Niyaməddin Musayevi kim, niyə bıçaqlayıb?

18 Sentyabr 2024 20:53

Milli.Az lent.az-a istinadən Xalq artisti Niyaməddin Musayevdən bəhs edir.

- Niyaməddin Musayev harada və nə zaman anadan olub?

Niyaməddin Cabbar oğlu Musayev 1940-cı il iyunun 1-də İmişli rayonunda anadan olub. 

- Niyaməddin Musayevin sənət yolu necə başlayıb?

1957-ci ildən, yəni 17 yaşından səhnəyə çıxmağa, mahnılar ifa etməyə başlayıb.
Gənc yaşlarında Rayon Mədəniyyət Evində metodist və incəsənət məsləhətçisi işləyib. 1966-cı ildə ilk dəfə Ə.Bakıxanovun rəhbərliyi ilə xalq çalğı alətləri ansamblında bir neçə mahnısı radio fonotekasına yazılıb. 1968-ci ildə "Muğam-68" festivalının qalibi olub.
1978-ci ildən "Röya" vokal instrumental ansamblının bədii rəhbəri olan Niyaməddin Musayev, Azərbaycanda milli estrada janrının əsasını qoyub və həmin il ansamblın bir valı buraxılıb. Niyaməddin Musayev özünü Azərbaycanda diskotekanın əsasını qoyan ilk musiqiçi hesab edir.

- Niyaməddin Musayevə şöhrəti hansı mahnı qazandırıb?

1987-ci ildə müğənni Məmməd Arazın sözlərinə yazdığı "Dünya sənin, dünya mənim" adlı mahnını ifa edib. Bu ifa ona böyük şöhrət gətirib.

- Niyaməddin Musayevin neçə övladı var?

Xalq artistinin bir evliliyi olub. Bu evlilikdən onun Röya, Günel, Orxan adlı övladları dünyaya gəlib. Röya və Günel ingilis dili müəllimi, oğlu Orxan isə gömrükdə işləyir, mayordur.

- Yaşından xeyli gənc görünən 84 yaşlı  Niyaməddin Musayev  idmanla məşğuldur?

O hər axşam mütləq bir neçə kilometr piyada gəzir. Niyaməddin Musayev həm də yoqa ilə məşğul olur. 

- Niyaməddin Musayev haqqında xeyli baməzə söhbətlərə səbəb olmuş saçlarının stilini niyə dəyişmir?

O, bildirib ki, əvvəllər saçlarını inad üçün kəsdirməyib, sonra isə buna alışıb.

Niyaməddin Musayevlə bağlı xeyli lətifələr və zarafatlar insanlar arasında yayılıb. Bunlardan ən maraqlısı insanların onu 100 dollarlıq ABŞ əsginasının üzərindəki Benjamin Franklinlə müqayisəsi olub. Bu barədə Niyaməddin müəllimə sual verəndə deyib:

"İndi məni yüz dolların üstündəki kişiyə bənzədirlər. Başa düşə bilmirəm, kimlərsə bu söhbətin məqsədli şəkildə uzadılmasına çalışırlar? Mənim dolların üzərinə həkk olunmaq kimi arzu və niyyətim yoxdur. Mən hara, Franklin hara... Buna əsəbləşməmək olmur. Nə istəyirlər məndən?" deyib.

- Niyaməddin Musayevin haqqında ölüm xəbərlərini kim yayıb?

2019-cu ildə müğənni haqqında yayılan ən xoşagəlməz şayiələrdən biri onun ölüm xəbəri olub. Bu barədə xəbərlər sosial şəbəkələrdə yayılandan sonra müğənninin yaxınları xəbərin yalan olduğunu və bu kimi xəbərlərin sənətçinin səhhətinə pis təsir göstərdiyini açıqlayıblar. Niyaməddin Musayev bildirib ki, düşməni yoxdur, bu xəbərləri bəzi saytlar reytinq naminə uydururlar.

- Niyaməddin Musayevi kim, niyə bıçaqlayıb?

Niyaməddin Musayev 1986-cı ildə Gəncədə konsert verərkən, hər kəsin gözü önündə bıçaqlanıb. İddialara görə, sənətçini bıçaqlayan onun fanatlarından biri olub. Konsert zamanı həmin fanatı ona gül verərkən, gül buketinin içindən bıçağı çıxararaq sənətçinin boğazına və qarın nahiyəsinə zərbələr endirib. Hadisənin hansı səbəbdən baş verdiyi bu günə qədər məlum deyil. Sənətçiyə hadisə ilə bağlı sual verdikdə isə bu barədə danışmaq istəmədiyini bildirib. Həmin vaxt ağır yaralanan sənətçinin vəziyyəti yaxşı olmadığı üçün Moskvaya aparılıb və orada müalicə olunub.

- Niyaməddin Musayevi kim oğurluqda ittiham edib?

O, 1974-cü ildə sözləri və musiqisi Bəhram Nəsibova aid olan "Şahnaz təsnifi" ("Deyin haradadır") mahnısı ilə sənət aləmində daha çox tanınıb.

Niyaməddin Musayev məşhur gitara ifaçısı Bəhram Nəsibovla vaxtilə çox yaxın dost olub. Bir evdə kirayədə qalıblar, mahnılar yazdırıblar. Ancaq nədənsə bəstəkarın ölümündən sonra Niyaməddin müəllim Şahnaz təsnifinin sözlərinin Bəhram Nəsibova yox, başqa adama aid olduğunu qeyd edib.
Bu fikirlər isə Bəhram müəllimin ailəsi tərəfindən xoş qarşılanmayıb. Bəhram Nəsibovun oğlu Adilin sözlərinə görə, Niyaməddin Musayev onun atasının mahnılarını oğurlayaraq öz adına çıxarıb:
"2008-ci ildə Niyaməddin çıxıb dedi ki, "Gecələr" mahnısı mənimdir. Aləm dəydi bir-birinə. Hamı dedi ki, Bəhram Nəsibov bu mahnını ondan oğurlayıb. Bununla bağlı verilişə çağırdılar bizi. Niyaməddin gəlmədi, qaçıb gizləndi. Ömrünün son günlərində atam Şamo İsayev ilə Niyaməddin Musayevi görmək istəyirdi. Heç biri gəlmədi. Əbəs yerə deməyiblər, düşmənin ən böyük hiyləsi dost olmasıdır".

- Niyaməddin Musayev hansı  dövlət mükafatlarına layiq görülüb?

O, 1998-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülüb və 2000-ci ildə "Şöhrət", 2020-ci ildə "2-ci dərəcəli Əmək" ordenləri ilə təltif olunub. Prezidentin fəxri təqaüdünü alır.

- Azərbaycan estradasında Niyaməddin Musayevin qohumları var?

Bəli. Cabbar Musayev və Musa Musayev onun qardaşı oğullarıdır.

- Onun öz nəslindən uzaq düşmüş qardaşı oğlu Musa Musayelə münasibəti necədir?
Müğənni Musa Musayevin həyat yoldaşı Təranə Qumralla birgə qonaq olduğu verilişlərdən birində, əmisi, Xalq artisti Niyaməddin Musayev barəsində "Niyaməddin kimi əmi görməmişəm, ona canım qurban, evinə gedəcəyəm, hələ oturub nərd də oynayacağam" sözlərini deyib. Təranə Qumral isə həyat yoldaşının fikirlərinə dəstək çıxaraq "Niyaməddin Musayev Musanın əmisidir deyə yox, xalqın dəyərli, çox qiymətli sənətkarı olduğu üçün biz özümüz də onu sevirik, dinləyirik..." sözlərini deyib. Niyaməddin Musayev qardaşı oğlunun onun barəsində səsləndirdiyi fikirlərə "Onların danışıqlarını eşitdim. Sağolsunlar, çox səmimi danışdılar. Mənim də onlara hörmətim var, həmişə də belə olub. Musaya dəstək olmuşam" şəklində münasibət bildirib.

- Niyaməddin Musayev Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin rəğbətini necə qazanıb?

O, Heydər Əliyevin sevdiyi müğənnilərdən biri olub. Özü Heydər Əliyevlə görüşünü  belə xatırlayır: 
"Heydər Əliyev Naxçıvana qayıdanda mən Azərbaycan Konsert Birliyində çalışırdım. Öz təşəbbüsümlə Afiyəddin Cəlilovla əlaqə yaratdım. O vaxt o, Naxçıvanda idi.  Söylədim ki, mən öz ansamblımla Naxçıvanda konsert vermək istəyirəm. Beləliklə, mən Heydər Əliyevlə görüşə getdim. ... Afyəddin Cəlilov dedi ki, gəl, konsert verərsən, Heydər Əliyev sənin mahnılarını çox sevir. Daha sonra görüşərsən. O, mənim ikinci konsertimə təşrif buyurdu. ... Heydər Əliyev zala daxil olanda bütün xalq ayağa qalxdı. Sona qədər konsertə qulaq asdı. Mən  səhnədən düşüb ona yaxınlaşaraq bir dəstə gül təqim etdim. Konsertdən sonra mənə dedilər ki, Heydər Əliyev səninlə görüşmək istəyir. Bizim görüşümüz 2 saat çəkdi".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun