Maraqlı

Altı xislətə görə altı zümrənin cəzası

19 Sentyabr 2022 23:40
Baxış: 409

İmam Əli (ə) bir hədisdə belə buyurmuşdur:

انَّ اللَّهَ يُعَذِّبُ سِتَةً بِسِتَةٍ:

Allah altı zümrəni altı əmələ (xislətə) görə cəzalandıracaq:
1. الْعَرَبَ بِالْعَصَبِيَّةِ - "Allah-Taala ərəbləri yersiz və haqq müqabilindəki təəssübkeşliklərinə görə cəzalandıracaqdır." Yersiz təəssübkeşlik insanın haqq-həqiqəti qəbul etməsinə və pərdə tək həqiqətlərin müşahidəsinə mane olur.

2. وَ الدَّهاقينَ بِالْكِبْرِ - "Allah-Taala kətxudaları təkəbbürlüklərinə görə cəzalandıracaqdır." "Dehqan" sözünün cəm forması olan "dəhaqin" sözü "xanlar" və "kətxudalar" (mülkədarlar) mənasını daşıyır və Allah-Taala onları qürur və təkəbbürlüklərinə görə cəhənnəm oduna atacaqdır. Bəzi kətxudalar o qədər öyünürlər ki, öz rəiyyəti ilə heyvan kimi davranır və onlara azacıq belə hörmət göstərmirlər!

3. وَ الْامَراءَ بِالْجَوْرِ - "Allah-Taala hakimləri öz camaatına rəva gördükləri zülm və haqsızlıqlara görə cəzalandıracaqdır."

4. وَ الْفُقَهاءَ بِالْحَسَدِ - "Allah-Taala fəqih və alimləri həsəd və paxıllıqlarına görə cəzalandıracaqdır." İlahi əzaba düçar olmağın amillərindən biri də həsəd və paxıllıqdır. Bu çirkin xislət fəqih və alimləri əzaba atacaq. Həsədə qapılmaqla başqalarının məqam və dərəcəsini aradan aparmaq istəyən alimlər ilahi əzaba düçar olacaqlar!

5. وَ التُّجَّارَ بِالْخيانَةِ - "Allah-Taala tacirləri camaatın mallarına xəyanət etdikləri üçün cəzalandıracaqdır." Əskik satmaq, aldatmaq, ehtikarlıq və bu kimi əməllər bir növ xəyanət sayılır.

6. وَ اهْلَ الرُّسْتاقِ بِالْجَهْلِ - "Allah-Taala kənd əhalisini də nadanlıqları və dini maarifdən məlumatsız qaldıqlarına görə cəzalandıracaqdır." Tədqiqat və sorğu-suala qüdrəti çatan, amma onun ardınca getməyərək nadanlıq içərisində qalanların nadanlıqları üzr sayılmayacaq və bu, onların əzabına səbəb olacaqdır. ("Biharul-ənvar", c.75, səh.59.)

Qeydlər

1. Şübhəsiz, qeyd edilən çirkin xislətlərə düçar olan şəxs göstərilən zümrələr sırasında olmasa da, Allahın əzabı ilə cazalandırılacaqdır; yəni paxıl insan alimlər sırasında olmasa da, cəzalanacaq. Necə ki, təkəbbürlü şəxs kətxuda olmasa da, Allahın əzabını dadacaqdır. Qalan xislətlər də bu qəbildəndir.

Buna əsasən, burada belə bir sual ortaya çıxır: "Nə üçün göstərilən xislətlər uyğun zümrəyə aid edilmişdir? Halbuki hər hansı bir şəxsin həmin xislətlərə düçar olması mümkündür.

Bunun cavabında deməliyik ki, hər bir zümrənin zəif bir cəhəti var ki, büdrədikdə, həmin zəif cəhət daha qabarıq görünür. Yuxarıdakı hədis, həqiqətdə, adıçəkilən altı zümrənin hər birinin zəif cəhətindən söz açır.

Yuxarıdakı hədis, həqiqətdə, altı zümrənin hər birinin zəif cəhətini aşılayır. Başqa sözlə, bəziləri bəzi günahlar müqabilində özlərini sığortalayırlar. Məsələn, heç vaxt qumar oynamır, şərab içmirlər. Amma bəzi günahlar müqabilində isə tamamilə büdrəyirlər. Qeyd etdiyimiz rəvayətdə ikinci qisimdən olan günahlardan söz açılır.

2. İnsanın bədbəxtliklərinin əsası hədisdə qeyd edilən altı xislətdir. Əgər cəmiyyət bu xislətlərdən uzaqlaşsa və bir gün təəssübkeşlik, təkəbbür, zülm və haqsızlıq, həsəd və paxıllıq, xəyanət və nadanlığın kökləri qırılsa, şübhəsiz, belə bir dünya behiştə çevriləcək. Həmin gün ümidi ilə!

Milli.Az

13,99%-dən 40 000 AZN-dək zaminsiz, komissiyasız KREDİT
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics