Dünya

İkinci Dünya müharibəsinin "soyqırım simvolu" - Onun yazdıqları 70-dən çox dilə tərcümə edilib

27 Sentyabr 2020 10:20
Baxış: 1 341
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bəşəriyyət tarixinin ən qanlı müharibələrindən sayılan İkinci Dünya müharibəsi zamanı ailəsi ilə birlikdə yaşadıqlarını yazan Anne Frank ...

Onun müharibə zamanı yazdıqları bu gün 70-dən çox dilə tərcümə edilib.

Milli.Az musavat.com-a istinadən 14 yaşında ikən 2 ilə yaxın gizli bir otaqda qalmağa məcbur olan Anne Frankın yaşadıqları haqqında maraqlı məlumatları sizlərə təqdim edir.

İkinci Dünya müharibəsində Hitlerin liderliyində olan Nasist Almaniyasının yəhudilərə qarşı soyqırımı bir çoxlarına məlumdur.

O günləri ailəsi ilə birlikdə yaşayan və yaşadıqlarını gündəliyinə yazan Anne Frank, 12 iyun 1929-cu ildə Frankfurtda anadan olub. Atası bankir olan Otto Frankın işi dünyanı bürüyən iqtisadi böhran səbəbindən dayanıb və Frank ailəsi üçün sürgün, 1933-cü ildə nasistlər hakimiyyətə gəldikdə başlayıb. Amsterdama köçən ailə Hitlerin Hollandiyaya girməsi ilə yenidən çətin duruma düşüb.

Bacısı Marqotla birlikdə yəhudi məktəbinə gedən Anne bir daha evlərinə geri dönə bilməyəcəklərini başa düşürdü. Onlar öldürüləcəklərini bilə-bilə, həyatlarına davam etməyə çalışıblar.

1942-ci ilin iyulunda həyatlarını kökündən dəyişdirəcək bir çağırış gəlib: Annenin bacısı Margqot SS mərkəzinə çağırılıb və yəhudi olaraq qeyd alınıb.

Bu hadisə ilə yanaşı, Frank ailəsi gizli bir otaqda yaşamağa başlayıb. Bu gizli otaq ailə başçısı Otto Frankın ofisində idi. 14 yaşında olan Anne Frank 2 ilə yaxın qaldıqları bu gizli otaqda yaşadıqlarını gündəliyinə qeyd edib. Anne Frank "Kitty" adını verdiyi gündəliyində müharibə zamanı baş verən bir çox hadisələrdən və yaşadıqları həbsxana həyatından yazıb.

1944-cü ildə kimliyi bilinməyən bir şəxs tərəfindən satılan ailə, gestapolar (Red: Almaniya nasistlərinin yaratdıqları dövlət gizli polisi) tərəfindən hücuma məruz qalıb. Avqustun 4-də gizləndikləri yerə hücum edən gestapolar ailənin hər bir üzvünü fərqli düşərgələrə göndəriblər.

Anne və bacısı Marqotun yaşları az olduğu üçün onlar Şimali Almaniyadakı Bergen-Belsen düşərgəsinə işləmək üçün göndəriliblər. Gündəliyinə ümidinin son günlərinə qədər tükənmədiyini yazan Anne bacısı ilə birlikdə həmin düşərgədə tifus xəstəliyi səbəbindən ölüb. Anaları da 1945-ci ilin yanvar ayında saxlanıldığı düşərgədə vəfat edib. Müharibədən sağ qurtulan ata Otto Frank qızının gündəliyi ilə həyata tutunub. Həmin gündəliyi ona keçmiş iş yoldaşı çatdırır.

Otto Frank qızının ölümündən sonra onun xatirəsini bütün dünyaya yaymaq üçün hərəkətə keçib. 1947-ci ildə 150 min ədəd çap edilən kitab 70-dən çox dilə tərcümə edilib.

Son olaraq sözügedən gündəlikdən, Anne Frankın İkinci Dünya müharibəsi zamanı yazdıqlarından bir cümləni sizlərə təqdim edirik: "Belə vaxtlarda yaşamaq çətindir. İdeallarımızı, arzularımızı və ümidlərimizi sərt həyat həqiqətləri darmadağın edir. Dünyanın yavaş-yavaş vəhşi bir yerə çevrildiyini görürəm, bir gün bizi də məhv edəcək fırtınanın səsini eşidirəm. Milyonlarla insanın əziyyət çəkdiyini hiss edirəm".

Sözügedən gənc qızın həyatı bir çox film, serial və küçə sənətlərində ilham verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.