Dünya

Koronavirus pandemiyası Avstriya iqtisadiyyatına İkinci Dünya müharibəsindən bəri ən ağır zərbəni vurub

30 Sentyabr 2020 01:30
Baxış: 813
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronavirus pandemiyası Avstriya iqtisadiyyatına İkinci Dünya müharibəsindən bəri ən ağır zərbəni vurub. Bu ilin ikinci rübündə ümumdaxili məhsulun həcmi 14,3 faiz aşağı düşüb, turizm və qastronomiya obyektləri ötən illə müqayisədə dövriyyələrinin 60 faizindən çoxunu itiriblər. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, üçüncü rübdə ümumdaxili məhsulda azalma 12,1 faiz olub. Avstriya Statistika İdarəsinin rəhbəri Tobias Tomas rəqəmləri şərh edərkən bildirib ki, ölkə iqtisadiyyatında belə güclü geriləmə İkinci Dünya müharibəsindən bəri qeydə alınmayıb. Avstriyada lokdaunun mart ayında tətbiq edilməsinə baxmayaraq, birinci rübdə də iqtisadi göstəricilər ürəkaçan olmayıb və geriləmə 3,4 faiz olub. Bu isə həmin vaxt pandemiyanın Çində başlaması səbəbindən ixracyönümlü şirkətlərin bu ölkə ilə əlaqələrinin zəifləməsindən irəli gəlib.

Hesabatda nəzərə çarpan məqamlardan biri isə pandemiyanın ölkədaxili iqtisadiyyatın ən çox hansı sahələrinə zərbə vurması ilə bağlı olub. Qeyd edilib ki, əsas çətinlik xidmət sektorunda müşahidə olunub və əsasən turizm və qastronomiya sektoru (65,2 faiz), asudə vaxtın təşkili və mədəni tədbirlər sahəsi (27 faiz) gəlirlərini itirib. Mənzil, səhiyyə, ictimai idarəçilik, informasiya və kommunikasiya sahəsində dəyişiklik olmayıb, ərzaq məhsulları və fərdi istehlak mallarının satışında isə artım müşahidə olunub.

T.Tomas qeyd edib ki, pandemiyanın ikinci dalğasında lokdaun qərarının veriləcəyi təqdirdə ölkə iqtisadiyyatının tənəzzülü uzunmüddətli xarakter ala bilər. Belə olarsa, proqnozlara görə, gələn il üçün iqtisadi artım 1,4 faizə düşəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.