Marsda yerləşən sirrli bir dərəni bir il ərzində araşdıran NASA-nın "Curiosity" aparatı yeni və maraqlı bir hədəfə doğru hərəkət etməyə başlayıb.
Milli.Az xəbər verir ki, kiçik bir avtomobil ölçüsündə olan robot laboratoriya "boxwork" adlanan qeyri-adi quruluşlara malik bir bölgəyə doğru irəliləyir.
Bölgənin strukturu uzun müddət əvvəl mövcud olan isti yeraltı suları səbəbilə kiçik mağara formalı dəliklərə malikdir. Ərazidə bir vaxtlar suyun olması, orada həyatın mümkünlüyünü gündəmə gətirir. Tədqiqatçılar bu bölgənin bir zamanlar təkhüceyrəli mikroorqanizmlərə ev sahibliyi edib-etmədiyini öyrənmək istəyirlər.
Roverlə maraqlanan alimlərdən Kirsten Sibax məsələ ilə bağlı belə deyib: "Erkən dünya mikrobları da oxşar mühitlərdə sağ qala bilirdi. Bu da buranı tədqiq etmək üçün həyəcanverici bir yerə çevirir".
NASA-nın "Curiosity" aparatı 2011-ci ildə başladığı missiya ərzində ümumilikdə 566.000.032 kilometr məsafə qət edib. Bunun 566 milyon kilometri kosmosda, qalan 32 kilometri isə Mars səthində baş verib.
Hazırda "Curiosity" Marsdakı Gediz vadisi adlı bölgəni araşdırır. Bu bölgədə aparatdan əzilən kiçik qayaların tərkibində saf kükürd kristalları aşkar edilib. Ümumilikdə kükürdün molozlarda rast gəlinməsi adi haldır, lakin saf kükürd tapılması çox nadir hadisədir.
Yer planetində saf kükürd adətən çox isti vulkanik qazlar və ya termal su mənbələri ilə əlaqələndirilir. Bunun digər mümkün əmələgəlmə yolu isə bakteriyalarla qarşılıqlı təsirdən yaranmasıdır, yəni həyatla bağlı ola bilər.
"Curiosity" missiyasının alimlərindən Abiqayl Freyman "Mashable"a verdiyi açıqlamada deyib: "Kəşfiyyat aparatının hazırda olduğu yerdə vulkanın yaxınlığında olduğumuzu düşünmürük. Bu səbəbdən bu qədər xüsusi bir tapıntıya rast gəlmək bizi təəccübləndirdi".
Aparatın növbəti araşdırma dayanacağı bir neçə ay davam edəcək. Lakin alimlər Şarp dağının ətəklərində yerləşən bu yeni bölgəni araşdırmaq üçün çox həvəslidirlər. Onlar bu ərazinin Marsın keçmişi ilə bağlı əhəmiyyətli ipucları verəcəyinə inanırlar.
Mars Reconnaissance Orbiter (MRO) peykindən əldə edilən görüntülərə əsasən, bu bölgə bir neçə kilometr uzanan və hörümçək toruna bənzəyən bir sıra formasyonlardan ibarətdir. Bu silsilələr arasındakı boşluqlar isə tünd rəngli qum ilə doludur.
Marsda bir-birinə bağlı silsilələr kimi görünən müxtəlif bölgələr mövcuddur, lakin bu strukturların hamısı eyni şəkildə əmələ gəlməyib. Məsələn, Marsın cənub qütbü yaxınlığında yerləşən və "İnka şəhəri" adlandırılan labirintvari bir formasiya var. Alimlər bunun bir meteor çarpışmasından sonra meydana gəldiyini düşünürlər. Çarpışma nəticəsində əmələ gələn çatlaqlar daha sonra qaynayan maqma ilə dolmuş ola bilər.
Şarp dağının ətəklərindəki delikli bölgə ilə bağlı tədqiqatlar isə başqa bir fərziyyəni gündəmə gətirir. Alimlər hesab edirlər ki, bu strukturlar, son su damlalarının səthdəki qaya çatlaqlarına sızaraq minerallarla dolması və bərkiməsi nəticəsində yaranıb. Zaman keçdikcə qayalar aşındıqda, çatlaqlarda sementləşərək bu minerallar dəlikli strukturları formalaşdırıb.
Milli.Az