Dünya

Dəniz quldurlarının öldürdüyü azərbaycanlının nəşi Vətənə gətiriləcək

24 Yanvar 2021 10:17
Baxış: 3 699
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu dəniz quldurlarının Türkiyəyə məxsus gəmiyə hücumu nəticəsində gəmi heyətinin azərbaycanlı üzvünün ölümü ilə əlaqədar Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramova başsağlığı verib.

Bu barədə Milli.Az-a Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Nazir Ceyhun Bayramov həmkarına təşəkkür edib və xilasetmə işlərinin tezliklə uğurla nəticələnməsini arzulayıb.

Gəmi heyətinin öldürülən azərbaycanlı üzvünün nəşinin Vətənə gətirilməsi üçün əlaqələndirilmiş şəkildə müvafiq tədbirlərin həyata keçiriləcəyi qeyd olunub.

Xatırladaq ki, Türkiyəyə məxsus "Mozart" adlı gəmi Qvineya körfəzində nigeriyalı dəniz quldurlarının basqınına məruz qalıb.

Quldurlar gəmidə olan yeganə azərbaycanlı Fərman İsmayılovu öldürüblər.

Gəmidə olan 15 Türkiyə vətəndaşı isə girov götürülüb. Gəmi heyətindən 3 nəfər xilas ola bilib və gəmini təhlükəsiz limana çatdırıblar.

İnsident San-Tome şəhərindən 98 dəniz mili (181 kilometr) məsafədə baş verib. Məlumata görə, Liveriya bayrağı altında üzən gəmi Laqosdan Keyptauna doğru hərəkət edirmiş. Gəmidə ümumilikdə 19 nəfər olub. Hücum edənlərin sayı isə məlum deyil.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.