Ölkə

AİF prezidenti "Azercell"i tənqid etdi: "Ciddi əngəllər yaradıb"

17 Aprel 2017 16:11
0 Şərh     Baxış: 1 510

""Azercell"in mobil internet xidmətlərində bir neçə saatdır ki, ciddi problem yaranıb. Mobil internetlə əlaqəli olan xidmətlərin əldə edilməsində və bir sıra əməliyyatların aparılmasında da problemlər var. "Azercell"in öz saytının da fəaliyyətində problemlər müşahidə olunur. "Azercell" şirkəti bunu təkmilləşdirmə işlərinin aparılması ilə izah edib.

Adətən ciddi şirkətlər təkmilləşdrimə işlərinə qabaqcadan hazırlıqlar aparır. Qabaqcadan bu sahə ilə əlaqəli əməkdaşlara ciddi məlumatlar verilir. Bu tip işlər üçün adətən əməkdaşlar gecə növbəsində işə çağırılır və müvafiq təkmilləşdirmələr qeyri-iş saatlarında davam etdirilir. Bütün yenilənmə işlərini də ciddi şirkətlər bu qaydaya riayət etməklə aparırlar".

Milli.Az xəbər verir ki, bu barədə "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz bildirib.

Onun sözlərinə görə, milyonlarla müştərisi olan qurumun internet xidmətinin, xüsusilə də üzərində xeyli sayda xidmətlər fəaliyyət göstərən mobil internet xidmətinin kəsilməsi xoşagələn hal deyil: "Baş verənlər istifadəçilər və müştərilərin informasiya azadlığının və sahibkarlıq fəaliyyətinin gerçəkləşdirilməsində ciddi əngəllər yaradıb. Düşünürük ki, bütün bunlar milyonllarla müştərisi olan qurum üçün ciddi məsuliyyət yaradır.

Azərbaycan İnternet Formu olaraq düşünürük ki, "Azercell" baş verənlərlə bağlı istifadəçilərə doğru-dürüst məlumat verməsi, üzrxahlıq etməsi, bu cür halların təkrarlanması ilə bağlı açıqlamalar verməsi daha doğru yanaşma olardı. Eyni zmaanda baş verənlərin ölkənin informasiya təhlükəsizliyi ilə birbaşa bağlı olmasını da nəzərə alaraq, tənzimləyici qurum olan Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyini də baş verənlərlə bağlı rəsmi açıqlama verməsini vacib hesab edirik".

Qeyd edək ki, bu gün saat 12:00 - 14:15 radələrində "Azercell Telekom" MMC-nin telekommunikasiya şəbəkəsindən istifadə edən bəzi nömrələrdə internet xidmətinin istifadəsində çətinlik yaranıb. "Azercell Telekom"dan verilən məlumata görə, yaranmış halın aradan qaldırılması üçün təcili tədbirlər görülüb və qısa müddət ərzində bu istiqamətdə tam normal əsaslarla xidmət göstərilməsi təmin edilib.

Yusif Nəsirli

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.