Dünya

Vyetnamın Fransa müstəmləkəçiliyi dövrünü və ABŞ-a qarşı müharibəsini canlandıran həbsxana-muzey - FOTO

16 Aprel 2021 21:10
Baxış: 1 195
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müstəmləkəçilik, işğal, əsarət, istila dünya xalqlarının bir çoxunun həyatında həssas izlər buraxıb. Tarixi faktlardan məlumdur ki, müstəmləkəçilər, işğalçılar tutduqları ölkələrdə əhaliyə xüsusi işgəncələr verib, kütləvi qırğınlar, soyqırımlar, insanlıq əleyhinə cinayətlər törədiblər. Bu cür əzablı hadisələr bir çox xalqların yaddaşında əbədi həkk olunub. Elə Vyetnam xalqı da müxtəlif dövrlərdə işğalçılardan az çəkməyib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Vyetnamın 1880-ci illərin sonundan etibarən təxminən 60 il Fransa müstəmləkəsi olduğu dövrdə yaradılan "Hoa Lo" həbsxanası müstəmləkəçiliyə qarşı çıxanların saxlanılması üçün nəzərdə tutulmuşdu. İlkin vaxtlar həbsxanada ən çox 450 nəfər saxlamaq mümkün idi, lakin onun ərazisi genişləndirildikdən sonra bu rəqəm 600-ə çatıb. Ötən əsrin 90-cı illərində həbsxananın bir hissəsində muzey yaradılıb. Vaxtilə vyetnamlı vətənpərvərlərin, habelə qadınların, uşaqların və qocaların saxlanıldıqları təcrid otaqları, saxlanılan şəxslərin maketləri onların əzablarını göz önündə canladırmağa imkan verir. Ən dəhşətli eksponat isə Vyetnamın vətənpərvər oğullarının başını kəsmək üçün istifadə olunan gilyotindir.

Vyetnam müharibəsi dövründə isə bu həbsxanada əsir götürülmüş təxminən 2 min ABŞ hərbçisi saxlanılıb. Amerikalılar yarızarafatla onu "Hanoy Hilton" adlandırırdılar. Muzeyin ABŞ hərbi əsirlərinin saxlanılması dövrünü əks etdirən hissəsində əsirlərin maketləri, onların şəxsi əşyaları, footşəkilləri, sorğu otaqları, ABŞ ordusu tərəfindən dağıdılmış evlərin şəkilləri var. Bu həbsxanada amerikalı pilot, sonralar senator və ABŞ prezidentliyinə namizəd olmuş Con Makkeyn də saxlanılıb.

Paytaxt Hanoyda 1956-cı ildən fəaliyyət göstərən Vyetnam Hərb Tarixi Muzeyi 12 min 800 kvadratmetr sahəni əhatə edir. Bu muzeyin ərazisində Vyetnam xalqının ta qədimdən bəri hərb tarixinə aid eksponatlarla yanaşı, Fransa müstəmləkəçiliyinə və ABŞ-a qarşı müharibəyə aid eksponatlar, o cümlədən qarşı tərəfdən qənimət kimi götürülmüş hərbi texnika və silah da nümayiş olunur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.