Dünya

125 milyon dollarlıq neftə görə kapitana 5 milyon dollar rüşvət? - Hukun məktubları cavabsız qalıb...

5 Sentyabr 2019 20:04
0 Şərh     Baxış: 2 342
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Dövlət Departamenti təsdiq edib ki, iyul ayında  Hibraltarda həbs edilmiş və daha sonra buraxılmış İran neft tankerinin kapitanını ələ almaq istəyib.

Milli.Az Virtualaz.org-a istinadən xəbər verir ki, ABŞ-ın İran məsələləri üzrə xüsusi nümayəndəsi Brayan Huk "Adrian Darya 1" tankeri (əvvəlcə adı "Grace 1" olub)  Hibraltarda həbs olunmazdan əvvəl kapitana elektron poçtla məktub göndərib. Və ona gəmini ABŞ-ın yuridiksiyası altında olan ərazilərə yönəltməyin əvəzində 5 milyon dollar və təhlükəsizlik qarantiyası vəd edib.

Xatırladaq ki, "Grace 1" tankeri Suriyaya neft daşıması şübhəsi ilə iyul ayında Britaniya hakimiyyəti tərəfindən Hibraltarda həbs olunub. Avqust ayında tanker azad edilib, Tehran gəminin adını dəyişərək "Adrian Darya 1" edib və vəd verib ki, tanker Suriyaya üzməyəcək. Lakin Vaşinqtonda hesab edirlər ki, Tehran yalan danışıb və nəticədə amerikalılar tankerin ovuna çıxıblar.

"The Financial Times" qəzetinin yazdığına görə Brayan Huk hindistanlı kapitan Axileş Kumara bir neçə elektron məktub göndərib, həmin məktubda göstərilib ki, kapitana "bütün ömrü boyu bəs edəcək qədər" pul verəcəklər. Bir şərtlə ki, tankeri ABŞ-ın həbs edə biləcəyi məkana istiqamətləndirsin. Və kapitana xəbərdarlıq edilib ki, təklifdən imtina etsə həyatı mürəkkəbləşəcək.

Kapitan isə bu məktublara cavab verməyib. Nəticədə ABŞ onun adını sanksiyalar siyahısına salıb.

Dövlət Departamentinin sözçüsü təsdiq edib ki, onlar tankerin kapitanı ilə əlaqə yaratmağa çalışıblar.

ABŞ Maliyyə Nazirliyinin məlumatına görə tanker İnqilab Keşikçiləri Korpusu üçün 2.1 milyon barrel neft (indiki bazar qiyməti ilə 125 milyon dollar dəyərində) daşıyır. ABŞ İnqilab Keşikçilərini terror təşkilatları siyahısına daxil edib. Bildirilir ki, kapitana göndərilən elektron məktubda onun saxta olmadığına əminlik yaratmaq üçün Dövlət Departamentinin nömrəsi də göstərilmişdi.

Hazırda Birləşmiş Ştatlar tankerin ovunu davam etdirir, gəmi iki gündür ki, siqnal vermir. Amma məlumatlara görə onu Suriya sahillərində görüblər.

İran xarici işlər naziri Cavad Zərif ABŞ-ın tankerin kapitanını ələ almaq cəhdi ilə bağlı bildirib: "Dəniz quldurluğunda uğursuzluğa düçar olan ABŞ şantaja əl atır: İran neftini bizə çatdır, əvəzində milyonları al. Yoxsa sanksiyalar altına düşərsən. Mənimlə də belə elədilər, əvvəlcə Oval ofisə dəvət etdilər, getməyəndə sanksiya tətbiq etdilər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.