Dünya

“Bu ölkədə koronavirusu ciddiyə alan yoxdur” - İsveçdə yaşayan Kənan - VİDEO - FOTO

12 Aprel 2020 16:49
4 Şərh     Baxış: 8 593
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsveçdə yaşayan mühacir Kənan Hacıəkbəroğlu oradakı vəziyyətdən, koronavirusla mübarizənin olmamasından danışdı

Dünya koronavirus bəlası ilə mübarizə apardığı günlərdə İsveç fərqli bir strategiya həyata keçirir. Karantin rejimi həyata keçirilmir, iş yerləri fəaliyyətini davam etdirir. Ölkənin baş naziri belə çıxışında koronavirusu ciddiyə almadıqlarını sətiraltı mesaj olaraq verir.

Milli.Az bildirir ki, musavat.com İsveçdə yaşayan mühacir Kənan Hacıəkbəroğlu ilə ordakı "koronavirus rahatlığı"nı müzakirə edib. Müsahibimiz öncə ölkədə bu virusa yoluxanlar, zərər çəkənlər, dünyasını dəyişənlərlə bağlı statistikanı bizimlə bölüşüb:

- İsveç 10 milyon əhalisi olan ölkədir. Bu günə qədər koronavirusdan 901 nəfər ölüb. 381 nəfər sağalıb. 10.303 nəfər isə ümumi xəstədir qeydə alınan. İsveçin baş naziri çıxışında dedi ki, bu, adi qriplərdən biridir və insanlar özü səhhətinə qulluq etməlidir. Onun bildirdiyinə görə, xəstələnən adamlar müalicə almalıdır, bu xəstəliyin müalicəsi də var. Yaşlı nəsil isə sərbəst şəkildə işə getməyə bilər. Onların sığortası və təqaüd fonu var. Onlar öz pulunu ala bilər. İşləməyənlər isə yardımını zatən alırlar.

- Bildiyim qədər məktəblər də fəaliyyət göstərir, iş yerləri də qapalı deyil, İsveçdə...

-Bəli, düz bilirsiz. Sadəcə rəsmi şəkildə kütləvi tədbirlər - idman tədbirləri, konserlər qadağan olunub. İndi son 15 günün içində universitetləri bağladılar. Amma orta məktəb və bağçalar, restoranlar çalışır.

- İnsanlar maskadan, əlçəkdən istifadə edirmi? Spirtlə əllərini tez-tez dezinfeksiya edirmi?

- Maska da yoxdu, əlcək də yoxdu. İnsanlar bundan istifadə etmirlər. Spirtlə dezinfeksiya da aktiv deyil. Sadəcə, restoranlarda yoxlamalar var. Hər şey xlorla silinməlidir. Amma şəhərin içində masla və əlcəklə gəzən bir-iki nəfər görmək olar ki, onlar da psixoloji baxımdan hədsiz narahat adamlardır. Yəni, aşırı həssas, aşırı qorxaq adamlar maskadan istifadə edir burda.

- Kənan bəy, axı statistika xoş deyil. Koronavirusa görə 1000-ə yaxın ölüm faktından danışırıq. Sizə elə gəlmirmi ki, isveçlilərin bu rahatlığı onların axırına çıxacaq?

- Baxın, mənim burda restoranım var. İnsanlarla təmas qururam, danışırıq, söhbət edirik. Hər kəs burda hesab edir ki, koronavirus da adi virusdur, sıradan xəstəliklərdən biridir. Xəstəliyə inanmıram, fövqəladə dərəcədə inanmıram. Amma qorunmaq lazımdırsa bunu edirəm, təbii ki, təmtəraqlı şəkildə yox. Bizim restoranda pizza satılır. Əgər əlimdə koronavirus varsa, o yeməyə də keçəcək. Bunu yeyən də xəstələnəcək, deyilmi? Amma eyni təhlükə sizin üçün, sizin kimi karantin rejimində qorunan insanlar üçün də keçərlidir. Gedirsiz mağazaya, kartof alırsız məsələn. Birinə əlinizi vurursuz, bəyənmirsiz, o birinə toxunursuz. Nə bilirsiz virus o kartofun üstündə yoxdu? Sİzdən əvvəl kimsə ona toxunmayıb, hardan bilirsiz? Zaman-zaman bu xəstəlik olub. Bəzən heç xəbərimiz də olmayıb, tutulmuşuq virusa, sonra da sağalmışıq. Adi virusdan biridir. Sadəcə fövqəladə vəziyyətdə insanları idarə etməyə ehtyac görmürəm.

- Adi virus? 10 milyon əhalinin 1000-ə qədəri ölüb artıq bu virusdan. Az gəlir sizə, bəy?

-Bu 901 nəfərin ölümünü ciddi analiz etmək lazımdır. Bunların arasında şəkər xəstələri, böyrək çatışmazlığı olanlar, xərçəng xəstələri də çoxluq təşkil edir. Onların bədəninə virus düşən kimi immunitet zəifliyindən dünyasını dəyişirlər. Gün ərzində Azərbaycanda qəzadan, ürək çatışmazlığından ölən nə qədər adam var, bunu bilirsizmi? Kimdə bir balaca qızdırma olursa, dərhal koronavirus xəstəsi damğası vurulur. Olmaz axı belə. Mən özüm hər ayda bir dəfə yoxlamadan keçirəm. Hamı qeydiyyatdan keçir, yoxlanır. Yaxşısan, evinə yollan. Pissən, həkimə get. İsveç sübut etdi ki, sosial dövlətdir. Bu cür olsan daha gözəl olar. Bu gün Azərbaycadan aclıq hökm sürür. Bu həftədən sonra insanlar yeməyi düşünəcək, nəinki xəstəliyi. İnsanı virusdan qorumaq düzgündür. Amma nəzərə alaq ki, insan ac qalanda digər xəstəliklər də ortaya çıxacaq. İsveç rəsmi şəkildə dedi ki, biz bu virusa "inanırıq". Yəni, həyata davam edir İsveç.

- İsveçə qonşu ölkələrdə vəziyyət fərqlidir amma... Danimarka və Norveçin karantin rejimi var, sizlərdən daha ciddiyə alırlar durumu. Sizcə niyə?

- İsveçdə yaşayanların çoxu gedib Danimarka və Norveçd çalışır. Orda maaş daha yüksəkdir. İsveç vətəndaşıdır, amma orda çalışır. Danimarka ilə bizim aramız bağlıdır, sərhəd bağlıdır. Əhalinin yarısı orda qalıb, yarısı burda. Amma buna baxmayaraq, orda mühafizə olunub. Bu gün Norveç öz səhvini başa düşüb ki, biz gərək İsveç modelini götürəydik. Çünki İsveç mühafizə olunmadı, iş gedir. Hər şey öz axarı ilə davam edir. Norveçdə orta məktəblər bağlanır. Danimarkada restoranlar bağlanmışdı, təzə açıblar. Orda məktəblər bağlıdır. 

- Bir sözlə, İsveç dünyaya istehza edir - hamı qorunur, hamı təlaşlıdır, isveçlilər koronaya meydan oxuyur...

- (Gülür) Elə də demək olar. Burda indi pasxa bayramıdır. İsveç bu bayrama çox möhtəşəm hazırlaşırlar. İnsanlar rahatdılar. Düzdü, bizim restoranda stolun üstündə spirt, kolonya var. İnsanlara xidmət baxımdan. Amma onu istifadə edən yoxdur. İnsan gəlir, əlini yuyur, yeməyini yeyib çıxır. Baş nazirin çıxışında bir cümlə vardı ki, isveç insanları idmanla məşğul olduğuna görə bunlara virus az düşür. Bu da əminlik və arxayın yaratdı. Baş nazirin çıxışı martın ortalarında olmuşdu. Bütün isveç əhalisi səbirsizliklə bu çıxışı gözləyirdilər. Onun çıxışı çox şeyi dəyişdi. Martın 1-dən 6-a qədər az satırdım yeməyi. Onun çıxışından sonra insanlar ikiqat rahatladılar, alış-verişə davam etdilər.

- Hansı sektor çökür, İsveçdə?

- Turizm sahəsi əziyyət çəkir. Sıfırlandılar. Bütün otellər qapandı - 90 faizi. Otellərdə çalışan insanlarımız var ki, işdən çıxarıldı. Amma ticarət baxımdan heç bir problem yoxdu. İnanmıram ki, yaxın bir ildə də karantin olsa da, bu sahə çökər.

- Orda yaşayan azərbaycanlı mühacirlərin vəziyyəti necədir?

- Miqrasiyada olanlara dövlət pulunu, yeməyini verir. Qara yaşayan insanlar əziyyət çəkir. Böyük şirkətlər bağlanıb - oteldə çalışan insanlar əziyyət çəkir. Amma bu da müvəqqətidir. İnanıram ki, tez bir zamanda həll olunacaq. Azərbaycanlılar da bu cəmiyyətin bir parçasıdır. İsveçlilərə dəyən ziyan bizə də dəyir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.