərdi ki, mənim oğlum da onu öldürərdi. Biri ölüb, o biri yaşasın. Mən də dustaq olmuşam, onun yerində dayanmışam. Onu bağışlayıram".

Rəhim də öz növbəsində şüşə qəfəs arxasından ataya təşəkkür edib. 

Digər maraqli nüans isə sosial şəbəkələrdə öldürülən uşaqla bağlı xoşagəlməz ifadələrin səsləndirilməsidir. 

Qeyd edək ki,  Rəşid İmanov "TikTok" platformasında kifayət qədər aktiv istifadəçi olub.

Atası ötən gün aparıcı Toliklə canlı yayıma qoşularaq bütün bu fikirlərin yanlış olduğunu bildirərək, oğlunun sadəcə gülərüz və düzgün insan olduğunu bildirib:

"Bütün fikirlər əsassızdır.  O işləyərək qardaşına maşın alacaqdı. 8070 manat pul yığmışdı ki, maşın alsın, necə onun cibindən 3 manat çıxa bilər? Lap 3 manat çıxıb onun ürəyi necə qəbul edib ki, onu öldürüb pulu götürsün".

Xatırladaq ki, bu hadisə 4 ay əvvəl baş verib. Təqsirəndirilən gəncə əvvəl 120-ci maddənin yüngül  bəndi ilə cinayət işi başlansa da, istintaqın gedişində ona ağır maddələrlə yekun ittiham elan edilib.

Aysel Əkbər
Milli.Az