Dünya

Dünya güclərinin böyük oyunu: Türkiyə seçim edir…

4 Aprel 2019 20:24
0 Şərh     Baxış: 2 518
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

NATO Qara dənizdə hərbi gəmilərinin sayını artırmaq istəyir.

Milli.Az xəbər verir ki, bu sözlər "Atlas" Araşdırmalar Mərkəzinin təhlilində yer alıb. Mərkəz qeyd edir ki, NATO-nun məqsədi Ukrayna hərbi gəmilərinin Kerç boğazından rahat istifadəsini təmin etməkdir:

"Ancaq Rusiya bunun əleyhinədir. Rusiya Ukrayna gəmilərinin Kerç boğazından istifadəsini məhdudlaşdırır. Halbuki Ukrayna gəmilərinin Azov dənizindən istifadəsi beynəlxalq dəniz hüququna görə məhdudlaşdırılmamalıdır. Əgər Ukrayna hərbi gəmilərinin körpünün altından keçməsinə görə Rusiyadan icazə alsa, onda Krımın ilhaqını tanımış olacaq. Rəsmi Kiyev buna getməz".

Bildirilir ki, Rusiya NATO-nun Qara dənizdəki planlarına Türkiyə vasitəsilə mane olmaq istəyir:

"1936-cı ildə imzalanan Montrö sazişinə görə, gəmilərin Bosfor və Dardanel boğzlarından keçərək Qara dənizə daxil olmaq hüququ var. Ancaq hərbi gəmilər üçün məhdudiyyət mövcuddur. Qara dənizə aidiyyəti olmayan ölkələrin hərbi gəmilərinin Boğazlardan dənizə keçidinə məhdudiyyət qoyula bilər. Ancaq bu imkan Türkiyənin əlindədir, çünki Boğazlara Türkiyə nəzarət edir. Rusiya istəyir ki, Türkiyə NATO və ABŞ hərbi gəmilərinin Boğazlardan keçişinə məhdudiyyət qoysun".

Təhlildə vurğulanır ki, böyük dövlətlər Türkiyəni yenə çətin seçimə sürükləyirlər:

"Onsuz da Vaşinqton və NATO rəhbərliyi Türkiyəni hədələyir ki, Ankara Rusiyadan S-400 raketləri alsa, Türkiyənin Şimali Atlantika Blokunda üzvlüyünə yenidən baxıla bilər. Hətta ABŞ-ın vitse-prezidenti Mayk Pens Türkiyəni seçim etməyə çağırıb. Türkiyə prezidenti təzyiq altında qərarlarını dəyişdirmir. Aydındır ki, Ankara ABŞ və NATO-nun istəyi ilə Rusiya ilə hərbi əməkdaşlıqdan və S-400 raketlərindən imtina etməyəcək. Bu raketlər Türkiyənin təhlükəsizliyi üçün vacibdir. Vaxtilə Qərb ölkələri Türkiyəyə oxşar raketləri satmadılar, ona görə də Ankara Moskva ilə razılaşdı. Ankara S-400 raketlərindən imtina etsə, Rusiya ilə münasibətləri yenidən soyuyacaq. Bu isə Türkiyənin hazırkı maraqlarına cavab vermir".

Mərkəz belə vəziyyətdə Moskvanın da bir tərəfdən Ankaraya mesaj göndərdiyini vurğulayıb:

"Mesaj NATO və ABŞ hərbi gəmilərinin Qara dənizə buraxılmamasından ibarətdir. Ankara Vaşinqtonun təzyiqləri ilə hesablaşmadığı kimi Moskvanın da yumşaq təzyiqi ilə hesablaşmaya bilər. NATO-nun Qara dənizdə fəallığı Türkiyənin maraqlarının əleyhinə yönəlməyib. Əksinə, Ankara Moskva ilə əməkdaşlığına rəğmən Ukrayna və Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir, bu iki ölkənin NATO üzvlüyünün əleyhinə deyil".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.