Dünya

ÜMT-nin rəhbəri ölkələri qlobal istiləşmənin qarşısının alınmasının vacibliyini unutmamağa çağırır

10 İyul 2020 20:50
Baxış: 830
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Planetimizin istiləşməsi davam edir. Yaxın beş ildə orta illik temperaturun sənaye dövrünədək olan göstəriciləri ən azı 1℃ üstələyəcəyi və bu artımın 0,91-dən 1,59 ℃-dək diapazonda olacağı gözlənilir. Bundan əlavə, Avropada fırtınaların baş verəcəyi proqnozlaşdırılır. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) məlumat yayıb.

ÜMT-nin yeni hesabatına görə, 2020-2024-cü illərdə cənub okeanlarının ayrı-ayrı hissələri istisna olmaqla, demək olar ki, bütün regionlarda isti olacaq. Şimali Atlantikanın şimal hissəsində daha güclü qərb küləkləri əsə bilər ki, bu da Qərbi Avropada fırtınaların güclənməsinə gətirib çıxaracaq.

Arktikaya gəldikdə isə bu bölgənin 2020-ci ilin qlobal orta göstərici ilə müqayisədə iki dəfədən çox istiləşəcəyi ehtimal edilir.

Yaxın beş ilin iqlim dəyişikliyi barədə məlumatlar və iqlim proqnozları hər il yenilənir. Bu məlumatda dünya səviyyəsində tanınmış iqlim alimlərinin bilik və təcrübəsindən, eləcə də dünyanın aparıcı iqlim mərkəzlərinin, kompüter texnologiyalarının araşdırmalarından istifadə olunur.

"Elmi cəhətdən yüksək dərəcədə olan bu tədqiqat işi iqlim dəyişikliyinə dair Paris razılaşması çərçivəsində həll ediləcək problemin miqyasını göstərir. Burada söhbət cari yüzillikdə qlobal temperatur artımını sənaye dövrünədək olan göstərici ilə müqayisədə 2 ℃-dən xeyli aşağı səviyyədə saxlamaqdan gedir", -deyə ÜMT-nin baş katibi Petteri Taalas bildirib.

O vurğulayıb ki, bu gün beynəlxalq birliyin bütün qüvvələrinin pandemiya ilə mübarizəyə qoşulması səbəbindən dövlətlərin iqlim dəyişikliyinin qarşısının alınması üçün lazımi tədbirlər görə bilməməsi ağır nəticələrə gətirib çıxara bilər. ÜMT-nin rəhbəri bərpa proqramları çərçivəsində bütün ölkələri qlobal istiləşmənin qarşısının alınmasının vacibliyini unutmamağa çağırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.