Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan xaricə 50,2 milyon ABŞ dolları dəyərində 71,4 min ton alma göndərilib. Bu, 2024-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 46 faiz, kəmiyyət olaraq - 35 faiz çoxdur.
Bu il son 14 ildə ilk dəfə olaraq Qvineya (22,3 min ABŞ dolları dəyərində 22,3 ton) və Liviyaya (220 min ABŞ dolları dəyərində 206 ton) tədarük həyata keçirilib.
Hesabat dövründə Rusiyaya 42,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 45 % çoxdur) 61,2 min ton (+39 %), Türkiyəyə 2,8 milyon ABŞ dolları dəyərində 2,8 min ton (1 il bundan əvvəl tədarük olmayıb), Birləşmiş Ərəb Əmirliklərinə 2,3 milyon ABŞ dolları dəyərində (+18 %) 2,4 min ton (-20 %), Qazaxıstana 1,2 milyon ABŞ dolları dəyərində (-10 %) 2,9 min ton (-11 %), Özbəkistana 733 min ABŞ dolları dəyərində (-46 %) 621 ton (-60 %) məhsul satılıb.
Milli.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
Azərbaycanın alma ixracı 14 ilin rekordunu qırdı: Yeni bazarlar, artan tələbat və fermerlər üçün dəstək
Dünyada ixrac payımız bir faizdir
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynovun sözlərinə görə, 2024-cü ildə ölkəmizdə 293 min tondan artıq alma istehsal olunub. Bunun təxminən 1/3 hissəsi xarici ölkələrə ixrac edilib, qalan məhsul isə daxili bazarda realizə olunub: "Hazırda dünya üzrə alma ixracında Azərbaycanın payı təxminən bir faizə yaxındır. Azərbaycan almasının əsas ixrac bazarı Rusiyadır. İxrac olunan almanın 87.2%-i Rusiyanın, 4,4%-i Qazaxıstanın, 3,9%-i BƏƏ-nin, 2,4%- i Özbəkistanın, 0,6%-i İraqın, 0.1%-i Belarusun, 1.4%-i isə digər ölkələrin payına düşür".
V.Hüseynov bildirdi ki, 2024-cü ilin məlumatlarına əsasən Azərbaycanda alma bağlarının sahəsi 26,3 min hektar olub: "Ümumi alma bağlarının 24.6 min hektarı və ya 93,5%-i bar verən yaşdadır. 2024-cü ildə cəmi alma bağlarının 56,6%-i ənənəvi, 41,4%-i intensiv, 1,9%-i isə superintensiv bağlar təşkil edib. 2024-cü ildə cəmi alma bağlarının 37,9%-i Quba, 18,3%-i Qusar, 8,8%-i Xaçmaz, 5,6%- i Gədəbəy, 3,9%-i Naxçıvan MR, 2,6%-i Qəbələ, 2,2%-i İsmayıllı, 2,0%-i Balakən, 1,9%-i Şabran və 1,6%-i Zaqatala rayonlarının payına düşüb".
Azərbaycanın alma ixracı 14 ilin rekordunu qırdı: Yeni bazarlar, artan tələbat və fermerlər üçün dəstək
"Fermerlərə 19 milyon manatdan çox subsidiya verilib"
Şöbə müdiri bildirdi ki, Azərbaycanda intensiv alma bağlarının salınması dövlət tərəfindən dəstəklənir: "2020-2024-cü illərdə ölkəmizdə salınan alma bağlarına görə fermerlərə 19 milyon manatdan çox subsidiya verilib. Hazırda müasir intensiv və superintensiv alma bağlarının salınmasına dövlət dəstəyi tədbirləri davam etdirilir. Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2025-ci il sentyabrın 1-dən 2026-cı il mayın 31-dək salınan alma bağlarının hər hektarına görə fermerlərə 11000 manat subsidiya veriləcək. Naxçıvan Muxtar Respublikasında salınacaq yeni alma bağlarına görə isə veriləcək subsidiya 21000 manat/hektar təşkil edir. Naxçıvan iqtisadi rayonunda dəniz səviyyəsindən 800-1100 metr aralığındakı hündürlükdəki ərazilərdə yerləşən bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə dirək sistemi (şpaler) ilə salınan, sahəsi azı iki hektar olan və bir hektara minimum 4000 ədəd sertifikatlı tingin əkildiyi super-intensiv alma bağlarına görə isə 32200 manat/hektar birdəfəlik dövlət dəstəyinin verilməsi qərarlaşdırılıb".
V.Hüseynovun fikrincə, müasir intensiv alma bağlarının salınmasına dövlət dəstəyinin genişləndirilməsi xarici bazarlara rəqabətə davamlı məhsul ixracını artırmağa imkan verir.
Azərbaycanın alma ixracı 14 ilin rekordunu qırdı: Yeni bazarlar, artan tələbat və fermerlər üçün dəstək
Artıq ərəb ölkələrini də alma ilə biz təmin edirik
Aqrar ekspert Eldar Hüseynovun sözlərinə görə, bu il Azərbaycanın alma ixracının artması təsadüfi deyil: "Dünyanın ən böyük alma ixracatçıları Belarus və Türkiyədir. Lakin bu il hər iki ölkədə kifayət qədər alma olmadı. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliklərini, Qətəri alma ilə Türkiyə təmin edirdi. İndi onlarda alma olmadığından Türkiyə iş adamları Azərbaycandan alma alıb o şəkildə ixrac edirlər. Yəni hazırda ərəb ölkələrinə çıxış əldə edirik. Lakin yenə də əsas ixrac bazarımız Rusiyadır. Rusiyaya yaşıl və sarı alma ixrac edirik. Son zamanlar qırmızı alma da ixrac etməyə başlamışıq".
Ekspertin fikrincə, fermerlərin əsas gəliri satışlardan və ixracdandır: "Sertifikatlarımız mövcuddur, qablaşdırmamız yaxşıdır. Lakin kiçik sahibkarlar alma ixrac edə bilmir. 2-3 hektar sahəsi olan sahibkarların buna imkanı yoxdur. Məcburdur 50-100 hektar alma bağı olan böyük sahibkarla ixrac etsinlər". Ekspert hesab edir ki, dekabrda almanın qiyməti yenidən qalxacaq. Sahibkarlar məhsulu yığıb soyuducu anbarlarda saxlayırlar ki, qiymətlər qalxanda daha çox qazanc əldə edə bilsinlər.
Azərbaycanın alma ixracı 14 ilin rekordunu qırdı: Yeni bazarlar, artan tələbat və fermerlər üçün dəstək
"Orta və kiçik tədarükçülər hər zaman çətinlik çəkirlər"
İqtisadçı Pərviz Heydərov da bildirdi ki, Azərbaycanda meyvəçiliklə məşğul olan fermerlərin xarici bazarlara çıxışı ilə bağlı hər zaman problem mövcud olub. Bu, gələcəkdə də davam edəcək: "Böyük sahibkarların çıxışı var. Amma orta və kiçik tədarükçülər hər zaman çətinlik çəkirlər. Çıxış imkanlarımızın məhdud olmasının bir səbəbi də yalnız bir bazara yönəlməyimizdir. Rusiya sanksiyalar altında olduğundan həmin bazar heç də əlverişli deyil. Amma məhsullarımızı təkcə Rusiyaya deyil, Şərq ölkələrinə, Avropaya çıxara bilərik. Bu da tədarükçülərə daha çox gəlir verərdi".
P.Heydərovun fikrincə, soyuducu anbarların olması ixrac problemini həll etmir. Çünki bazara çıxış imkanları əlverişli deyilsə, məhsul soyuducuda da məhv olur".
Milli.Az





