Ölkə

Azərbaycanda şiəliyə belə zərbə vuran olmamışdı

10 İyun 2016 12:23
Baxış: 18 808
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hamımız yaxşı xatırlayırıq ki, ötən ilin noyabrın sonunda, daha dəqiq desək, 26-da Daxili İşlər Nazirliyi Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirdi. 


Rəsmi məlumata görə, əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılmış, əl qumbarası atılmışdı. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü öldürülmüş, daha bir neçə nəfəri yaralanmışdı. Silahlı dəstəni zərərsizləşdirərkən öz xidməti vəzifələrini yerinə yetirən 2 polis əməkdaşı həlak olmuşdu. Hadisə yerindən maddi sübut kimi xeyli sayda avtomat silah, əl qumbarası, soyuq silahlar və s. götürülmüşdü. Bundan sonra özünü "Müsəlman Birliyi Hərəkatı"nın rəhbəri elan edən Taleh Bağırov başda olmaqla, cinayətkar dəstənin 14 üzvü saxlanılaraq istintaqa cəlb edildi, "hərəkatın başçısı" barəsində isə sonradan vaxtı uzadılmaqla dörd ay müddətinə həbs qəti imkan tədbiri seçildi.

T.Bağırova qarşı Cinayət Məcəlləsinin 214.2.1-ci (Terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 220.2-ci (Kütləvi iğtişaş, hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) 278-ci (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama), 279.3-cü (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma, adamların həlak olmasına və ya digər ağır nəticələrə səbəb olduqda), 281.2-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə), 283.2.3-cü (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması mütəşəkkil dəstə tərəfindən törədildikdə), 315.2-ci (Hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə ittiham irəli sürüldü.

Dəstə üzvlərinin bir neçəsinin barəsində məhkəmə qərarı çıxarılsa da, T.Bağırovla bağlı hələlik yekun hökm verilməyib. Son olaraq mayın 19-da Nəsimi Rayon Məhkəməsində T.Bağırovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb, lakin prosesdə vəsatət təmin edilməyib. Mayın 20-də isə Bakı Apellyasiya Məhkəməsində Taleh Bağırovun ev dustaqlığına buraxılması ilə bağlı məhkəmə qərarından apellyasiya şikayətinə baxılıb. Hakimlər kollegiyasının qərarına görə, şikayət təmin edilməyib.

Ötən ilin sonunda çoxları işin mahiyyətindən xəbərdar olmadığından bəziləri Nardaranda baş verən hadisələrdə qəsəbə sakinlərini, sadə nardaranlıları da günahlandırırdı. Lakin sonradan məlum oldu ki, bunun Nardaran camaatı ilə yaxından heç bir əlaqəsi yoxdur. Düzdür, bu qəsəbənin sakinləri digərlərinə nisbətən mühafizəkarlığı, adət-ənənələrinə ifrat sadiqliyi, hətta bəzən emosionallığı ilə seçilirlər. Lakin onların hamısını ekstremist, radikal qüvvələrin davamçıları, başqa dövlətlərin sifarişini yerinə yetirən şəxslər kimi damğalamaq olmaz. Onların mütləq əksəriyyəti sadəcə bir para hoqqabazın girovuna çevrilmişdi.

Qanlı hadisələrdən dərhal sonra Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Nardaranda baş verənləri hakimiyyəti ələ keçirmək cəhdi kimi qiymətləndirərək, bunun dinlə heç bir əlaqəsi olmadığını və bu hadisələrin xarici və daxili qüvvələr tərəfindən müəyyən siyasi məqsədlərlə hazırlandığını bəyan etdi.

Azərbaycan ilk dəfə deyildi ki, ölkədə sabitliyi pozmaq istəyən qüvvələrlə üzləşirdi. Bütün hallarda da bu cəhdlərin qarşısı uğurla alınıb. Çünki bu cür zərərli ideyaların daşıyıcıları əhali arasında heç zaman geniş dəstək ala bilməyib. Bu dəfə isə özlərini "hüseynçilər" adlandıran bir qrup şəxs istəyinə nail ola bilmədi. Nardaran camaatı ölkədə zorakı hakimiyyət dəyişikliyi və dövlət çevrilişi etmək istəyən, Bakıya "Kərbəla", "Mehdi", "Rizvan" adlı alaylar yeritmək planları quran, millətini və ölkəsini kənar qüvvələrin maraq və mənafelərinə qurban verməyə çalışanların fitnəsinə uymadı.

Bəs Taleh Bağırov və "Müsəlman Birliyi Hərəkatı" nəmənə nəsnəyə qulluq edirdi?

Rəsmi məlumatlara görə, əməliyyat nəticəsində zərərsizləşdirilmiş şəxslərin üzvü olduqları "Müsəlman Birliyi Hərəkatı" adlı təşkilat dövlət strukturlarında nə dini birlik, nə də qeyri-hökumət təşkilatı kimi qeydiyyatdan keçməyib, Taleh Bağırovun özünün və soykünün isə Nardaranla birbaşa bağlılığı yoxdur. Məlum oldu ki, 1984-cü il təvəllüdlü Taleh Bağırov Azərbaycan Dövlət İqtisad Universitetində, daha sonra 2005-2010-cu illərdə İranın Qum şəhərində dini təhsil alıb. 2010-2011-ci illərdə isə dini təhsilini İranın Nəcəf şəhərində davam etdirib. Cavan olmasına baxmayaraq, T.Bağırovun dəfələrlə məhkum olunduğu da üzə çıxdı. 6 may 2011-ci ildə qanunsuz kütləvi aksiyada iştirak etdiyinə görə həbs olunan T.Bağırov xuliqanlıq və polis əməkdaşlarına müqavimətdə ittiham olunaraq 1,5 il müddətinə, 2013-cü ilin noyabrında narkotik saxlama və yaymasına görə həbs olunaraq 2 il müddətinə azadlıqdan məhrum olunmuş, 2014-cü ilin avqustunda kamerada qadağan olunmuş əşyalar saxladığına görə isə həbs müddəti daha 4 aylıq uzadılmışdı. Qazamat həyatına artıq öyrəncəli olan Taleh Bağırov Nardaran hadisələrinə görə sonuncu dəfə həbs olunmamışdan əvvəl azadlıqda cəmi 4 ay qala bilmişdi.

Lakin görünür, bu onun üçün yetərli deyildi. O və rəhbərlik etdiyi "Müsəlman Birliyi Hərəkatı" özünün bünövrəsi dini fundamentalizmə söykənən siyasi məqsədlərinə çatmaq üçün Nardaranı öz fəaliyyətləri üçün əlverişli meydança seçdilər. Taleh Bağırov Aşura əzadarlığı, məscid və mədrəsə açılması, hicabın qorunması və hicablı xanımların pasport üçün fotoşəkil probleminin aradan qalxması uğrunda, eləcə də gənclərin şortik geyinmələrinə qarşı "müqəddəs mübarizə" apardığını, vəhdət carçısı olduğunu bildirirdi. Daha sonra "Biz Əhli-beyt aşiqləriyik, Hüseyn xislətliyik, qan tökəcəyik, sizi qanınızda boğacağıq", - deyə ölkə dindarlarını cihada səsləməyə başladı.

Taleh Bağırov özünü vəhdət carçısı göstərməyə çalışsa da, əslində onun əməlləri nəticəsində dindarlar arasında bölünmə gedib. Taleh Bağırovun timsalında başqa qüvvələrin marağını ifadə edən tərəfdarları dövlətini, Vətənini sevən, dininin əmr etdiyi kimi yaşamağa çalışan şəxsləri "dövlətin adamı" kimi qələmə verməklə onları guya hakimiyyətlə işbirliyində günahlandıraraq nüfuzdan salmaqla cəmiyyətdə bölünmə yaradırlar. Belə olan təqdirdə bəzi şəxslər ictimai qınağa səbəb olacağından, sosial şəbəkələrdə tənqid və bəzən də təhqir ediləcəyindən ehtiyatlanaraq normal vətəndaş mövqeyini göstərməkdən çəkinirlər. Həmişə demokratiyadan, söz azadlığından, vicdan azadlığından danışan Taleh Bağırovun tərəfdarlarının obyektiv fikir səsləndirən şəxslərə sosial şəbəkə vasitəsilə təzyiq göstərmə cəhdlərinin özü antidemokratik fəaliyyət deyilsə, bəs nədir?!

Onun yaratdığı "Müsəlman Birliyi Hərəkatı"nın məqsədinin vəhdət olduğu deyilsə də, sonrakı proseslər, Taleh Bağırovun çıxışları, çıxışlarında dini ehkamları özünə sərf edən qarşıdurma yaranmasına yönəlik şəkildə ifadə etməklə, təhrikçilik mövqeyi nümayiş etdirməsi, eləcə də Nardaranda həbs olunana qədər baş verən hadisələr bir sıra məqamları üzə çıxardı. Belə ki, Taleh Bağırovun vəhdət və dinin kölgəsində gizləndiyi, əslində isə bu iki anlayışın onun üçün heç bir məna ifadə etmədiyi, sadəcə onu idarə edən qüvvələrin öz məqsədinə çatmaq üçün bu anlayışlardan istifadə etdiyi aşkara çıxdı.

"Müsəlman Birliyi Hərəkatı"nın məlum üzvlərinə diqqət yetirilsə, onların böyük əksəriyyətinin hətta orta təhsil savadlarının aşağı səviyyədə olduğu, "Qurani-Kərim"i Azərbaycan dilində üzündən yarıya qədər də olsa, oxumadıqları üzə çıxır. Əlbəttə, bu cür insanları yalanlarla özünə cəlb etmək Taleh Bağırov üçün elə də çətin məsələ deyildi. Hətta bəzi üzvlərinin arasında həmcinslərə meylli cinsi pozğunluqlara yol verən şəxslərin də olduğu barədə yayılan söhbətlər isə dindarlar arasında "şok effekti" yaratdı. Artıq təkcə bu faktın özü bu "hərəkat" barədə bəzi müvafiq fikirlər yürütməyə əsas verir.

Taleh Bağırovun keçmiş fəaliyyətinə nəzər salınsa və onun Azərbaycan cəmiyyətinə bir dindar kimi nə verdiyi araşdırılsa, yalnız neqativ məqamlar üzə çıxacaq. Qeyd edək ki, Azərbaycanın 25 illik müstəqilliyi dövründə hüquq-mühafizə orqanlarının mötədil şiə dindarlarla bağlı heç vaxt hər hansı kəskin və ciddi problemi olmayıb. Dövlət orqanları daim dindən çirkin məqsədlər üçün istifadə edən vəhhabi, nurçu, xəvaric və s. kimi radikal və ekstremist mövqeli şəxslərə qarşı mübarizə aparıb, onların fəaliyyətinin qarşısını alıb. Bunun nəticəsidir ki, Azərbaycan bu gün dünyada bir sıra qərb ölkələrindən fərqli olaraq tolerant dəyərlərin hakim olduğu dövlət kimi tanınır. Lakin heç bir maarifçilik fəaliyyəti aparmayan Taleh Bağırovun neqativ əməlləri nəticəsində Azərbaycanda şiəyönümlü şəxslərə, eləcə də şiəliyə çox böyük zərbə dəydi. Məhz o, uzun illər Azərbaycanda maarifçilik və dinin düzgün təbliği sahəsində fəaliyyət göstərən nüfuzlu dindarların əməyinin yerə vurulmasına səbəbkar oldu. Məhz onun əməyinin nəticəsində bəzi dindarlar "şiə vəhhabisi" adına "layiq" görüldülər.

T. Bağırov çıxışlarında mütəmadi olaraq "hüseynçilik" ifadəsindən istifadə edib. Məgər islamın şiəliyə, sünniliyə, müxtəlif məzhəblərə, vəhhabi, xəvaric kimi xarici qüvvələrin təsiri ilə radikal ekstremist cərəyanlara bölünməsi kifayət etmirdimi, bir də hüseynçilik yaradılırdı?! Özünü cəmiyyətdə islam təəssübkeşi kimi göstərən, müxtəlif məsələlərlə bağlı bəyanat verməyə daim hazır olan "nüfuzlu dindarlar"ın bu məsələyə münasibətdə laqeydlik və biganəlik göstərməsi isə əslində ayrıca düşündürücü məqamdır.

Taleh Bağırov və tərəfdarları Nardaranda polisə müqavimət göstərməsi nəticəsində öldürülmüş şəxslərə "şəhid" deyə xitab edərkən Azərbaycanın Vətən, torpaq uğrunda canından keçmiş minlərlə şəhidinə hörmətsizlik etmirmi?! Cəmiyyət nə vaxta kimi bu hörmətsizliyə göz yumacaq?!

Bəs nəticə? Taleh Bağırovla birlikdə olanlar sonda nə qazandılar? Onlar sadəcə T.Bağırovun mənfur niyyətinin, mənhus planlarının qurbanı, gizli və məkrli istəklərinin icraçısı oldular. Bundan əlavə, bu yol onları həbsə, cəmyyətdən təcrid olunmağa apardı. Bu gün Taleh Bağırovun "müqəddəs" niyyətinin qurbanı olmuş, onun tərəfindən istifadə edilmiş sıravi dindarlar həbsdə çürüyürlər. Əlbəttə, T.Bağırov vaxtında istəsəydi, nə Azərbaycanda şiəliyə, nə də hazırda həbsdə olan şəxslərə zərər verməyə bilərdi. Lakin belə olan təqdirdə onu idarə edən qüvvələrin istəyi həmişə istək olaraq qalacaqdı...

Hadisələr göstərir ki, T.Bağırov onu idarə edənlərin sözlərinə tam itaət etdiyindən, heç bir qırğından çəkinməyib ki, təki "böyüklər"in sözü yerə düşməsin. T.Bağırovun fəaliyyətinin nəticələri isə bir daha Azərbaycan cəmiyyətinə onun kimilərin və onun "böyükləri"nin niyyət və istəyini göstərdi...

Amma Azərbaycan xalqını bu cür üsullarla aldatmaq olmur. Xalq kimin kim olduğunu saf-çürük etməyi yaxşı bacarır. Taleh Bağırov və Nardaran hadisələri isə kimin saf, kimin də çürük olduğunu bir daha üzə çıxardı... Xalqın mövqeyi isə belədir - əqidəsi çürük, din pərdəsi altında öz çirkin niyyətlərini həyata keçirmək istəyən bütün qüvvələrin qarşısı qətiyyətlə alınmalıdır!

Abdulla Azəri

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.