Dünya

Qırmızı dənizdə neft sızması böyük ekoloji fəlakətə səbəb ola bilər

5 İyul 2020 18:10
Baxış: 806
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hutsi qiyamçılarının əlində olan Qırmızı dənizin Yəmən sahillərindəki Xudayda limanında xam neftin boşaldılması və təkrar yüklənməsi üzrə "FSO Safer" gəmisində baş verə biləcək hər hansı qəza böyük ekoloji fəlakətə səbəb ola bilər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Yəmən hökuməti BMT Təhlükəsizlik Şurasına müraciət ünvanlayıb.

Müraciətdə qeyd olunub ki, "FSO Safer" 1988-ci ildən bəri Yəmən sahilindən 7 kilometr uzaqlıqda üzür və 2015-ci ilin martında liman Hutsi qiyamçıları tərəfindən zəbt olunub. Artıq beş ildir ki, qiyamçı dəstə mühəndislərdən ibarət beynəlxalq qrupa gəminin göyərtəsində təmir işləri aparmağa icazə vermir. Bu səbəbdən "FSO Safer"də olan 1,4 milyon barel xam neftin hər an Qırmızı dənizə axması təhlükəsi yaranıb. Qeyd edilib ki, baş verə biləcək qəzanın ekoloji fəsadları 1989-cu ildə Alyaskada üzən "Exxon Valdez" tankerinin törətdiyi fəlakətdən də ağır ola bilər.

Böyük Britaniyanın Yəməndəki səfiri Maykl Aron da BMT TŞ-na sədrlik edən Almaniyaya müraciətində bildirib ki, "FSO Safer" Qırmızı dənizin bütün sahilyanı ölkələri üçün potensial təhlükə mənbəyidir. O, BMT-nin nümayəndələrinin iştirakı ilə mühəndis qrupunun təcili olaraq gəmiyə buraxılması üçün təxirəsalınmaz tədbirlər görməyə çağırıb.

Yəmən hökuməti iddia edir ki, Hutsi qiyamçıları ekoloji fəlakətə səbəb ola biləcək gəmini öz şərtlərini diktə etmək məqsədilə, şantaj aləti kimi limanda saxlayırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.