Dünya

Hindistanın Ay stansiyası Yerin təbii peykinin trayektoriyasına yönləndirilib

14 Avqust 2019 13:59
0 Şərh     Baxış: 504

Hindistanın planetimizin orbitində yerləşən "Çandrayan-2" Ay stansiyası Yerin təbii peykinin trayektoriyasına yönləndirilib. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu məlumatı Hindistan Kosmik Tədqiqatlar Agentliyi (ISRO) yayıb.

Agentliyin məlumatına görə, kosmik aparat tədricən Yerin orbitinin ən yüksək zirvəsinə qalxıb və avqustun 20-də Ayın orbitinə çıxacaq. ISRO bildirib ki, yüksəliş manevri zamanı kosmik aparatın maye ilə işləyən mühərriki 1203 saniyə fəaliyyətdə olub ki, bu da "Çandrayan-2"yə Ayın uçuş orbitinə çıxmağa imkan verib. O da qeyd olunub ki, əvvəllər, iyulun 23-dən avqustun 6-dək olan müddətdə, kosmik aparatın orbiti beş dəfə genişlənib.

Alimlər hesab edirlər ki, bundan sonra ekspedisiyanın ən çətin və məsuliyyətli mərhələsi başlayır. Kosmik aparat Aya yaxınlaşdıqda, onun maye ilə işləyən mühərriki yenidən işə salınacaq və stansiya Yerin təbii peykinin lazımi orbitinə yerləşdiriləcək. ISRO-nun mütəxəssisləri daha dörd orbital manevr həyata keçirəcək və kosmik aparatın 100 kilometr yüksəklikdə Ayən qütblərinin üzərindən keçməsini təmin edəcəklər. Sonra aparatın enməsi üçün əlverişli yer seçiləcək. Bu məqamda - sentyabrın 2-də "Vikram" eniş modulu aparatdan ayrılacaq. Enmə modulu müstəqil olaraq iki orbital manevr edəcək və nəhayət, Ayın səthindəki seçilmiş yerə enəcək.

Hindistan kosmik aparatının Ayın səthinə yumşaq eniş etməsi sentyabrın 7-nə nəzərdə tutulub. Bu, Yerdən göndərilən kosmik aparatın Ayın cənub qütbünə ilk enişi olacaq. "Vikram" eniş modulu planetimizin təbii peykinə 27 kiloqram çəkisi olan "Praqyan" lunoxodunu endirəcək. O, Ayın səthində ən azı bir Ay günü (14 Yer günü) işləyəcək. Lunoxodun bundan sonra da fəaliyyətini davam etdirəcəyi istisna olunmur. Orbital modulun isə Yerin təbii peykində bir il işləyəcəyi bildirilir.

ISRO bildirib ki, Ayın cənub qütbü tədqiqat üçün təsadüfən seçilməyib. Məhz bu ərazi əvvəllər heç bir ölkə tərəfindən tədqiq edilməyib və indiyədək kosmik aparatlar Ayın ekvatorial hissəsini öyrəniblər. Hindistanın kosmik missiyasının əsas məqsədlərindən biri isə Yerin təbii peykinin səthində suyun aşkar edilməsidir. Bundan başqa, cənub qütbündən götürüləcək torpaq nümunələrinin Yerin təbii peykinin geoloji tarixinin tədqiqində daha faydalı olacağı qeyd olunur.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.