Dünya

Çinli alimlər Pekində aşkarlanan virusun Avropadan gəldiyi qənaətindədirlər

21 İyun 2020 02:30
Baxış: 1 353
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinin virus sahəsi üzrə alimləri ilkin epidemioloji araşdırmalara əsasən, Pekindəki meyvə-tərəvəz və ət topdansatış bazarı olan "Sinfadi"dən yayılan COVID-19 infeksiyasının ştammının Avropadan gəldiyi qənaətindədirlər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, çinli alimlər Pekində aşkarlanan həmin ştammın Avropada dövr edən ştamdan daha əvvəl mövcud olduğuna, soyuq və rütubətli şəraitdə saxlanılan dondurulmuş qidalar üzərində olduğu üçün daşınma dövründə mutasiyaya uğramadığına inanırlar.

Çinin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin virus mənşəli xəstəliklərin nəzarəti və profilaktikası üzrə milli institutunun partiya katibi U Quycen deyib ki, "Sinfadi" bazarından, habelə bazarın ətrafından müxtəlif əşyalardan, o cümlədən balıq doğranılan taxtadan, soyuducudan, balıq saxlanılan çənlərdən, divarlardan götürülən xeyli nümunənin analizlərinin müsbət çıxması oranın ciddi şəkildə virusa bulaşdığını sübut edir.

İnstitutun digər alimi Liü Cun isə yoluxmuş bir kəsin bazara gələrək virusu ordakılara keçirməsi variantını da istisna etmir. Bazarda yoluxmuş şəxsin asqırması nəticəsində virus ətrafa yayılaraq, əşyaların üzərinə düşmüş ola bilər. Bazarlardakı soyuq və rütubətli mühit isə virusun yaşaması və çoxalması üçün ideal məkandır. Liü Cun virusun bazardan yayılmasına baxmayaraq, hələ oranın virusun mənbəyi olması haqqında qəti söz deməyin mümkün olmadığını bildirib. O, Uxan fərziyyəsindən fərqli olaraq, Pekindəki bazarda aşkarlanan virusun vəhşi heyvanlardan gəlməsi ehtimalının az olduğunu deyib.

Virus mənşəli xəstəliklərin nəzarəti və profilaktikası üzrə milli institutun digər alimi Can Yon "Sinfadi" bazarında xeyli sayda nümunədə virusun aşkarlanmasının infeksiyanın bazara bir müddət əvvəl gəlməsi ehtimalını artırdığını bildirib.

Xatırladaq ki, 56 günlük fasilədən sonra iyunun 11-də Pekində Asiyanın ən böyük meyvə-tərəvəz və ət topdansatış bazarı olan "Sinfadi" ilə əlaqəli ilk COVID-19 yoluxması aşkarlanıb. İndiyədək bazarla birbaşa və dolayısı yolla əlaqəli olan 150-dən çox yoluxma faktı qeydə alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.