Suriyada vətəndaş müharibəsi təki ölkəni silkələyəcək hadisə baş verib.
Milli.Az-ın xəbərinə görə, ölkə prezidenti Bəşər Əsədin dayısı oğlu, milyarder və oliqarx Rami Məhlufa qarşı istintaq başlanıb. Onun ən iri şirkətlərinin rəhbərləri gecə saatlarında evlərində saxlanılıb, polis idarələrinə aparılıblar.
Nə baş verir?
Çox sadə. Suriyada İran və Rusiya arasında iri biznesə nəzarət uğrunda savaş start götürüb.
Məhluf ailəsi onillərdir ki, Bəşər Əsəd hakimiyyətinin maliyyə sütunudur. İndi Rusiya bu sütunu laxlatmaq və Suriyada İranı üstələmək niyyətindədir.
Moskva və Tehran arasında Dəməşqdə illərdən bəri davam edən rəqabət artıq açıq qarşıdurma mərhələsinə keçib.
Rusiya Bəşər Əsədə təzyiq göstərir ki, polis Məhluf ailəsinə məxsus şirkətlərdə "qəflətən" gizli korrupsiya şəbəkəsini aşkarlasın.
Məhluf ailəsi isə İranla çox sıx əlaqələrə malikdir.
Baş verənlər Suriyanın siyasi sistemini növbəti dəfə dəyişə bilər. İndi əsas məsələ Məhluf ailəsinin biznes imperiyasına kimin - Rusiya, yoxsa İran - nəzarət edəcəyidir.
Bəşər Əsədinsə son vaxtlar Rusiya ilə münasibətləri xeyli sərinləşib.
İndiyə olan məlumatlara görə, Rami Məhlufa məxsus 29 şirkətdə axtarışlar aparılır, onlarla şəxs tutulub.
Rami Məzluf Suriyanın mobil telekommunikasiya bazarının 56 faizinə nəzarət edən "SyriaTel" şirkətinin və ən böyük korporasiyanın - "Cham Holdinq"in sahibi olmaqla yanaşı, tütün məhsulları, spirtli içkilər, bahalı avtomobillər idxalına tam nəzarət edir. Suriyadakı bütün "duty free" və güzəştli ticarət zonaları onun əlindədir.
Məhlufun BENA şirkəti hotel biznesinə və developmentdə, "Cham Capital Group" - maliyyə, bank və sığorta sektorlarında, SANA - energetikada, "Pearl Airlines" aviadaşımalarda əsas yerləri tutur.
Habelə, Suriyadakı "Ramak", "Drex Technologies", "International Islamic Bank of Syria", "Byblos Bank", "Al Baraka Bank", "International Bank of Qatar", "Cham Bank", "Bank of Jordan in Syria" bankları, "Əl Vətən" gündəlik qəzeti, "Ninar" telekanalı və eyniadlı radiostansiya da Məhlufundur.
Məhluf ailəsi bu və digər şəkildə Suriya iqtisadiyyatının 60 faizinə nəzarət edir.
Orxan Hun
Milli.Az