Dünya

Yaponiyada son sutka ərzində koronavirusdan 11 nəfər həyatını itirib

14 Avqust 2020 17:16
Baxış: 660
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiyada son sutka ərzində koronavirusa yoluxma nəticəsində 11 nəfər həyatını itirib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Yaponiya Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyi və region administrasiyaları məlumat yayıblar. Bildirilir ki, Yaponiyada koronavirusun yayılması nəticəsində həyatını itirənlərin gündəlik sayı mayın 28-dən sonra ilk dəfə 10-u ötüb və ümumilikdə 1090 nəfərə çatıb. Ötən sutka ərzində bütün ölkə üzrə virusa yoluxanların ümumi sayı 1176 nəfər təşkil edib. Pandemiya başlayandan sonra ölkə üzrə ümumilikdə 53 min 300-dən çox insanın bu virusa yoluxduğu qeyd edilir.

Eyni zamanda, Okinava prefekturasının hakimiyyət orqanlarının prefektura ərazisində fövqəladə vəziyyət rejiminin avqustun 29-dək uzadılması barədə qərar qəbul etdiyi də bildirilir. Bununla əlaqədar mətbuat konfransı keçirən prefekturanın qubernatoru Deni Tamaki sakinlərdən ehtiyac yaranmadığı təqdirdə evdən çıxmamağı xahiş edib. Bildirilir ki, son sutka ərzində bu prefekturada 97 yoluxma halı qeydə alınıb. Prefektura ərazisində yoluxanların sayı çox olmasa da, yerli hakimiyyət orqanları koronavirusun yayılmasının qarşısını almaq üçün avqustun əvvəllərində burada fövqəladə vəziyyət rejimi elan edib.

Yaponiya ərazisində koronavirusun ən çox Tokioda yayıldığı qeyd edilir. Son sutkada paytaxtda 206 nəfərin bu virusa yoluxduğu bildirilir.

Ümumiyyətlə, ölkədə 36 min 700 nəfərin sağaldığı, 203 nəfərin isə çox ağır vəziyyətdə olduğu qeyd edilir.

Mərkəzi hökumət ölkədə fövqəladə vəziyyət rejiminin elan edilməsinə ehtiyac olmadığını bildirsə də, Aiçi, Mie və Okinava prefekturaları onu lokal şəkildə artıq öz ərazilərində tətbiq ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.