Dünya

İtaliyanın bir regionunda əhalinin 42 faizinin koronavirusa yoluxduğu müəyyən edilib

5 Oktyabr 2020 22:44
Baxış: 613
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu ilin yazında başlayan koronavirus pandemiyasının Avropada ilk və ən güclü tüğyan etdiyi ölkə İtaliya olub. Əhali arasında aparılan testlər əsasında müəyyən edilib ki, İtaliyanın şimalında yerləşən və yoluxmanın əsas ocaqlarından biri olan Berqamo regionunda əhalinin 42 faizi artıq SARS-CoV-2 virusuna yoluxub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, regionun tərkibində olan Val Seriana bölgəsində 21 500 şəxs üzərində aparılan anticisim testləri təxminən 9 min nəfərin ötən dövrdə virusun daşıyıcısı olduğu aşkar edib. Bu da indiyədək koronavirusla əlaqədar 36 min insanın öldüyü İtaliyada pandemiyanın ağır dövründə yoluxmanın hansı şiddətlə artdığını bir daha nümayiş etdirir.

Qeyd edilməlidir ki, Şimali İtaliyada pandemiya səhiyyə sistemini ağır vəziyyətə salsa və böhranın pik dövründə sutkalıq ölüm hallarının sayı min nəfərdən yuxarı olsa da, İtaliyanın infeksiyaya qarşı mübarizəsi son dövrlərdə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən nümunə kimi göstərilir. Beynəlxalq qurumun hazırladığı videofilmdə sərt karantin rejimi tətbiq edən, pandemiya ilə əlaqədar açıq kommunikasiyaya üstünlük verən və elmi-tədqiqat institutları ilə sıx əməkdaşlıq edən İtaliya hökumətinin fəaliyyəti alqışlanıb.

İtaliyanın Xarici İşlər naziri Luici Di Mayo isə elan edib ki, siyasi fəaliyyət, əhalinin qaydalara əməl etməsi və tibbi personalın səyləri nəticəsində ölkədəki epidemioloji vəziyyət bir çox Avropa ölkələri ilə müqayisədə daha yaxşıdır.

İtaliya mətbuatının yaydığı məlumata əsasən, hökumət yenidən artmaqda olan infeksiya hallarının qarşısını almaq üçün yaxın günlərdə açıq havada da maskadan istifadə öhdəliyini tətbiq edə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.