Sərgilər

Bakıda Beynəlxalq Su texnologiyaları sərgisi keçiriləcək

9 Aprel 2014 12:22
Baxış: 987
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
10-12 aprel 2014-cü il tarixlərində Bakı Ekspo Mərkəzində 2-ci Xəzər Beynəlxalq Su texnologiyaları (CATEC 2014) sərgisi keçiriləcək. CATEC 2014 sərgisi Xəzəryanı regionda su texnologiyaları üzrə nailiyyətlərin nümayiş etdirildiyi yeganə ixtisaslaşdırılmış tədbirdir və Azərbaycanın milli su operatoru - "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin təşəbbüsü və rəsmi dəstəyi ilə təşkil olunur. Sərginin təşkilatçısı qismində isə "Iteca Caspian" MMC çıxış edir.

Milli.Az xəbər verir ki, Azərbaycanda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması, içməli və çirkab sutəmizləyici qurğuların layihələndirilməsi və tikintisi üzrə irimiqyaslı layihələrin həyata keçirildiyi bir vaxtda su texnologiyalarına həsr olunmuş sərgi və konfransın təşkil edilməsi olduqca aktualdır. Belə ki, sərgidə bu sahə ilə bağlı müasir nailiyyətlər, texnologiyalar, eləcə də sənayedə tətbiq olunan və onun modernləşdirilməsinə kömək edən innovativ ideyalar nümayiş etdiriləcəkdir.

Bu il CATEC 2014 sərgisində ziyarətçilərin diqqətinə içməli su təchizatında istifadə olunan avadanlıqlar, tullantı sularının toplanması, nəqli və təmizlənməsi, yağış sularının idarəedilməsi sistemləri, eləcə də mikrotunel tikintisi, suyun kimyəvi analizinin aparılması üçün avadanlıqlar, tənzimləmə texnologiyaları, borular, nasos sistemləri, hidrantlar, tikinti texnikası və avadanlıqları, geotermal texnologiyalar, su təchizatı və kanalizasiya sahəsində tətbiq olunan digər yeniliklər təqdim ediləcəkdir.

CATEC 2014 sərgisində 24 ölkədən öz məhsul və xidmətlərini təqdim edən 79 şirkət iştirak edir. Onların arasında Azərbaycan, Avstriya, Almaniya, ABŞ, Kanada, Türkiyə, İsrail, Rusiya, Belarus, Litva, Fransa, Macarıstan, Danimarka, İsveçrə, İtaliya və digər ölkələrin aparıcı texnologiya şirkətləri və təchizatçıları, habelə ekologiya və tikinti şirkətləri var. Yerli iştirakçılar isə bu sahənin aparıcı şirkətlərindən ibarətdir: "Azərsu" ASC, "Akkord", Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Azertexnolayn MMC, "Grand Motors" MMC, Gəncə Cihazqayırma zavodu, Omicron MMC, Unipark MMC, Sumqayıt Texnologiyalar Parkı və digər müəssisə və təşkilatlar.

Sərgi iştirakçılarının yarıdan çoxunu xarici şirkətlər təşkil edir və onların arasında "ABB" (İsveçrə), "Amiad Water Systems" (İsrail), "AVK" (Danimarka), "Culligan" (ABŞ), "Elektromed" (Türkiyə), "Erkon" (Türkiyə), "Flotenk" (Rusiya), "GEA Westfalia" (Almaniya), "Greenworks" (Litva), "Grundfos" (Danimarka), "Krohne Anlagen" (Almaniya), HALLA (Koreya), "Hungarian Water Cluster" (Macarıstan), "KWI International" (Avstriya), "Nirosoft" (İsrail), "Sampro Canada" (Kanada), "Sulzer" (İsveçrə), "Turan Makina" (Türkiyə), "Valvotubi Ind" (İtaliya), "Kommunalnik zavodu" (Belarus) və digər şirkətlərin adları vardır.

CATEC 2014 sərgisi ilə yanaşı, 11 aprel tarixində "JW Marriott Absheron Baku" otelində 2-ci Xəzər Beynəlxalq Su texnologiyaları konfransı da keçiriləcəkdir. Konfransda infrastrukturun bu sahəsinin aktual problemlərinə həsr olunmuş müzakirələr və alt panellər təşkil olunacaq, maraqlı mühazirələr oxunacaqdır. 2-ci Xəzər Beynəlxalq Su texnologiyaları konfransı Azərbaycanın milli su operatoru - "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin rəsmi dəstəyi ilə təşkil olunacaqdır. Konfransda aşağıdakı mövzular ətrafında məruzələr dinləniləcək və müzakirələr aparılacaq:

- Su ehtiyatlarından inteqrasiyalı istifadə. Ekoloji-iqtisadi qiymətləndirmələr;
- Beynəlxalq Su Ehtiyatları Assosiasiyasının (İWRA) xüsusi sessiyası "Su təchizatı və suyun keyfiyyəti: insan inkişafında məhdudiyyətlər və imkanlar"
- İçməli su emalında innovativ texnologiyalar
- Su təchizatı, tullantı və yağış suları şəbəkələrinin səmərəli idarəetmə metodları; GİS texnologiyalar
- Yaşıl planet. Tullantı suların təmizlənməsi və təkrar istifadəsi

Konfransda dövlət strukturları, sənaye və mənzil-kommunal təsərrüfatının nümayəndələri, milli ekspertlər, iri sənaye müəssisələrinin rəhbərləri və ekoloqları, eko-texnologiyaları və eko-xidmətləri təchiz edən müəssisələrin nümayəndələri, ixtisaslaşdırılmış elmi-tədqiqat və layihə institutları, habelə birliklər və qeyri-hökumət təşkilatlarının 400-dən çox nümayəndəsinin iştirakı gözlənilir.

Konfransın proqramı barədə daha ətraflı məlumatları sərginin rəsmi veb-səhifəsindən (www.catec.az) əldə etmək mümkündür.

CATEC 2014 sərgisinin məqsədi su təchizatı, kanalizasiya və yağış suları sistemlərinin idarə edilməsi, tullantı sularının təmizlənməsi, habelə boru kəməri mühəndisliyi sahələrində ən yeni texnologiyaların tətbiqinə, beynəlxalq əməkdaşlığın inkişafına və təcrübə mübadiləsinə şərait yaratmaqdır. Sərgi tərəfdaş şirkətlərin siyahısını genişləndirmək və uzunmüddətli işgüzar əlaqələr qurmaq baxımından iştirakçılar üçün əla fürsətdir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.