Ölkə

Dolların təzyiqi artır - Tədbirli olmaq lazımdır

22 Noyabr 2017 15:58
6 Şərh     Baxış: 8 385
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qonşu ölkələrdə yenidən dolların milli valyutalara təzyiqinin artması müşahidə edilir. Bir sıra Qərb dövlətləri ilə münasibətləri pisləşən Türkiyədə artıq 1 dollar almaq üçün 4 lirəyə yaxın pul ödəmək lazımdır. Yalnız son 1 ay ərzində lirə dollara nisbətən 8 faizdən çox dəyər itirib. Rusiyada rubl hələlik dolların təzyiqlərinə davam gətirsə də, son 1 ayda rus pulunun kursu dollara nisbətən 4 faizə yaxın geriləyib. Digər qonşumuz, Gürcüstanda isə lari qeyd edilən dövrdə 3 faizə yaxın dəyərsizləşib.

Milli.Az xəbər verir ki, bunu tanınmış iqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri Vüqar Bayramov bildirib.

İqtisadçının sözlərinə görə, Türkiyə və Rusiyada milli valyutaların məzənnəsinin dəyişməsi manata birbaşa olmasa da dolayı təsir edir: "Söhbət həm iqtisadi və həm də psixoloji təsirlərdən gedir. Belə ki, bu ilin 9 ayında 1,07 milyard dollarlıq qeyri-neft ixracatımızın 223 milyon dolları Türkiyənin payına düşür. Türkiyə qeyri-neft ixracatımızda 336 milyon dollar paya malik olan Rusiyadan sonra ikincidir. Azərbaycanla Türkiyə arasında illik ticarət dövriyyəsi isə 2 milyard 315 milyon dollardır. Bu, ümumi ticarət dövriyyəmizin 13 faizindən çoxu deməkdir. Rusiya ilə ticarət dövriyyəmiz 2,05 milyard dollardır. Bu isə o deməkdir ki, sözügedən iki ölkə Azərbaycanın xarici ticarət dövriyyəsinin ¼-ni formalaşdırırlar. Bu isə kifayət qədər ciddi rəqəmdir".

Ekspertin fikrincə, qonşularımızda milli valyutaların dəyərsizləşməsi prosesi davam edərsə, bu həmin ölkələrlə qeyri-neft ixracatımıza da təsirsiz ötüşməyəcək: "Çünki həmin ölkələrdə idxal məhsullarının bahalaşması müşahidə ediləcək ki, bu da qeyri-neft məhsullarımızın sözügedən dövlətlərin bazarlarında rəqabət imkanlarını məhdudlaşdıra bilər".

V.Bayramov hesab edir ki, bütün bunlar fonunda öncədən də proqnozlaşdırdığımız kimi, dekabrda dollara tələbin artacağı gözlənilir: "Bu, dövlət və yerli müəssisələrin, eləcə də bankların xarici borc öhdəlikləri üçün cari maliyyə ilində son ayın olması, idxalın artması, bayramlarla bağlı olaraq xarici səfərlərin çoxalması, o cümlədən FED-in qərarı kimi xarici faktorlarla əlaqədardır. Buna görə də, qonşu ölkələrdə milli valyutalara olan təzyiq və dekabrda gözlənilən tələb artımı kontekstində Azərbaycan Mərkəzi Bankı növbəti aya indidən hazırlaşmalıdır".

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.