Dünya

Erməni Apostol kilsəsi və Siyasi iqtidar: konfliktin dərinləşməsi qaçınılmazdır

25 İyun 2020 12:00
Baxış: 1 044
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son illərdə Ermənistan hökuməti ilə Erməni apostol kilsəsi arasında münaqişə şiddətlənməkdədir. Ermənistanda hakimiyyətə gələn yeni siyasi qrupların kilsə ilə münasibətləri artıq daxili siyasətin tərkib hissəsinə çevrilib. Keçmiş rejimlə dərin əlaqələrə malik olan kilsə xadimlərinin siyasi və iqtisadi dayaqları zəiflədilməyə başlanıb. Baş nazir Nikol Paşinyanın komandası tərəfindən bu istiqamətdə məqsədyönlü siyasət aparılmaqdadır.

Hökümət əleyhinə kampaniyalara açıq-aşkar şəkildə qoşulan, mövcud siyasi elitaya qarşı propoqandalara maliyyə xərcləyən Erməni apostol kilsəsi-keçmiş hakimiyyətin təzahürü kimi çıxış etməkdədir. Siyasi proseslərə müdaxiləyə öyrəşmiş, qeyri-qanuni yollarla pullar qazanan Erməni Kilsənin "dövlət içində dövlət" yaratmaq iddiası, iqtidar tərəfindən Kilsənin rolunun cəmiyyətin həyatında məhdudlaşdırılması istiqamətində qərarlar qəbul etməsi, dərin konfliktin təməlini qoymuşdur.

Erməni apostol kilsəsinin ERP (Ermənistan Respublikaçılar Partiyası) tərəfindən himayəsi, baş Nazir N. Paşinyanın komandası tərəfindən maraqları təmin olunmayan biznes oliqarxları ilə işbirliyi içərisində olması, kilsənin siyasi elitanın qarşısında diskreditasiya olunmasına (gözdən salınmasına) gətirib çıxarmışdır. Beləliklə, baş nazirin kilsə ilə qarşıdurması, əslində, siyasi opponentləri ilə mübarizəsinə də yönəlmişdir.

Kritik həddə çatan münasibətlər fonunda EAK (Erməni apostol kilsəsi) ilə Baş nazir Paşinyanın komandası arasında açıq-aşkar qarşıdurma təhsil sistemində də özünü büruzə verir. 2003-cü ildən etibarən məktəb dərsliyinə salınmış "Erməni kilsəsinin tarixi" adlı fənnin Ermənistanın Təhsil Nazirliyi tərəfindən tədris planından çıxarılması kilsə və inanclı təbəqələr tərəfindən hiddətlə qarşılanmışdır. Bu fakt-siyasi iqtidarın qəti sürətdə Apostol kilsəsinin fəaliyyətinə qarşı olduğunu və konfliktin həlli yolunda hər-hansısa kompromisə getməyəcəyinə dəlalət edir.

Kilsənin, keçmiş siyasi hakimiyyətin dövründən qalan geniş səlahiyyətlərinin mövcud iqtidar tərəfindən azaldılması, özünü, Yerevan şəhərində EAK-ın kilsə tikintisi üçün ayrıldığı torpaq sahəsinin bələdiyyə deputatı Levon Zakaryan (hakim - "Mənim Addımım" fraksiyasının üzvü) tərəfindən bələdiyyələrə geri qaytarılması tələbində büruzə verir.

Eyni zamanda, siyasi iqtidarın məqsədyönlü fəaliyyəti ilə Üçmüədzin şəhərinin meri olaraq məhz ateist Diana Qasparyan seçilmişdir. Apostol kilsəsinin aqressiyasına səbəb olan bu hadisə, kilsə ilə iqtidar arasındakı münasibətlərin daha da sürətlə uçuruma yuvarlandığını göstərir.

Keçmiş rəhbərliyin Kilsəyə qarşı aparılan elan olunmamış müharibəsinin klüminasiya nöqtəsi isə baş yepiskop Navasard Kçoyana qarşı Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən fırıldaqçılıq və çirkli pulların yuyulması ittihamı ilə cinayət işinin açılması idi. O, maliyyə cinayətlərində ittiham olunan Aşot Sukiasyan və keçmiş baş nazir Tiqran Sarkisyan ilə birgə Kipr qeydiyyatlı ofşor şirkətlərdən birinin 33 %-lik pay sahibi olaraq ortağı olub.

Ermənistan hakimiyyəti hətta erməni kilsəsinin rəhbərinin dəyişdirilməsi məsələsini də nəzərədən keçirməkdədir. Buna səbəb kimi, keçmiş rejimin kilsə ilə əlaqələrinin yüksək səviyyədə olmasıdır. Belə ki, bu ilin aprel ayında bütün Ermənistanın katolikosu II Qaragen çıxışında həbs edilmiş keçmiş prezident Robert Köçəryanın səhhəti ilə bağlı azadlığa çıxmalı olduğunu bildirdi . Məhz bu çıxış siyasi rəhbərlik tərəfindən ciddi tənqid olundu və bir gün sonra baş yepiskop Navasard Kçoyanın cinayətləri ilə bağlı məsələlər ölkə ictimaiyyətinə açıqlandı. Daha sonra Nikol Paşinyan kilsə daxilində keşmiş oliqarxik rejimə yaxın nümayəndələrin hökumətin işindən narazı olduğunu və tez-tez siyasi proseslərə açıq aşkar müdaxilə etdiyini bildirdi.

Siyasi hakimiyyətini gücləndirmək məqsədi ilə ölkə daxilində keçmiş rejimlə əlaqələrə malik olan iş adamları, oliqarxlar və keçmiş hərbiçilərin zəiflədilməsi növbəsi artıq Erməni apostol kilsəsinə də çatıb. Unutmaq lazım deyil ki, Erməni apostol kilsəsi erməni milli kimliyinin ən vacib komponentlərindən biridir və kilsə üzərində dominantlıq hakimiyyət üçün olduqca təhlükəli proses hesab edilə bilər.  Əhalinin 89%-nin özünü Erməni Apostol Kilsəsinin adepti hesab etməsi kilsənin iqtidara qarşı çevriliş potensialı daşıyan güc olduğunu göstərir və baş nazir Paşinyanın komandasının bu gücün qarşısını almaq üçün əlindən gələni edəcəyi istisna edilmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.