Mədəniyyət

Əfsanəvi Vladimir Vısotski: öz qanunları ilə yaşayan adam

25 Yanvar 2014 09:27
2 Şərh     Baxış: 3 526
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

O, bu dünyanın adamı deyildi

Özünü dərk edəndən bir fikir rahat buraxmırdı - zamanında gəlməmişdi dünyaya. Yaşadığı zamanla barışa bilməyən Vladimir Vısotski zamana öz sözünü deməyi bacardı. Deyə bilməyənlərin əvəzinə də dedi.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, dediklərinə görə milyonlarla insan onun pərəstişkarı oldu, onu sevdilər. Bu insan kütlələrinin sayı-hesabı yox idi. Əslində yazdıqlarında, oxuduqlarında həqiqətdən başqa qeyri-adi bir şey yox idi. Bir də qadağalara, yasaqlara baxmayaraq Vısotski cürəti, Vısotski iradəsi...

Yaradıcılığının hər addımı uğur, şəxsi həyatının hər addımı uğursuzluqla müşayiət olunurdu. Zamanından qisas alırdı. İçkiyə və narkotikə aludəçiliyi onu həyatdan ayırmağa tələsdirirdi. Daha doğrusu, Vısotski öz dünyasının sakini olmağa tələsirdi.

Azadlıq onun daxilində idi. Heç nə və heç kim bu azadlığın qarşısını ala bilməzdi. Məqsədli şəkildə tənqid atəşlərinə tutulmasının, xüsusi orqanlar tərəfindən daima nəzarətdə olmasının fərqinə varmırdı Vısotski. O, öz qanunları ilə yaşayırdı. Mövcud rejimdə, bu qadağalar burulğanında xanımı, aktrisa Marina Vladiylə evlənməyi isə ona qarşı təzyiq göstərənlərə ən qəzəbli cavabı idi. Həm də Vısotski yaxşı bilirdi ki, onun ilk lent yazılarına bağlı qapılar arxasında sovet çinovnikləri böyük həvəslə qulaq asırlar.

Vladimir Semyonoviç Vısotski 1938-ci il yanvarın 25-də Moskvada anadan olmuşdu. Onun uşaqlığı müharibə illərinə təsadüf edirdi. 1947-ci ildən 1949-cu ilə kimi atası və analığı ilə Almaniyada yaşamış, sonradan Moskvaya qayıtmış, müəllimlər evindəki dram dərnəyinə yazılmışdı. Vısotski Tikinti mühəndisləri institutuna daxil olsa da bu təhsil ocağını bitirməmiş tərk etmiş, Moskva Bədii Akademik teatrın nəzdindəki V.İ.Nemiroviç- Dançenko adına məktəb studiyasının aktyorluq şöbəsinə daxil olmuşdu. 1960-cı ildə oranı bitirmiş, A.S.Puşkin adına dram teatrında fəaliyyətə başlamışdı. 1964-cü ildən ömrünün sonuna qədər Moskva dram və komediya teatrında işləmişdi. "Qalileyin həyatı", "Hamlet", "Puqaçov", "Albalı bağı", "Cinayət və cəza" tamaşalarında baş rollarda məharətlə çıxış etmişdi.

Vladimir Vısotski kino yaradıcılığında da öz sözünü demiş aktyorlardan idi. "Qısa görüşlər", "Vertikal", "Tayqanın sahibi", "İki dost xidmət edirdi", "Yeganə yol", "Pis yaxşı adam", "Sannikov torpağı", "Çar Pyotrun Arapı evləndirməsi haqda nağıl", "Mister Mak-Kinlinin qaçışı", "Görüş yerini dəyişmək olmaz" filmlərində çəkilmişdi. 1987-ci ildə, ölümündən sonra ona "Görüş yerini dəyişmək olmaz" filmindəki roluna görə SSRİ Dövlət mükafatı verilmişdi.

Vladimir Vısotski yaradıcılığının gücü onda idi ki, o həm düşündürürdü, həm də əyləndirərək müsiqi zövqü bəxş edirdi. Repertuarının zənginliyindən asılı olmayaraq yaratdığı bütün əsərlərdə dərin hikmət və məntiq var idi. Bütün oxuduqlarının sonluğu isə eyni notla bitirdi - ədələt, haqsızlıqları törədənlərə sərt etiraz və haqqa çağırış. Bu çağırışın nəticəsi idi ki, Vısotskinin dinləyici auditoriyası təkcə SSRİ məkanı ilə məhdudlaşmırdı, Sovetlər birliyinin hüdudlarından çox-çox uzaqlarda da onu sevə-sevə dinləyidilər.

Cəmi 42 il yaşadı. Bu 42 ildə dillər əzbəri olan 800-dən artıq mahnının müəllifi oldu. Ölümü ilə həyatının bir çox sirlərini və müəmmalarını da özü ilə apardı. Onun vəfatı haqqında qəzetlərdə heç nekroloq da yazılmadı. Cəmisi bir-iki qəzetdə bir-iki cümlə ilə Vısotskinin vəfatı ilə bağlı məlumat verildi.

Vladimir Vısotskinin vəfatı elə bir dövrə təsadüf edirdi ki, həmin vaxt SSRİ olimpiada həyəcanını yaşayırdı. Təbii ki, belə bir dövrdə qapalı şəhər elan olunan Moskva şəhəri bütövlüklə sovet pejiminin nəzarəti altında idi. Ancaq bu nəzarət Vısotskinin dəfninə gələn on minlərlə insanın qarşısını ala bilmədi. Sadə insanlar, əfsanəvi müğənninin pərəstişkarları stadionların, idman komplekslərinin əvəzinə Vısotski ilə son görüşə tələsirdilər. Dəfn böyük bir mitinqi xatırladırdı. Dövlətin icazə vermədiyi, ancaq insanların könüllü axışdığı mitinqə.

İnsanlar onu son mənzilə göz yaşlarıyla və onun bəstələdiyi mahnılarla yola salırdılar. Ancaq bu dəfə Vladimir Vısotskinin ifasında yox, Vısotski sevgisini qəlblərində yaşadan minlərlə pərastişkarın ifasında.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.