Texnologiya

Sahibə Qafarova: "Azərbaycan hakimiyyəti internetin əhali arasında daha geniş yayılmasında maraqlıdır"

9 Aprel 2014 17:48
Baxış: 730
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Azərbaycan hakimiyyəti internetin əhali arasında daha geniş yayılmasında maraqlıdır və vətəndaşların internetdən daha rahat istifadəsi üçün konseptual dövlət siyasəti həyata keçirir".

Trend-in məlumatına görə, bu fikirləri Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yaz plenar sessiyasının üçüncü iş günündə Assambleyanın üzvləri Jaana PelkonenJordi Xucla tərəfindən hazırlanan "İnternetə çıxış hüququ" adlı hesabatla bağlı müzakirələrdə Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Sahibə Qafarova deyib.

Millət vəkili çıxışında qeyd edib ki, informasiya-kommunikasiya texnologiyalarının inkişafı, internetə azad çıxışın təmin olunması müasir demokratik cəmiyyətin əsas məqsədlərindən biridir. Müasir cəmiyyəti internetsiz, informasiyasız təsəvvür etmək mümkün deyil: "Son 10 ildə Azərbaycanda internet resursları sürətli inkişaf yolu keçib və ölkəmizdə internetə çıxışa və ondan istifadəyə heç bir məhdudiyyət qoyulmur".

O qeyd edib ki, Azərbaycan hakimiyyəti internetin əhali arasında daha geniş yayılmasında maraqlıdır və vətəndaşların internetdən daha rahat istifadəsi üçün konseptual dövlət siyasəti həyata keçirir. Hətta ucqar kəndlərin genişzolaqlı internetlə təmin edilməsi məqsədi ilə ardıcıl tədbirlər görülür: "Buna görədir ki, Azərbaycanda internet istifadəçilərinin sayı 65%-i ötüb, ölkə post-sovet məkanında 3G, 4G tətbiq edən ilk dövlətlər sırasındadır. Əhali arasında, həmçinin mobil telefonlarla internetə qoşulmaq da böyük populyarlıq qazanıb".

S.Qafarova xatırladıb ki, 2013-cü il ölkədə "İKT ili" elan olunub: "Artıq Azərbaycanda elektron demokratiya formalaşıb və onun bilavasitə təminatçısı ölkənin Prezidenti cənab İlham Əliyevdir. Ölkədə "Elektron hökumət"in qurulması, "ASAN xidmət"in yaradılması və sürətlə genişləndirilməsi, dövlət qurumlarının və məmurların sosial şəbəkələrdə fəallığının artırılması, onların vaxtaşırı Prezidentin Facebook səhifəsi vasitəsilə vətəndaşların suallarını cavablandırması və aparılan digər işlər bu iradənin bariz göstəriciləridir".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.