Dünya

Koike Yuriko Tokio qubernatoru seçildi

7 İyul 2020 07:55
Baxış: 624
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiya paytaxt qubernatorunun seçkilərində indiki qubernator Koike Yuriko inamlı qələbə qazanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, seçkilərin nəticələrinə görə Koike Yuriko 3 milyon 660 min (59,7 faiz) seçicinin səsini qazanıb.

Bildirilir ki, səsvermənin nəticələrinə görə ikinci yeri Yaponiya Vəkillər Federasiyasının sabiq rəhbəri Kenci Utsunomiya tutub. Onun namizədliyini 844 min (13,8 faiz) seçici dəstəkləyib. Üçüncü yerdə isə 657 min və ya 10,7 faiz səslə "Reyva Shinsen Qumi" partiyasının sədri Taro Yamamoto qərarlaşıb. Bu namizəd öz seçki platformasında keçirilmə vaxtı 2021-ci ilə dəyişdirilmiş Olimpiya və Paralimpiya Oyunlarının ləğvinə çağırırdı.

Seçki komissiyasından bildirilib ki, bu seçkilərdə seçicilərin 55 faizi iştirak edib. Yaponiya paytaxtında koronavirus pandemiyası ilə əlaqədar mürəkkəb vəziyyətə baxmayaraq seçicilərin sayı 2016-cı il seçkilərində olduğundan cəmi 4,73 bənd aşağı olub.

İyulun 6-da jurnalistlərlə görüşən K.Yuriko deyib: "Göstərilən dəstəyə görə hamıya minnətdarlığımı bildirirəm. Tutduğum vəzifədə bundan sonra da ilk növbədə sakinlərin həyatına və sağlamlığına xüsusi diqqət ayıracağam. Bu, indiki halda koronavirusun yayılmasına qarşı mübarizəni ön plana çəkir. Bundan əlavə biz iqtisadi inkişaf barədə də düşünməliyik, çünki Tokio ölkənin iqtisadi mərkəzi hesab edilir".

Gün ərzində xanım qubernatorun Baş Nazir Şinzo Abe ilə görüşəcəyi və koronavirusla mübarizə, həmçinin Olimpiya və Paralimpiya Oyunlarına hazırlıq məsələlərini müzakirə edəcəyi bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.