Dünya

Uxandan Pekinə tibbi heyətlər göndərilir

22 İyun 2020 21:50
Baxış: 755
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinin paytaxtında COVID-19 infeksiyasının yayılması ilə mübarizə üçün Uxan şəhərindən Pekinə tibbi heyətlər göndərilir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu qruplar Pekində sakinlərin koronavirusa yoluxmasını müəyyən etmək üçün testlərin aparılmasına dəstək üçün göndərilir. Belə ki, 56 günlük fasilədən sonra - iyunun 11-də Pekində Asiyanın ən böyük meyvə-tərəvəz və ət topdansatış bazarı olan "Sinfadi"də COVID-19-un yeni ocağı aşkarlanıb. Bununla əlaqədar Pekində bir qədər əvvəl yumşaldılmış karantin tədbirləri yenidən sərtləşdirilib. Şəhərdəki yaşayış zonaları aşağı, orta və yuxarı risk qruplarına bölünərək, giriş-çıxış məhdudlaşdırılıb. İlk növbədə, "Sinfadi" bazarında çalışanlar, mayın 30-dan sonra oraya baş çəkənlər və bazarın ətrafındakı məhəllələrdə yaşayanlar olmaqla şəhər sakinlərinin koronavirus testindən keçirilməsinə başlanılıb. Pekinin tibb ocaqlarının gündəlik test potensialı 230 minə çatdırılıb. İndiyədək 474 məntəqə üzrə təxminən 2,5 milyon nəfər testdən keçirilib. Bu işlərə ümumilikdə 7500 tibb işçisi cəlb olunub.

Qeyd edək ki, Pekində iyunun 11-dən bəri "Sinfadi" bazarı ilə birbaşa və dolayı yolla əlaqəli olan 236 yoluxma qeydə alınıb. Yoluxanların ən kiçiyinin 1, ən yaşlısının isə 86 yaşı var. "PepsiCo" şirkətinin zavodunun "Sinfadi" bazarında olmuş iki əməkdaşının virusa yoluxması aşkarlandıqdan sonra zavodun fəaliyyəti dayandırılıb. İşçilər test edilib və nəticədə daha 6 nəfərin virusa yoluxduğu təsdiqlənib. Bundan başqa, xəstəlik simptomları olan 480 işçi karantinə alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.