Mədəniyyət

"Səməndər, cavan uşaqları korlama" - FOTO

19 Noyabr 2014 00:45
0 Şərh     Baxış: 4 418
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

və ya Rusiya kinematoqrafçılarını qabaqlayan bizim "Kreyser sonatası" haqda nisgilli söhbət


"Hərəkətli fotoqrafiya" adlandırılan kino sənəti vizuallığını müstəqim və ya məcazi mənada danışdıran söz sənəti ilə yarandığı gündən bəri sıx əlaqədə olub. İlk vaxtlar bu əlaqə sadə epizodların süjetlərinin məzmununda özünü göstərirdisə, sonrakı dövrdə geniş süjetli ssenarilər yazılmaqla yanaşı, ədəbi əsərlərə ekran həyatı vermək təcrübəsi də kinematoqrafiyanın ayrılmaz inkişaf xəttinə çevrildi. Və "ekranlaşdırma" adlı yeni yaradıcılıq təzahürü öz hüquqlarını bərqərar etdi.
 

Ekranlaşdırma - kino vasitələri ilə digər incəsənət növünə, əksər hallarda ədəbiyyata aid əsərlərin interpretasiyasıdır. Ədəbi əsərlər kinonun yarandığı ilk dövrlərdən ekran obrazlarının özəyini təşkil etməkdədir. Kino tarixində ilk ekranlaşdırmalar Svift, Defo, Hötenin əsərlərinin bəxtinə düşüb. Ekranlaşdırma zamanı ədəbi əsərin sırf illüstrasiyalaşdırılması, onun hərfi tərzdə oxunuşu ilə böyük bədii müstəqilliyə varmaq arasındakı təzad problem olaraq qalmaqdadır. Ekranlaşdırma zamanı rejissor ikinci dərəcəli süjet xətlərindən, detallardan və epizodik qəhrəmanlardan imtina edə və ya əksinə, orijinalda olmayan, lakin rejissorun fikrincə, əsərin başlıca ideyasını kinematoqrafın vasitələri ilə daha yaxşı çatdıra bilən epizodları ssenariyə əlavə edə bilər. Ekranlaşdırmanın ideyası əsərin orijinalı ilə polemikaya da girə bilər. Bir sözlə, hər şey rejissorun istedad və bacarığından asılıdır.
 

Böyük kinomuzda və televiziyamızda ekranlaşdırma nümunələrinin adlarının, demək olar ki, hamısı öz şair və yazıçılarımızın poema, roman, povest və hekayələrinin adlarından ibarətdir. Bunların arasında paralel olaraq həm ədəbi, həm də kino təzahür və hadisəsi olanları var. Məsələn, Cəlil Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları" povestinin ("Qəm pəncərəsi", quruluşçu rejissor Anar), İsmayıl Şıxlının "Dəli Kür" romanının (qur. rej. Hüseyn Seyidzadə), İlyas Əfəndiyevin "Yun şal" hekayəsinin (qur. rej. Rauf Kazımovski), "Sarıköynəklə Valehin nağılı" ("Bircəciyim", qur. rej. Ənvər Əbluc), Fərman Kərimzadənin "Qarlı aşırım" ("Axırıncı aşırım", qur. rej. Kamil Rüstəmbəyov), Mehdi Hüseynin "Səhər" (qur. rej. Ağarza Quliyev), Mirzə İbrahimovun "Böyük dayaq" (qur. rej. Həbib İsmayılov) romanlarının, Süleyman Sani Axundovun "Qaraca qız" hekayəsinin (qur. rej. Şamil Mahmudbəyov), Süleyman Rəhimovun "Mehman" ("Qanun naminə", qur. rej. Muxtar Dadaşov), Bayram Bayramovun "Mən ki gözəl deyildim" povestinin (qur. rej. Tofiq Tağızadə, Ağarza Quliyev, Ramiz Əsgərov), "Bəlalı sevgi" romanının ("Onun bəlalı sevgisi" qur. rej. Ziyafət Abbasov), İsa Hüseynovun "Tütək səsi" və "Saz" povestlərinin ("Tütək səsi", qur. rej. Rasim Ocaqov), "Məhşər" romanının ("Nəsimi", qur. rej. Həsən Seyidbəyli), Səməd Vurğunun "Komsomol" poemasının ("Yeddi oğul istərəm", qur. rej. Tofiq Tağızadə), Anarın "Gürcü familiyası", "Dantenin yubileyi", "Ötən ilin son gecəsi" hekayələrinin ("Gün keçdi", qur. rej. Arif Babayev, "Dantenin yubileyi" və "Ötən ilin son gecəsi", Gülbəniz Əzimzadə), "Beşmərtəbəli evin altıncı mərtəbəsi" romanının ("Təhminə", qur. rej. Rasim Ocaqov), Yusif Səmədoğlunun "Qətl günü" romanının (qur. rej. Gülbəniz Əzimzadə), Elçinin "Bir görüşün tarixçəsi" ("Gümüşü furqon", qur. rej. Oqtay Mir-Qasım), "Toyuğun diri qalması" hekayələrinin ("Sahilsiz gecə", qur. rej. Şahmar Ələkbərov), "Dolça" povestinin ("Bağ mövsümü", qur. rej. Tofiq Tağızadə), Əkrəm Əylislinin "Tənha nar ağacı" povestinin ("Tənha narın nağılı", qur. rej. Şamil Mahmudbəyov, Həsənağa Turabov) ekranlaşdırma işləri ilə yanaşı, Həsən Seyidbəylinin, İmran Qasımovun, Rüstəm İbrahimbəyovun qələmindən çıxan və eyni zamanda həm dəyərli ədəbiyyat nümunəsi, həm də kino yaradıcılığı üçün münbit material olan "Onun böyük ürəyi", "Uzaq sahillərdə", "Bizim küçə", "İnsan məskən salır", "Telefonçu qız", "Bir cənub şəhərində", "Ad günü", "İşgüzar səfər", "Əlvida, cənub şəhəri" kimi ekran əsərləri də var.
 

İstər böyük kinoda, istərsə də televiziyada rejissorlarımızın bədii film janrında çəkdikləri kinolentlər arasında dünya klassiklərinin əsərlərinin ekranlaşdırma versiyaları, demək olar ki, olmasa da, televiziyamızın teleteatr məkanında belə quruluşlar az da olsa, var. Lev Tolstoyun "Kreyser sonatası" povestinin (qur.rej. Azər Zamanlı), Konstantin Paustovskinin "Qar" və "Qoca aşpaz" hekayələrinin (qur. rej. Arif Babayev), Osvaldo Draqunun "İtə çevrilən adam" hekayəsinin ("Zəncirlənmiş adam", qur. rej. Kamil Rüstəmbəyov) kimi gözəl ekranlaşdırma və ya belə demək mümkünsə, teleziyalaşdırma nümunələri mövcuddur.
 

Həbsxana həyatı görmüş rejissor
 

Ümumiyyətlə, Azərbaycan Televiziyasının teleteatr səhifəsini mübaliğəsiz qürur mənbəyi hesab edə bilərik. Bu xüsusda "Teletamaşalar" rubrikasında daha ətraflı bəhs etmişik. Budəfəki mövzumuzun qayəsi ekran həyatı qazanan ədəbi əsərlər olduğundan belə nümunələrdən biri haqqında - 1984-cü ildə Azərbaycan Televiziyasında istehsal olunmuş "Kreyser sonatası" tamaşası haqqında danışacağıq. Tamaşanın quruluşçu rejissoru Azər Zamanlını çox soraqlaşsaq da, tapa bilmədik. Telehəmkarlarından bəziləri onun həyatda olmadığını, bəziləri Türkiyəyə köçdüyünü və orada təsviri incəsənətlə məşğul olduğunu dedilər. Rejissorun Azərbaycan Televiziyasında quruluş verdiyi üç tamaşadan heç biri arxivdə qalmayıb.
 

"Kreyser sonatası" tamaşasında Pozdnışevi Səməndər Rzayev (1945-1986), xanım Pozdnışevanı xalq artisti, Dövlət mükafatı laureatı Səfurə İbrahimova, Truxaçevskini xalq artisti Ramiz Novruz, Cənabı əməkdar artist Hamlet Xanızadə, Vaqondakı Qadını xalq artisti Əminə Yusifqızı, Vəkili Şahmar Ələkbərov canlandırıblar.
 

Tamaşanın ədəbi materialı olan L.Tolstoyun "Kreyser sonatası" povestinin tərcüməçisi və səhnələşdirəni, "Qızıl qələm" mükafatı laureatı, radio və televiziya yaradıcılığında öz imzası olan hacı Rafiq Savalan və Ramiz Novruz tamaşanın ərsəyə gəlməsi ilə bağlı xatirə və təəssüratlarını Milli.Az-a danışdılar.
 

Hacı Rafiq Savalan:
 

- 80-ci illərin əvvəllərində məni "Yazıçı" nəşriyyatına dəvət edib dedilər ki, Tolstoyun 14 cildliyi azərbaycanca nəşrə hazırlanır, ona görə bu vaxta qədər tərcümə edilməmiş əsərləri də daxil olmaqla yeni tərcümə prosesi başlanır. Mənim də bəxtimə Tolstoyun məhz o vaxta qədər tərcümə edilməmiş əsərləri düşdü, o cümlədən "Kreyser sonatası" povesti. Həmin tərcümələr nəşr olundu, bir müddət keçdi, bizim telestudiyada Azər Zamanlı adlı bir rejissor var idi, o, həm də rəssamdı, artıq təqaüdə çıxıb, ancaq rəssamlıqla məşğuldu. Onunla birlikdə həbsxana həyatı da görmüşük - 90-cı ilin yanvarında telestudiya partladılanda Vasif Babayev, Azər Zamanlı, bir də məni həbs etmişdilər. Bu tamaşa ərsəyə gələnə qədər Azər yalnız verilişlər hazırlayırdı, özünün dəst-xətti olan rejissor idi. Bir dəfə söhbət eləyəndə dedi ki, tamaşa hazırlamaq istəyirəm. Özünə təklif etdim, AzTv-nin baş rejissoru Bünyad Məmmədov və baş redaktor Nahid Hacızadə ilə razılaşdırdım ki, "Kreyser sonatası"nın teletamaşasını hazırlasın. Azər böyük həvəslə işə başladı. Həm də tamaşanın rəssamı idi, hətta rejissura baxımından bu tamaşada bir neçə yeniliklər də elədi. Ona görə tamaşa yaxşı alındı...
 

Elə bu anda Rafiq müəllimin həmkarlarından biri, rejissor Elxan Məsumov söhbətə qoşularaq əlavə edir:
 

- Yaxşı yox, əla alınmışdı. Bu tamaşa Tolstoy ruhunu dəqiq çatdırmışdı. Bu isə çox vacib cəhətdir. Ümumiyyətlə, o vaxtlar televiziya teatrı güclü inkişaf eləmişdi. Bizim fondda Tolstoydan başqa, digər klassiklərin əsərləri əsasında hazırlanmış tamaşalar da var. Onlar xarici ədiblərin əsərləri olsalar da, klassika elə klassikadır və aktyor, rejissor məktəbinin inkişafı üçün klassikadan yaxşı zəmin ola bilməz.
 

R.Savalan:
 

- Radio-televiziya dili ədəbi dilin danışıq dilidir, özünün şirinliyi ilə fərqlənir. Anar, Fikrət Qoca, Ələkbər Salahzadə kimi bu sahədə çalışanların tərcümələrində bu cəhət hiss olunur, ona görə başqa dildən tərcümə edilmiş əsərlərin səhnə və ya ekran quruluşlarının tamaşaçıları arasında müəllifin kimliyindən xəbərsiz olanlar əsərin orijinal Azərbaycan ədəbi nümunəsi olduğunu zənn edirlər.
 

- "Kreyser sonatası"nda aktyorların seçimi necə baş vermişdi? Personajların ifaçıları əvvəldən nəzərdə tutulmuşdu, yoxsa seçim aparıldı?
 

- Mən ancaq Səməndər Rzayevi təklif etmişdim. Onun işləri çox olduğundan məşqlərə bir az gecikirdi. Amma o, elə güclü aktyor idi ki, heç məşq eləməsəydi də olardı. Sənətkarlığından əlavə, tam mənada ziyalı idi. Tolstoyu və başqa ədibləri başdan-ayağa oxumuş, mənimsəmiş azsaylı aktyorlardan idi.
 

Çar, şah və sovet rejiminin qadağalarının fəsadları
 

Xalq artisti Ramiz Novruz:
 

- Mənim o tamaşadakı rolum o qədər də böyük deyil...
 

- Amma həlledici rola malik personajdır...
 

- Bəli, hadisələrin inkişafına təsir edən personajdır.
 

- Ona qədər həmin əsərlə tanışlığınız var idi?
 

- Tolstoyun yaradıcılığı ilə tanışlığım var idi - "Anna Karenina"nı oxumuşdum, "Hərb və sülh"ü axıra qədər oxumasam da, xeyli hissəsini mütaliə etmişdim, "Qafqaz əsiri"ni oxumuşdum, amma bu əsərlə tanış deyildim.
 

- Bu tamaşaya cəlb olunmağınız necə baş verdi?
 

- Rejissorun özü çox maraqlı insan idi. Mən çox təəssüf edirəm ki, niyə o boyda istedadı olan rejissor Azərbaycan televiziya məkanında kölgədə qalmışdı. Son dərəcə istedadlı rejissor idi. Bu tamaşadan sonra tanışlığımız dostluğa çevrilmişdi. Teatrdakı rollarıma baxırdı, fikirlərini bildirirdi və mənə onun fikirləri çox maraqlı idi. "Kreyser sonatası" tamaşasından sonra biz onunla daha bir tamaşa hazırladıq - Səməd Behrənginin "Balaca qara balıq" hekayəsi əsasında. Təəssüf ki, AzTv-nin o vaxtkı rəhbərliyinin mövqesizliyi, o rəhbərliyin yanında olan bəzi qeyri-peşəkar adamların olması ucbatından bu tamaşa qəbul olunmadı, efirə buraxılması yubadıldı, mono-tamaşa olmasına, ideyasına yersiz iradlar bildirdilər, hətta radio tamaşası adlandıranlar da tapıldı. Halbuki Avropada çox yüksək qiymətləndirilən, klassikaya çevrilmiş nəsr əsərlərindən olan bu hekayənin mövzusuna Azərin yanaşması da dəqiq və qeyri-standart idi. Yaxşı ki, YouTube-da var o tamaşa.
 

"Kreyser sonatası"na gəldikdə isə, əlbəttə, bu rolu mənə təklif edəndə çox sevinmişdim, çünki nə az, nə çox - Səməndər Rzayevlə, Səfurə xanım kimi böyük aktrisa ilə tərəf-müqabili olacaqdım. Gənc aktyor üçün belə tərəf-müqabillərlə iş prosesinə başlamaq bayram idi. Belə aktyorlarla tərəf-müqabili olmağı hər bir gənc aktyor həsrətlə arzulayır.
 

- Ona qədər bu aktyorlarla teatrda tərəf-müqabili olmuşdunuz?
 

- Bəli, olmuşdum. Səməndərlə "Fəryad" və "Közərən ocaqlar" tamaşalarında, Səfurə xanımla isə "Atabəylər", "İblis" və "Közərən ocaqlar" tamaşalarında tərəf-müqabili olmuşduq. Səfurə xanım mənim ən sevimli aktrisalarımdandır, Akademik Milli Dram Teatrının simasını özündə ifadə edən sənətkarlardandır.
 

"Kreyser sonatası"ndakı rolum həcmcə çox da böyük olmasa da, dediyiniz kimi, hadisələrin inkişafında həlledici rol oynayan personajdır. Yəni hadisələr bu obrazın üstündə gərginləşməyə başlayır. O mənada vacib rol idi. Bu tamaşadan əvvəl mən yalnız "Ortabab amerikalı qadın" tamaşasında kiçik bir rolda görünmüşdüm. Həzi Aslanov ("Sizi dünyalar qədər sevirdim" filmində - red.) roluna təsdiqlənməyim isə artıq "Kreyser sonatası"ndan sonra baş tutdu. Demək istəyirəm ki, Azər Zamanlı kino və ya televiziyada o qədər də tanınmayan aktyorları tamaşalarına dəvət etməkdən çəkinmirdi. Bu da onun üstün cəhətlərindən biri idi. Məni də o vaxt, dediyim kimi, geniş tamaşaçı kütləsi o qədər də tanımırdı. Əlbəttə, o dövrdə teatr atmosferi güclü idi, teatr ictimaiyyəti arasında artıq tanınırdım. Əslində "Kreyser sonatası" tamaşasından böyük həzzi, məşq, çəkiliş prosesi öz yerində, ona ekranda baxanda aldım.
 

- Bu tamaşada Tolstoya müdaxilə edilməyib. Görünür, bu, rejissorun iş prinsipidir, elədi?
 

- Bəli. Azər Zamanlı heç bir tamaşasında əsərin orijinalına müdaxilə etməyib. Elə rejissorlar olur ki, müəllifin yazdığı hansısa ifadənin yükünü başa düşməyəndə o yerini kəsib atmağa üstünlük verirlər. Amma Azər belələrindən deyildi. Mütləq özü başa düşməli və mütləq aktyordan tələb olunanı almalı idi. Bir də görürdün ki, gecənin bir aləmində zəng edib filan kəlmənin niyə məhz filan yerdə işləndiyini, ya da filan personajın niyə məhz filan səhnədə filan ifadəni dediyini anladığını bildirirdi. Hər bir əsərə verdiyi quruluşu tam doğrultmalı idi. Bu da əsl rejissora xas olan keyfiyyətdir.
 

- Gənc aktyor kimi hansısa çətinlikləriniz oldu?
 

- Elə ən böyük çətinlik Səməndər kimi aktyorla tərəf-müqabili olmaq idi. Adam onun üzünə baxanda özünü itirirdi. Çəkilişlərdə onun zarafatcıllığını birbaşa öz üzərimdə hiss etdim. Bir gün gərginlik keçirdiyimi, sıxıldığımı, həyəcanlandığımı hiss edib mənim ifa etdiyim obraza musiqiçilərin dilində verməli olduğu sualı təkrarlanması mümkün olmayan şəkildə, həm də özünəməxsus deyiliş tərzi ilə verdi. Bunu eşidəndə əvvəl çaşdım, qulaqlarıma inanmadım. Rejissor pultunda oturanlar da gülməyə başladılar, kimsə dedi ki, Səməndər, cavan uşaqları korlama. Sonra Səməndər əlini çiynimə qoyub, o da əlini adamın çiyninə qoyanda adama elə gəlirdi ki, 2-3 kilodur, dedi ki, özüm belə elədim ki, bir az sərbəstləşəsən, gördüm, çox həyəcanlısan, darıxma, hər şey yaxşı olacaq.

Səfurə xanımla olan həzin səhnələrimiz də maraqlı keçdi.
 

- Bildiyimə görə, Azər Zamanlı bu tamaşada rejissura baxımından bəzi yeniliklər eləmişdi...
 

- Azər Zamanlı bu tamaşada da, ondan əvvəl Ekzüperinin əsəri əsasında hazırladığı tamaşada da, "Balaca qara balıq" tamaşasında da yeniliklər, tapıntılar eləmişdi. Ondan da əvvəl Bakı kəndlərində bir tədbir hazırlayıb, lentə alıb, onunla bütün Avropanı gəzmişdi, hətta mötəbər yerlər tutmuşdu. Son dərəcə istedadlı, yüksək zövqlü, azad fikirli adamdı. Təəssüf ki, sovet psixologiyasının qalıqlarının iradları onun yolunu kəsirdi. Belə qalıqlar axı şablonlardan, standartlardan kənara çıxmaq istəmirlər, azad fikirli adamları isə xoşlamırlar. Ən pisi də odur ki, belələri həmin o düşünməyi bacaran, hər nəsnə barədə öz fikri olanlara məsləhətlər verməkdən çəkinmirlər. Sonuncu dəfə Azər Zamanlını iki il əvvəl Kitab pasajındakı rəssamların toplaşdığı yerdə gördüm. Daha doğrusu, mən onu dərhal görmədim. Keçəndə hiss elədim ki, arxadan kiminsə baxışları mənə sancılıb - çox güclü enerjisi olan adamdı. Dönüb baxanda gördüm ki, Azər dayanıb mənə baxır. Amma həm də mənə elə gəldi ki, orada olduğunu bildirmək istəmirdi. Təbii ki, yaxınlaşıb görüşdüm, dedi ki, bir neçə rəsmini gətirib qoyub ora ki, satılsın. Ondan əvvəl də xeyli fasilədən sonra görmüşdüm onu. Onda yenicə çıxmışdı AzTv-dən, ovqatında bir az küskünlük hiss olunurdu, amma iki il əvvəlki görüşümüzdə ovqatı da normal görünürdü, fiziki durumu da.
 

"Kreyser sonatası" 1890-cı ildə işıq üzü görüb. Povestin adı L.V. Bethovenin fransız skripkaçı, dirijor və bəstəkar Rodolf Kreyserə həsr etdiyi, amma onun heç vaxt ifa etmədiyi eyniadlı sonatanın adından götürülüb. Əsər nəşr olunduğu dövrdə senzuranın kəskin təqibi ilə üzləşsə də, hətta elə həmin il Amerika poçtu povestin dərc olunduğu qəzetin yayımına qadağa qoysa da, böyük çətinliklərdən sonra əsər geniş oxucu kütləsinin diqqətini qazana bilib. "Kreyser sonatası" Rusiyadan başqa, digər ölkələrin də teatrlarında tamaşaya qoyulub. Rusiyalı kinematoqrafçılar isə L.Tolstoyun (1828-1910) bu şedevrinə 1987-ci ildə, başqa sözlə, bizim teletamaşadan üç il sonra müraciət ediblər və ekranlara Oleq Yankovskinin baş rolda çıxış etdiyi eyniadlı ekran əsəri çıxıb.


Samirə Behbudqızı

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.