Dünya

ABŞ hərbi bazasına zərbələri İran endirib, əvvəlcədən xəbərdarlıq etməklə...

26 Oktyabr 2021 21:44
0 Şərh     Baxış: 1 230
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Suriyanın Ət-Tanf rayonundakı bazasına bir neçə gün əvvəl endirilən zərbələrin təfərrüatları üzə çıxıb. "Fox News" telekanalı bildirir ki, həmin bazaya İran zərbə endirib və üstəlik Amerika tərəfini öz hərbçilərini təxliyə etmək üçün vaxt verib. Nəticədə 200-ə qədər amerikalı hərbi qulluqçu zərbələrdən bir neçə saat əvvəl bazadan təxliyə edilib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, Amerika tərəfinə hərbçiləri bazadan çıxarmaq üçün 24 saat vaxt verilmişdi. İran bazaya zərbə endirmək niyyətini gizlətmirdi və hücumdan əvvəl həmin rayonda pilotsuz təyyarələr uçuşlar edirdi. Hərbçilərin əksəriyyəti təxliyə edilsə də bazada zərbələr vaxtı 20-yə qədər ABŞ hərbçisi qalıb, ehtimal edilir ki, onlar xüsusi dəmir-beton sığınacaqlarda olublar.

"Assosiated Press" agentliyi də ötən gün xəbər verib ki, ABŞ rəsmi şəxsləri anonimlik şərti ilə açıqlama verərək bazaya hücumun arxasında İranın olduğunu bildiriblər. Həmin mənbələr deyiblər ki, İran hücumu həyata keçirən qruplaşmaya resurslar verib və hücumu dəstəkləyib, amma pilotsuz təyyarələr İrandan havaya qalxmayıb. Amma belə görünür ki, iranlılar PUA-lardan istifadəyə dəstək veriblər. Mənbələr əlavə detalları açıqlamaq istəməyiblər. Bununla belə təsdiq ediblər ki, hücumda partlayıcı daşıyan beş PUA iştirak edib və onlar bazanın həm amerikalılar, həm müxalif suriyalılar yerləşən hissələrinə zərbə endiriblər. Ölən və yaralananlar haqda məlumat verilmir.

Pentaqonun rəsmi nümayəndəsi Con Kirbi keçirdiyi brifinqdə bu hücumu "mürəkkəb, koordinasiya edilmiş və məqsədli" adlandırıb, amma təfərrüatlar haqda danışmaqdan imtina edib. Kirbi Amerika tərəfinin hücum barədə əvvəlcədən xəbərdar edildiyi haqda məlumatları da şərh etməyib.

"Bizim xaricdəki qoşunlarımızın müdafiəsi müdafiə naziri Lloyd Ostin üçün birinci dərəcəli vəzifədir. Və əgər bu hücuma cavab olacaqsa müəyyən zamanda, müəyyən yerdə olacaq, seçim bizim əlimizdədir və əlbəttə, bu qərarın verilməsini qabaqlamayacağıq",-Pentaqon rəsmisi bildirib.

Suriyanın İraq və İordaniya ilə sərhədinin kəsişdiyi Ət-Tanfdakı Amerika hərbi bazasına hücum oktyabrın 20-də həyata keçirilib. Məlumatlara görə, bazaya eyni vaxtda PUA-larla və raketlərlə zərbələr endirilib, xeyli dağıntılar olub. Bu, ABŞ-ın Yaxın Şərqdəki bazalarına İran tərəfindən endirilən ikinci zərbədir. Birinci dəfə İran general Qasım Süleymaninin öldürülməsinə cavab olaraq 2020-ci ilin yanvarında İraqdakı Amerika bazasına raket zərbələri endirmişdi, amma əvvəlcədən Amerika tərəfini xəbərdar etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.