Dünya

Ermənilərin uydurduğu, Stalinin nifrət etdiyi xain “qəhrəman”... - FOTO

24 May 2020 15:39
0 Şərh     Baxış: 2 216
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Erməni tarixçiləri onun haqqında az qala əfsanələr yaradıblar, alman faşizmi üzərində qələbənin təmin olunmasında onu müharibə qəhrəmanına çeviriblər, hətta İvan Baqramyanı İosif Stalinin yaxın silahdaşlarından biri kimi təqdim ediblər. Sözsüz ki, bu cür təqdimat mifdən, əfsanədən başqa bir şey deyil. Bir neçə tarixi fakta nəzər salsaq, söylənilənlərin heç bir həqiqətə uyğun olmadığının şahidi olarıq.

İlk növbədə, qeyd edək ki, Baqramyan şəxsi maraqları üçün hər an mövqeyini dəyişməyə qadir bir şəxs olub. "Çevik" transferlik qabiliyyətinə malik Baqramyan əvvəlcə Rus imperiyası ordusunda, sonra daşnak ordusunda, daha sonra isə Qızıl orduda xidmət edib. Baqramyan öz rahatlığı və karyerası üçün bütün vasitələrə əl atıb, hiyləgər manevrləri ilə özünü və hərbi karyerasını qoruya bilib. 

Düzdür, o, həmişə istədiyinə nail ola bilməyib. Xüsusilə də Stalinin nüfuzlu hərbçilər siyahısında onun adı əks olunmayıb. O, nə qədər canfəşanlıq etsə də, Stalindən nə marşal rütbəsi, nə də "Qələbə" ordeni ala bilməyib. Mikoyan bir neçə dəfə Stalindən bunu xahiş etsə də, Baqramyanın arzuları gerçəkləşməyib. Əlbəttə bu da səbəbsiz olmayıb. 

Milli.Az musavat.com-a istinadən bildirir ki, müharibə başlananda Baqramyan şimal-şərq cəbhəsinin qərargah rəisinin müavini vəzifəsində xidmət edib. Almanların hücumu zamanı o, öz əməliyyat rayonunda vəziyyəti düzgün qiymətləndirə bilməyib, son dərəcə təhlükəli əməliyyat şəraiti haqqında Baş qərargaha vaxtında məlumat ötürməyib. Bu cür qeyri-peşəkar yanaşma Baş qərargahda Stalinin iştirakı ilə keçirilən əməliyyat müşavirəsində sərt tənqid olunub.

İkinci dəfə o, öz qeyri-peşəkarlığını 1942-ci ildə Xarkov əməliyyatında nümayiş etdirib. Həmin ərəfədə cənub-qərb cəbhəsinin qərargah rəisi olan Baqramyanın uğursuz əməliyyatı SSRİ-yə baha başa gəlib. Əməliyyat zamanı sovet ordusunun 180 minə qədər döyüşçüsü, 900-dən artıq texnikası məhv edilib, 250 min nəfər əsir götürülüb. Bununla da alman qoşunlarının Stalinqrada və Qafqaza yolu açılıb. Bu uğursuz əməliyyat Dövlət Müdafiə Komitəsində müzakirəyə çıxarılıb. 

Stalin cənub-qərb cəbhəsinin hərbi şurasına məktub ünvanlayıb: "Uğursuz Xarkov əməliyyatı üç həftə ərzində 20 diviziyanı alman qoşunlarına təslim etdi. Bu məğlubiyyət Baqramyanın qeyri-peşəkarlığının nəticəsidir. Onun bu gündən sonra cənub-qərb cəbhəsinin qərargah rəisi vəzifəsində xidməti məqsədəuyğun sayılmır..."

Baqramyan uğursuz Xarkov əməliyyatından sonra tutduğu vəzifədən azad olunub. Əslində, dövrün mövcud Stalin qanunlarına görə, Baqramyan güllələnməyə məhkum olunmalı idi. Amma bu dəfə də erməni həmrəyliyi onu xilas edib. Mikoyan Baqramyan üçün Stalinə ağız açıb. Həmin hadisələrdə Georgi Jukov da Stalindən Baqramyan üçün möhlət istəyib.

Baqramyan hədsiz dərəcədə pafoslu bir şəxs olub, ən kiçik hadisələri belə, "təmtəraqla" təqdim etməyi bacarıb. Çoxlarının bildiyi bir hadisə də buna sübutdur. 

Müharibə vaxtı Baltik sahilində ilk olaraq Baqramyanın başçılıq etdiyi hərbi birləşmə mövqe tutub. Erməni general qürrələnərək Baltik dənizinin suyunu şüşə qaba doldurub və adyutantına tapşırıb ki, təcili Moskvaya uçub, suyu Stalinə çatdırsın. Adyutant təyyarədə uçarkən almanlar Baqramyanın qoşunlarını geri çəkilməyə məcbur edib. Təbii ki, bu məsələdən Stalin də məlumatlı olub. 

Bunlardan xəbərsiz olan adyutant isə Stalinin qəbuluna gəlib və suyu ona təqdim edib:

- Yoldaş Stalin, qabda Baltik dənizinin suyunu gətirmişəm.

Stalin bir-neçə dəqiqə diqqətlə və eyhamla suya baxdıqdan sonra onu adyutanta qaytarıb:

- Siz bu suyu Baqramyana qaytarın və deyin ki, suyu haradan götürübsə, elə ora da boşaltsın.

Qeyd edək ki, Baqramyan Stalinin hakimiyyəti dövründə Mərkəzi Komitənin üzvü seçilməyib. Yukovun, Mikoyanın, Vasilevskinin xahişlərini belə, Stalin nəzərə almayıb. O, cümlədən Stalin ona marşal rütbəsi verməkdən də imtina edib. 

Hətta ziyafətlərin birində Stalin üzünü ona tutaraq bu məsələni zarafata salıb: "Gürcülərdən bir marşal var. Amma o həqiqi marşal deyil, "parket" marşaldır (Beriya nəzərdə tutulub). Ermənilərdən isə marşal yoxdur, "parket" marşal olmaqdansa, həqiqi marşal olmağın vaxtını gözləmək lazımdır".

Beləliklə, Baqramyan Stalindən istədiklərini ala bilməyib.

Xruşovun hakimiyyətə gəlməsi Baqramyanın karyerasında növbəti uğur mərhələsini açıb. Məhz bu illər ərzində o, Mərkəzi Komitənin üzvü və SSRİ Ali Sovetinin deputatı seçilib, marşal rütbəsi alıb. Vaxtilə onu ölümdən xilas edən Jukovun vəzifəsindən uzaqlaşdırılmasında fəallıq göstərdiyinə görə, Xruşov onu yetərincə qiymətləndirib.

Şəxsi ambisiyalarına görə xəyanət yolunu rahatlıqla seçən Baqramyan 1964-cü ildə, bu dəfə Brejnevə dəstək olaraq Xruşovun devrilməsində fəallıq göstərib və yeni komandada mövqelərini möhkəmləndirib. Brejnevin hakimiyyəti illərində o, müdafiə nazirinin müavini və  Müdafiə nazirliyinin Baş inspektorlar qrupunun baş inspektoru vəzifələrində xidmətini davam etdirib.

Baqramyan öz hiyləgərliyi sayəsində yeganə yüksəkçinli hərbçilərdən biri olub ki, ölən gününə, 21 sentyabr 1982-ci ilə, 84 yaşına qədər hərbi mundirdə vəzifə başında olub.

Göründüyü kimi, erməni xislətinə xas olan bütün xüsusiyyətlər mifləşdirilmiş Baqramyanın xarakterində də cəmlənib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.