Dünya

İranda gənclik yaşını 29-dan 35-ə niyə qaldırırlar?

16 May 2019 21:09
0 Şərh     Baxış: 1 193
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranda İdman və Gənclər Nazirliyi gənc təbəqəyə aid yaş həddini genişləndirmək təşəbbüsü ilə çıxış edib.

Hazırda 15-29 arası olan gənclik illərini 18-35 yaşadək artırmaq təklif olunur.

İLNA agentliyinin məlumatına əsasən, "gənclik yaşının artırılması" təşəbbüsünü irəli sürən İdman və Gənclər nazirinin müavini Məhəmməd Mehdi Tündquyan gənclərin iki problemlə üzləşdiyini deyib. Bunlar işsizlik və nikahların azalmasıdır.

BBC News Azərbaycancaya danışan ekspertlər hesab edir ki, İran rəsmisinin təşəbbüsü gənclərə dair siyasətin prioritetlərindən xəbər verir: çünki əhalinin yarısından çoxunu təşkil edən gənclər həm vətənlərinin müdafiəçisi, həm seçici, həm də işçi qüvvəsidir.

İslam dünyasının ən "fəal gəncləri"

ABŞ konqresi tərəfindən təsis olunmuş Sülh İnstitutunun (USİP) məlumatına əsasən, İranda əhalinin təqribən 60 faizi gənclərdir.

İran gəncləri 57 İslam ölkəsinin gəncləri ilə müqayisədə daha çox fəaldır.

USİP saytı yazır ki, İran rejimi gənclərin əsas sosial-iqtisadi problemlərini həll edə bilməyib və dəyişiklik tələb edən gənclər "uzun müddətdə hazırkı teokratik rejimə qarşı ən böyük təhlükədir".

Lakin ABŞ-da mənzillənən fəal Ramin Cabbarlı İran gənclərini vahid qrup olaraq görməyi düzgün hesab etmir.

İranABŞ prezidenti Donald Trump administrasiyası 2018-ci ildə sazişi tərk edərək İrana qarşı sanksiyaları bərpa edib. (Şəkil arxivdəndir)

"İranda siyasi qüvvələr fərqlidir. Gənclər də vahid bir qrup deyil. Onlar hər iki tərəfdə təmsil olunub və etnik, dini və iqtisadi vəziyyətinə görə bölünə bilər. Misal üçün azərbaycanlı, ərəb və kürd gənclərinin baxışlarına fərqli kimlikləri də təsir edir".

İqtidar bunu dərk edir, son bəyanat da məhz bundan xəbər verir, Ramin Cabbarlı BBC News Azərbaycancaya deyib.

Hakimiyyət "istəyir ki, 35 yaşına kimi olanlar da onlarla müraciət edə bilsin. Yəni hökumət daha geniş təbəqələrlə təmasda olsun".

İşsizlik

Dünya boyunca 196 ölkə barədə müxtəlif statistik göstəriciləri bir araya gətirən tradingeconomics portalı İranda işsizliyin 12 faizə yaxın olduğunu bildirir. İşsizlər arasında az qala 30 faizi gənclər təşkil edir, sayt yazır.

İran rəsmisinin çıxışına ilk reakisya verənlərdən biri - Günaz.tv nəşri olub. Müxalif yönlü sayt yazır ki, təşəbbüsün əsl məqsədi problemi "ört-basdır" etməkdir.

Amerikanın Iowa Universitetinin iqtisadiyyat üzrə doktorantı Behzad Ciddi əmindir ki, hökumət problemi həll etməkdə qərarlıdır və məsələnin həllinə məhdud iqtisadi imkanlar təsir göstərir.

"Hakimiyyət gənclərə bir iş görmək istəyir. Amma onun o qədər də gücü yoxdur", - BBC News Azərbaycancaya danışan cənab Ciddi deyir.

Onun sözlərinə görə hər il ali təhsil alan 20 min tələbədən yalnız 2 mini iş tapa bilir.

Cütlükİran hökuməti nikahların artmasını istəyir. (Şəkil arxivdəndir)

"Yerdə qalanlar, bacarsalar xaricə getməli olurlar. Bu, daha da bir problem - beyin axını problemini yaradır".

Demoqrafiya

İranın hazırda üzləşdiyi daha bir problem doğum səviyyəsinin azalmasıdır.

1979-cü ildə İran İslam İnqilabının ardınca doğum bumu demoqrafik vəziyyəti gənclərin xeyrinə dəyişib.

Lakin son illər əhalinin yaşlanması təmayülü müşahidə olunur.

Statistikaya əsasən, əhalisi 80 milyondan artıq olan ölkənin sakinləri arasında doğum səviyyəsi ildən-ilə azalaraq əhalinin qocalmasına səbəb olur.

BMT rəqəmlərinə görə, hazırda İran sakinlərinin orta yaşı 30 il ətrafındadır - 2050-ci ilədək isə bu rəqəm 45-i aşa bilər.

Cənab Ciddiyə əsasən, İranda iqtisadi problemlər doğum səviyyəsinin artmasına maneə olur.

"O qədər dostlarım var ki, iş tapa bilmir. Maaş azdı, yaşaya bilmirlər, valideynlərinin yanında qalmağa məcburdurlar. Ev almaq, maşın almaq isə bir arzudur", o deyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.