Dünya

Dünyada qızılcaya yoluxma hallarının sayı 300 faiz artıb

17 Aprel 2019 07:14
1 Şərh     Baxış: 818
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2019-cu ildə dünyada 112 min insan qızılca virusuna yoluxub. Dünya Səhiyyə Təşkilatının (DST) verdiyi məlumata əsasən, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 300 faiz çoxdur. Getdikcə daha çox insanı yoluxduran bu kəskin virusun kökü əslində peyvənd sayəsində çoxdan kəsilmiş olmalı idi.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, epidemiyanın geniş yayılmasının bir sıra səbəbləri var. Dünyanın bir sıra bölgələrində maddi, səhiyyə və maariflənmə səviyyəsi peyvənd əldə edilməsi üçün əsas maneə sayılır. Kasıb ölkələrin bir çoxu üçün DST xüsusi proqramla vaksin göndərsə də, mövcud səhiyyə infrastrukturunun yarıtmazlığı epidemiyanın qarşısını almağı çətinləşdirir. Digər mühüm səbəb isə inkişaf etmiş ölkələrdə peyvənd əleyhdarlarının apardığı aktiv kampaniyaların xəstəliyin yayılmasına təkan verməsidir.

Buna görə də ötən ilin yanvar-mart aylarında dünyanın 170 ölkəsindən əldə edilmiş statistik göstəricilərdə yoluxma hallarının sayı 28 min nəfər olduğu halda, cari ilin ilk rübündə bu rəqəm 112 min nəfərə yüksəlib.

DST tərəfindən aparılan kampaniyalarda bu virusun ən sürətlə yayılan və kəskin yoluxma gücünə malik virus olması göstərilir. Həyatında haçansa qızılcaya yoluxmamış və peyvənd edilməmiş sağlam şəxs bu virusun daşıyıcısı ilə təmasda olarkən yoluxma təhlükəsi 95 faiz təşkil edir. Peyvənd müdafiəsi olmayan uşaqlarda bu təmas nəticəsində baş verən yoluxma çox hallarda ölümlə nəticələnir. 2017-ci ildə dünyada 110 min insanın bu xəstəliyin qurbanı olduğu bildirilir. Dünyada qızılcanın tüğyan etdiyi ölkələr siyahısına Madaqaskar, Filippin, Konqo və Ukrayna başçılıq edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.