Dünya

BMT 2021–2030-cu illəri sağlam qocalmaq onilliyi elan edib

11 Yanvar 2021 07:07
Baxış: 369

Birləşmiş Millətlər Təşkilatı 2021-2030-cu illəri sağlam qocalmaq onilliyi elan edib. Yaşlı insanların, onların ailələrinin və icmalarının həyat şəraitinin yaxşılaşdırılmasına yönəlmiş beynəlxalq təşəbbüslərin təşkilində aparıcı rol Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) həvalə olunub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, onillik çərçivəsində müxtəlif maraqlı tərəflər qocalıq və qocalma ilə bağlı düşüncələrimizi, münasibətlərimizi və hərəkətlərimizi dəyişdirmək, yaşlı insanların potensialını inkişaf etdirəcək icmaların yaradılmasına kömək etmək, yaşlı insanların xüsusi ehtiyaclarını nəzərə alaraq ilkin səhiyyə xidməti də daxil olmaqla, yardımlar göstərmək, yaşlı insanların ehtiyac duyduqları uzunmüddətli qayğıdan istifadə etmələrini təmin etmək üçün səy göstərəcəklər.

Onillik çərçivəsindəki təşəbbüslər bu kimi çoxtərəfli qarşılıqlı fəaliyyətdə mühüm rol oynamış yaşlı insanların tam iştirakı ilə keçiriləcək.

COVID-19 infeksiyası riskinin bütün yaş qruplarına aid olmasına baxmayaraq, yaşlı insanlarda yaşla əlaqəli fizioloji dəyişikliklərin baş verməsi və sağlamlıq problemləri səbəbindən bu xəstəliyin ağır formada keçəcəyi ehtimalı yüksəkdir. Səhiyyə, uzunmüddətli yardım və dəstək, sosial müdafiə, maliyyə və informasiya xidmətləri də daxil olmaqla müxtəlif sistemlərin çatışmazlıqlarını, zəif cəhətlərini əks etdirən COVID-19 pandemiyasının əsas yükü orta yaşlı və yaşlı insanların üzərinə düşür.

Sağlam qocalmaq onilliyi yaşlı insanların sağlamlığına təsir göstərən və onların ciddi xəstəliklərə həssaslığını artıran amilləri aradan qaldırmaq istiqamətində razılaşdırılmış və davamlı fəaliyyət göstərmək üçün zəmin yaradır, yaşlı insanların xüsusi ehtiyacları və həmin nəslin spesifik imkanları barədə xatırlatma rolunu oynayır.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.