Cəmiyyət

İmam Mehdinin (ə) nümayəndələri kim idi?

24 May 2016 23:15
3 Şərh     Baxış: 1 926
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dini ədəbiyyatda on ikinci İmam Həzrət Mehdinin (ə) qeybət dövrü, yəni insanlar¬dan gizli qaldığı müddət iki hissəyə bölünür. Kiçik qeybət dövrü hicri-qəməri 260-cı (miladi 874-cü) ildən hicri-qəməri 329-cu (miladi 941-ci) ilə kimi davam etmişdir. Bu müddətdə Həzrət Mehdi (ə) öz tərəfdarları ilə 4 nəfər naib (canişin) vasitəsilə əlaqə saxlayırdı. Naibləri İmam şəxsən dini-əxlaqi keyfiyyətlərinə əsasən seçir və onlara naiblik məsuliyyətini həvalə edirdi. Bir-birini əvəz edən bu naiblər İmamla şəxsən görüşür, müsəlmanların sual və istəklərini Ona təqdim edir, Onun yazılı və şifahi cavablarını müsəlmanlara çatdırırdılar. Dini ədəbiyyatda bu naibləri "nəvvabi-ərbəə" (dörd naib) və "süfərayi-ərbəə" (dörd səfir, elçi) də adlandırırlar.

Milli.Az islam.az-a istinadən bildirir ki, Həzrət İmam Mehdi (ə) atası on birinci imam Həsən Əsgərinin (ə) vəfatından dərhal sonra, hicri 260-cı (miladi 874-cü) ildə təqribən 5 yaşında qeybə çəkildi və Əbu Əmr Osman ibn Səidi özünün birinci naibi elan etdi. Osman ibn Səid əslən Bəni-Əsəd qəbiləsindən idi, Samirranın hərbçilər məhəlləsində yaşadığına görə "Əsgəri" ləqəbi ilə tanınırdı. Abbasi hökumətinin casuslarından gizlənmək məqsədilə yağ alveri ilə məşğul olurdu; buna görə də ona "səmman" (yağsatan) ləqəbi ilə müraciət edirdilər. Rəvayətə görə o, zəkat və xüms pullarını yağ küpələrinin içinə yığıb İmam üçün aparırmış. Osman ibn Səid hələ onuncu və on birinci imamların zamanında Əhli-beytin sadiq dostu kimi tanınırdı. Birinci naib fərqli rəvayətlərə görə hicri 260-267-ci (miladi 874-881-ci) illər arasında vəfat etmiş və Bağdadın qərb hissəsində dəfn olunmuşdur.

Onun vəfatından sonra oğlu Əbu Cəfər Mühəmməd ibn Osman İmam Mehdinin (ə) məktubu (tövqisi) ilə naibliyə təyin edildi. Mühəmməd ibn Osman fiqh mövzusunda "əl-Əşrəbə" adlı kitab yazmışdır. Bu kitab içilməsi halal və haram olan içkilərin hökmünü bəyan edirdi. Təəssüf ki, kitab günümüzə kimi gəlib-çatmamışdır. Mühəmməd ibn Osman sağlığında özü üçün qəbir qazdırmışdı; hər gün bu qəbrin içində uzanır və bir cüz Quran oxuyurdu. İmam Mehdinin (ə) hər il həcc mövsümündə iştirak etdiyini də o xəbər vermişdir. Mühəmməd ibn Osman hicri 305-ci ildə (miladi 917-918-ci illər) Bağdadda vəfat etmişdir.

Mühəmməd ibn Osmanın vəfatından sonra İmam Mehdinin (ə) göstərişi ilə Əbül-Qasim Hüseyn ibn Ruh Novbəxti naibliyə təyin edildi. Maraqlıdır ki, ikinci naib Mühəmməd ibn Osmanın ömrünün sonlarında Cəfər ibn Əhməd Qummi adlı bir nəfər böyük nüfuz qazanmışdı. Hətta Mühəmməd ibn Osman ömrünün axırlarında Cəfərin evindən gətirilən yeməkləri yeyir, mühüm tapşırıqlarını ona həvalə edirdi. Bir çoxları üçüncü naibin Cəfər ibn Əhməd olacağına inanırdılar. Mühəmməd ibn Osman ölüm yatağında ikən, Cəfər onun başının üstündə, Hüseyn ibn Ruh Novbəxti isə ayaq tərəfində durmuşdular. Lakin Mühəmməd Həzrət İmamın (ə) göstərişinə uyğun olaraq, öz canişini kimi Hüseyn ibn Ruhu elan etdi. Bu zaman Cəfər ibn Əhməd nəinki heç bir etiraz etmədi, hətta Hüseyn ibn Ruha yaxınlaıb əlindən tutdu və onu can verən Mühəm¬mədin başı üzərinə gətirdi, özü isə ayaq tərəfdə durdu.

Hüseyn ibn Ruh Novbəxti şəriət elmlərin¬də yüksək dərəcəyə sahib idi. Hətta məşhur cəfəri fəqihi Əli ibn Babiveyh (Şeyx Səduqun atası) onunla görüşmək üçün Qumdan Bağdada gəlmiş və ondan bəzi dini məsələləri soruşmuşdu. Hüseyn ibn Ruh Novbəxti 5 il Abbasilərin zindanında yatmış, həbsdən azad olduqdan sonra yenə öz vəzifəsini davam etdirmişdi. Hicri 326-cı ilin şəban ayında (miladi 938-ci il) Bağdadda vəfat etmiş və şəhərin qərb hissəsində torpağa tapşırılmışdır. Onun "Tədib" adlı əsəri şəriətin cəza hökmlərinə aiddir. Novbəxtinin müasiri olan şiə məzhəbli alimlər bu kitabı müzakirə edərək, onun tamamilə mötəbər olduğuna dair rəy vermişdilər.

İmam Mehdinin (ə) dördüncü naibi Əbül-Həsən Əli ibn Mühəmməd Səməri 3 il bu məsuliyyətli vəzifəni icra etmiş və hicri 329-cu (miladi 941-ci) ildə dünyasını dəyişərək Bağdadda dəfn olunmuşdur. İmamın göstərişi ilə özündən sonrakı canışını tanıtdırmamışdır. Həzrət İmam Mehdi (ə) dördüncü naibin ölümünə 6 gün qalmış göndərdiyi bir məktubda onun tezliklə vəfat edəcəyini, bununla da kiçik qeybət dövrünün sona çatıb böyük qeybət mərhələsinin başlanacağını bildirmiş və bundan sonra Onun xüsusi naibi olduğunu iddia edəcək hər kəsin yalançı sayıldığını elan etmişdi.

Dördüncü naibin vəfat etməsi ilə kiçik qeybət dövrü başa çatdı və böyük qeybət mərhələsi başlandı. Böyük qeybət dövründə İmam Mehdinin (ə) xüsusi təyin edilmiş naibləri yoxdur. Hər kəs naiblik iddiası ilə çıxış etsə, ona inanmağa vəzifəli deyilik. Bəzi inanılmış şəxslər Onunla görüşsələr də, bu görüşlər çox zaman gizli çaxlanılır, İmamı görənlər özlərini camaata aşkar şəkildə təqdim etmirlər. Böyük qeybət dövrü indi də davam edir və dünyanın sonuna az qalmış İmam Mehdinin (ə) zühuru ilə başa çatacaq. Böyük qeybət dövründə müctəhidlər İmamın vəzifəsini qismən əvəz edirlər; yəni şəriət hökmlərini mövcud mənbələr və sübutlar əsasında açıqlayırlar. Sıravi müsəlmanlar da şərıət hökmlərini onların vasitəsilə əldə edib öyrənirlər. İmam Mehdinin (ə) özü böyük qeybət dövründə müsəlmanlara bunu tövsiyə etmişdir: "Qarşıya çıxan hadisələrlə bağlı bizim hədislərimizi rəvayət edənlərə müraciət edin. Onlar mənim sizə hüccətimdir, mən isə Allahın onlara hüccətiyəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.