Son vaxtlarda çoxmənzilli binalarda eyvanların cambalkonla bağlanılması hallarını tez-tez görürük. Cambalkonların kvadratının qiyməti, istifadə olunan materialların keyfiyyəti, profil və aksesuarların mənşəyi, şüşənin qalınlığı və layihənin mürəkkəbliyinə əsasən, ortalama 90-150 manat arası dəyişir.
Maraqlıdır, mənzillərə cambalkon quraşdırarkən hansı normativlər nəzərə alınmalıdır? Ümumiyyətlə, bu barədə qadağalar varmı?
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyir ki, bu məsələ müvafiq qaydalara əsasən tənzimlənir.
Ekspertin sözlərinə görə, vətəndaşların eyvanlara müəyyən müdaxilələrinə də rast gəlinir ki, bu da qanunsuz hesab olunur.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına Qarşı Təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovniki Emin Mehdiyev də bildirir ki, sözügedən məsələ yanğın təhlükəsizlik qaydaları ilə tənzimlənir.
Mövzu ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə də müraciət etdik. Bildirildi ki, "Yaşayış binaları. Layihələndirmə Normaları"nın tələblərinə uyğun olaraq hündürlüyü 10 mərtəbədən çox olan, 75 metrdən hündür olmamaq şərti ilə yaşayış binalarının eyvanlarında kombi sistemləri nəzərdə tutulduğu halda cambalkon və ya digər üsulla bağlanılması məqsədəuyğun hesab edilmir.
Daha ətraflı videomaterialı təqdim edir.
Milli.Az