Dünya

"Saudi Aramco"ya hücum: görünən və görünməyən faktorların fonunda

19 Sentyabr 2019 18:04
1 Şərh     Baxış: 1 044
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az newtimes.az-a istinadən yazını təqdim edir.

Bugünlərdə Səudiyyə Ərəbistanının "Aramco" dövlət şirkətinin neft emalı zavodlarına dronlarla edilən hücumlar qlobal miqyasda geosiyasi gərginlik yaradıb. Dərhal ABŞ-la İran arasında söz atışması özünü göstərib. Tərəflərin hər ikisi müharibəyə hazır olduqlarını bəyan ediblər. Bununla yanaşı, belə bir fikir səsləndirilib ki, nə Amerika, nə də İran müharibə istəmirlər. Onda bu hücumu kimlər və nə üçün təşkil ediblər? Ekspertlərin fikrinə görə, geosiyasi aspektdə məsələnin maraqlı və aktual tərəfi bundan ibarətdir. Çünki belə bir gizli faktorun mövcudluğu vəziyyəti nəzarətdə saxlamağın çox çətin olduğunun göstəricisidir. İstənilən an buna bənzər hadisə baş verə bilər. Özü də maraqlıdır ki, həmin hadisə neftlə bağlı verilən mühüm qərarlar fonunda baş verib. Məqsəd nədir? Hansı dairələr belə riskli addımlarda maraqlıdırlar? Bu kimi sualların kontekstində "Saudi Aramco" şirkətinin terminallarına olan hücumların geosiyasi aspekti üzərində geniş dayanmağa ehtiyac görürük.

Havadan zərbə: arxasında duran məqsəd

Onsuz da od içində olan Yaxın Şərqdə yeni münaqişə ocağı alovlanmaqdadır. Səudiyyə Ərəbistanına məxsus iri neft obyektlərinə silahlı hücum dünyanı qarışdırıb. "Saudi Aramco" şirkətinə aid olan terminallara böyük ziyan vurulub. Pilotsuz hava aparatlarının endirdiyi zərbə nəticəsində Səudiyyə Ərəbistanının neft istehsalına ciddi ziyan dəyib, bu ölkədə neft hasilatı yarıbayarı azalıb. Mütəxəssislərin təxminlərinə görə, onun nəticələrini bir neçə həftəyə ancaq aradan qaldırmaq mümkün olacaq.

Bu vəziyyətə dünyanın bir sıra dövlətləri dərhal reaksiya veriblər. Birləşmiş Ştatlar İran və İraqı ittiham edib. Yüksək vəzifəli rəsmilərdən biri deyib ki, hücum Yəmən tərəfdən ola bilməzdi. Koordinatlar İraq və İranı göstərir. Bundan başqa, çətin ki, pilotsuz təyyarələr bu həcmdə işi görə bilsinlər. Burada raket hücumu variantı da istisna edilmir.

Yəmənin üsyançı-husiləri hücumu pilotsuz uçan aparatlarla reallaşdırdıqlarını bəyan ediblər. Bununla onlar Tehranın məsələyə aidiyyətinin olmadığını göstərmək istəyirlər. Tehran da hücumla bağlı olmadığını bəyan edib. Lakin Ər-Riyad və Vaşinqton buna inanmır. Məsələ ilə bağlı Donald Tramp təhlükəsizlik müşavirəsi keçirib. İclasda vitse-prezident Mayk Pens, dövlət katibi Mayk Pompeo və müdafiə naziri Mark Esper iştirak ediblər. Müzakirələrdən sonra D.Tramp kəskin bəyanat verib. O, faktiki olaraq, müharibəyə hazır olduqlarını deyib. ABŞ prezidenti "hədəfə istiqamətləndiklərini" söyləyib, çünki zərbəni kimin endirdiyinə tam əmindirlər.

Bunun ardınca M.Pompeo İranın dünyanın enerji tədarükünə tayı-bərabəri olmayan bir zərbə endirdiyini bəyanlayıb. D.Tramp da özünün Tvitter səhifəsindən bildirib ki, Səudiyyə Ərəbistanından əlavə informasiyalar gözləyirlər. Bu əsasda hərəkət planını tərtib edəcəklər. Əlbəttə, Tehran da səssiz qalmayıb. Prezident Həsən Ruhani hücum haqqında konkret danışmasa da, Amerikanı Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə silah verməkdə, kəşfiyyat informasiyaları ötürməkdə ittiham edib. Bununla Vaşinqtonun, əslində, "bir savaş əməliyyatı" həyata keçirdiyini bəyan edib.

İran prezidenti onu da vurğulayıb ki, hazırda Fars körfəzində baş verənlərdən bütün dünya narahatdır. Yəni problem ancaq region miqyası ilə məhdudlaşmayacaq, onun təsiri daha geniş məkanları əhatə edəcək. Ekspertlər bunu çox sayda dövlətlərin iştirak edə biləcəyi bir müharibənin meydana gəlməsi təhdidi kimi izah edirlər.

İran İslam İnqilabının Keşikçiləri Korpusunun aerokosmik qüvvələrinin komandanı briqada generalı Əmir Əli Hacızadənin ifadə etdiyi fikirlər fonunda böyük bir müharibənin yaranması ehtimalının mövcudluğu bir daha təsdiq olunur. General inqilab keşikçilərinin savaşa hazır olduqlarını, İran raketlərinin çevrədə 2000 kilometrlik bir məsafəni vura bildiyini söyləyib. Bu məsafəyə Amerikanın hərbi bazaları və gəmiləri daxildir.

O, sözlərinə davam edərək daha maraqlı bir fikir ifadə edib. Ə.Ə.Hacızadənin sözlərinə görə, nə Amerika, nə də İran müharibə istəmir. Ancaq "yanlış anlaşılma səbəbindən savaş ortaya çıxa bilər"! Xarici işlər naziri Məhəmməd Cavad Zərifin də bir fikri bu baxımdan düşündürücüdür. O, ABŞ-ın İrana təzyiq siyasətinin "maksimum yalan siyasətinə" çevrildiyini deyib.

İran prezidentinin, xarici işlər nazirinin və İslam İnqilabının Keşikçiləri Korpusunun komandanının söylədikləri fikirlərin ortaq bir məntiqi vardır: regionda savaş ortaya çıxa bilər, lakin nə Amerika, nə də İran birbaşa bunda maraqlı deyillər, ortada üçüncü qüvvə vardır ki, təxribatlar törədir. Bu "üçüncü qüvvə" kimdir? Təxmin etmək olar ki, Tehran İsrail kəşfiyyatını nəzərdə tutur. Buradan Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə doğru olmayan informasiyalar ötürülür ki, bunda məqsəd İranı günahkar çıxarmaq, onun düşmən obrazını yaratmaqdır.

Yüksələn risklər: "yeraltı sular" bulanıqdır

Əgər vəziyyət doğrudan da bu cürdürsə, onda son dərəcə təhlükəli bir mənzərə yaranmış olur. Yaxın Şərqin geosiyasi dinamikası kontekstində burada üzərində düşünüləsi bir sıra məqamlar mövcuddur. Belə görünür ki, Ağ Evdən Con Boltonun getməsi "qırğılar"ın mövqeyini elə də zəiflətməyib. Əksinə, yuxarıda vurğulanan vəziyyətin yaranması C.Boltonu haqlı tərəf kimi göstərir. Yəni səbəbkar C.Bolton deyil, çünki o, artıq vəzifədə yoxdur, lakin İran görün "nələr edir"! O halda "Taliban"la danışıqların pozulmasında da C.Boltonun günahı yoxdur. Həm də ona görə ki, D.Tramp özü bəyan etdi ki, Üsamə bin Ladenin oğlu Həmzə bin Laden danışıqları pozan terror aktlarının törədildiyinə görə öldürüldü (söhbət Əfqanıstanda 10 hərbçinin ölümü ilə nəticələn terror olayından gedir). Deməli, Ağ Evdə vəziyyət göründüyündən daha qarışıqdır.

Digər məqam Yaxın Şərqdə daim vəziyyəti gərginləşdirməyə istiqamətlənmiş sistemli fəaliyyətin olması ilə bağlıdır. "Saudi Aramco"ya hücum bu baxımdan son dərəcə riskli bir addımdır. Bu, faktiki olaraq, dünyanı qarşıdurmaya sürükləməkdir. Çünki həmin aksiya dünya üçün enerji faktorunun böyük önəm daşıdığı bir mərhələdə həyata keçirilib. Məlumdur ki, dünyada Amerika ilə Avropa, Çin və Rusiya arasında ticarət müharibəsi getdikcə qızışır. Son olaraq D.Tramp ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) rəhbərini fəaliyyətsizlikdə suçlamışdı. O, avropalıların maliyyə siyasəti ilə Amerikanı zəiflətdiyi tezisini irəli sürüb. Çin daha ciddi zərbələr endirir. Bu kontekstdə enerjidaşıyıcılarının qiymətinin "oynaması" birbaşa maliyyə ehtiyatlarına təsir edir. Neft emalı zavodlarına hücumdan bir neçə gün öncə Ər-Riyadın neft istehsalını müvəqqəti dayandırmaq haqqında qərara gəlməsi həmin baxımdan çox maraqlıdır.

Məhz bu qərardan sonra "Saudi Aramco"ya dronlarla hücum oldu və vəziyyət daha da gərginləşdi. İndi Səudiyyə Ərəbistanı neft istehsalını qismən bərpa edəcəyini deyir. Deməli, Ər-Riyad neftin qiymətini bahalaşdıran addım atıb. Bu, İrana sərfəlidir. Ona görə də Tehran "Saudi Aramco"ya niyə hücum etsin? Əksinə, belə çıxır ki, hansısa dairələr sanki səudiləri neft istehsalını bərpa etməyə məcbur edir ki, neftin qiyməti aşağı düşsün. Hər bir halda, görünür, kimlərsə səudilərin neft istehsalını müvəqqəti dayandırmasından narahatdır.

Bu halda belə bir vəziyyət yaranır: bir güllə ilə iki dovşan vurublar. Birincisi, neftin qiymətini aşağı salıblar. İkincisi, İranı günahkar kimi göstəriblər. D.Tramp da qəzəblə yenidən İranı "vura biləcəyi" istəyini ortaya qoyub. Belə nəticə çıxarmaq olarmı ki, C.Bolton, M.Pompeo və d. "qırğılar"ı meydana atanlar hələ də "əsəbləri tarıma çəkməyə çalışırlar". Amerikanı daim İrana qarşı "kökləyib" yeni bir böhran yaratmağa çalışırlar?

Bununla da Yaxın Şərq daha təhlükəli bir formada alova bürünmüş olur və Suriya kimi problemlər daha da kəskinləşir. Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov da bugünlərdə bəyan etmişdi ki, "Suriyada həqiqətən müharibə sona çatıb, indi siyasi fəaliyyət zamanıdır". Lakin "Saudi Aramco" hadisəsi göstərir ki, hələ yeraltında sular bulanıqdır. Qəribədir ki, yuxarıda vurğulanan məqamlar Binyamin Netanyahunun İordan vadisinin ilhaqı planı ilə bağlı verdiyi bəyanatla eyni vaxta təsadüf edir. Sanki risklər və qeyri-müəyyənlik hər tərəfdən "qabarır".

Bunlar "Saudi Aramco" hadisəsinin düşünüldüyündən də dərin faktorlarla əlaqəli ola biləcəyini göstərir. Dünya doğrudan da riskli vəziyyətlə qarşı-qarşıyadır. Bu o demək deyil ki, bütün bunlar mütləq müharibə ilə bitəcək. Onu hadisələrin real gedişatı göstərəcək. Başlıca təhlükə ondan ibarətdir ki, hansısa gizli dairələr regionda qarşıdurmalar yaradır. Əlbəttə, biz bu fikri də təsdiq etmirik ki, bu, mütləq qaydada belədir. Sadəcə bir sıra rəsmi şəxslərin fikirləri belə bir nəticə çıxarmağa istiqamətləndirir.

Əlbəttə, bəşəriyyət üçün sabitlik hər şeydən əsasdır. "Saudi Aramco" ətrafında yaranmış vəziyyətin də sabitliklə sonuclanması çox yaxşı olardı. Bununla yanaşı, böyük dövlətlərin öz siyasətlərinə bir daha düzəlişlər etməsinə ehtiyac görünür. Çünki bütövlükdə dünya daha həssas bir vəziyyətə transformasiya edən qeyri-sabit, təhlükəli və çətin idarə edilən məkan təsiri bağışlayır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.