Dünya

Teodor Ruzveltin Nyu-York şəhərindəki abidəsi söküləcək

22 İyun 2020 20:28
Baxış: 811
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın 26-cı prezidenti Teodor Ruzveltin Nyu-York şəhərində yerləşən tarix muzeyinin qarşısındakı abidəsi söküləcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, muzey rəhbərliyinin müvafiq təklifi şəhər meriyası tərəfindən təsdiqlənib.

"Son bir neçə həftə ərzində muzey ictimaiyyətimiz Corc Floydun polis tərəfindən qətlə yetirilməsindən sonra irqi ədalət uğrunda hərəkatın artmaqda olan gücündən təsirlənib. Biz dünyada və ABŞ-da bəzi abidələrə irqçilik sisteminin güclü və zərərli simvolları kimi diqqətin artmasını müşahidə edirik", - deyə muzeyin direktoru Ellen Fatter qəzetə müsahibəsində bildirib.

Muzey nümayəndələri qərarın Birləşmiş Ştatların 26-cı prezidentinin şəxsiyyəti ilə deyil, abidənin "iyerarxik kompozisiyası" ilə bağlı olduğunu deyirlər. Abidənin mərkəzində at üzərində oturan Teodor Ruzvelt və onun yanında piyada addımlayan hindu və afrikalı təsvir olunub. Heykəl Amerikanın yerli xalqını və afrikalıları kölə və irqi natamamlıq qismində təsvir edir. Lakin muzey rəhbərliyi Ruzveltə hörmət əlaməti olaraq bioloji müxtəlifliyə həsr olunan zala onun adını verməyi planlaşdırır.

Şəhərin hakimiyyət orqanları muzeyin təklifini müsbət cavablandırıb. "Şəhər muzeyin xahişini dəstəkləyir. Bu, problemli abidəni sökmək üçün uyğun zamanda verilən düzgün qərardır", - deyə Nyu-York şəhərinin meri Bill de Blazio bildirib.

Qeyd edək ki, mayın 25-də qaradərili Corc Floydun polisin sərt müdaxiləsi nəticəsində ölməsindən sonra ABŞ-ın bir çox şəhərlərini etiraz dalğası bürüyüb. Etirazlar ölkədə vətəndaş müharibəsi zamanı quldarlığın hökm sürdüyü Cənubun general və əsgərlərinin, həmçinin sol fəallar tərəfindən Amerikanın yerli sakinlərinin soyqırımında ittiham olunan səyyah Xristofor Kolumbun abidələrindən də yan keçməyib. Bir çox abidə hakimiyyət orqanlarının qərarı ilə sökülüb və ya etirazçılar tərəfindən dağıdılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.