Dünya

İsveçrə əhalisi silah satışı və saxlanılması ilə bağlı qanunların sərtləşdirilməsinə tərəfdardır

20 May 2019 22:35
0 Şərh     Baxış: 889
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mayın 19-da İsveçrə Konfederasiyasında növbəti referendum keçirilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, referendum odlu silahların alışı və saxlanması ilə bağlı qanunların sərtləşdirilməsi təklifini nəzərdə tutur. Referendumda iştirak edən əhalinin 63,7 faizi bu qanunların sərtləşdirilməsinin tərəfdarı olub. Bununla da ölkədəki silah qanunlarının Avropa İttifaqı hüququ ilə eyniləşdirilməsinə dair hökumətin təklifi qəbul olunub.

İsveçrə Avropa İttifaqına üzv olmasa da, Şengen məkanına daxildir və Avropa İttifaqı ilə bir çox saziş imzalayıb. Referendumdan öncə hökumət tərəfindən xəbərdarlıq edilirdi ki, bu təklifin rədd edilməsi İsveçrənin Şengen məkanından təcrid edilməsi və ölkə iqtisadiyyatına milyardlarla frank zərərin dəyməsi ilə nəticələnə bilər.

Yeni qaydalara əsasən, gələcəkdə İsveçrədə darağında yüksək sayda patron tutumu olan yarımavtomat odlu silahlar qadağan olunacaq. Kolleksioner və idman atıcılarına gələcəkdə bu silahları almaq və saxlamağa icazə verilsə də, bunun üçün kifayət qədər bürokratik prosedurlardan keçmək lazım gələcək.

İsveçrə qanunlarına görə, ölkədə 18-30 yaş arasındakı kişi vətəndaşlar hərbi xidmət keçməlidirlər və xidməti başa vurduqdan sonra hərbi silah onların mülkiyyətində qala bilər. Buna görə, ölkədə fərdi qaydada odlu silahlara sahib olmaq çox geniş yayılıb. Hazırda 8,2 milyon əhalisi olan İsveçrədə təxminən 2,3 milyon odlu silahın mülki şəxslərdə olduğu ehtimal edilir.

Bundan başqa, beynəlxalq şirkətlərdən tutulan mənfəət vergisi ilə bağlı islahatın aparılması üçün hökumətin təklifi referendumda 66,7 faizlə qəbul olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.