Dünya

Ermənistanda analar oğullarını Dağlıq Qarabağa göndərmək istəmirlər - Etiraz aksiyası keçirdilər

24 Mart 2019 14:27
0 Şərh     Baxış: 1 418

Ermənistanın Meğri rayonundakı hərbi hissədə baş verən bir insident ictimaiyyətin diqqətini cəlb edib.

"Yerevan Today" saytının məlumatına görə, martın 17-də yüzə yaxın əsgər zabitlərin özbaşınalığına etiraz əlaməti olaraq, xidmət etdikləri hərbi hissəni tərk etmək istəyib.

Alay komandiri onları birtəhər yolda saxlayaraq, xidmətə geri qaytarmağa nail ola bilib.

Lakin həmin axşam hadisə zamanı xüsusi fəallıq göstərən 20 hərbi qulluqçu avtobusla öncə Qafanın hərbi polisinə, oradan isə Xankəndinə göndərilib. Bu zaman əsgərlərin hərbi formaları zorla əyinlərindən çıxarılıb və telefonları əllərindən alınıb.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, bununla əlaqədar hərbi qulluqçuların anaları İrəvanda hökumət evinin qarşısında etiraz aksiyası keçiriblər.

Onların sözlərinə görə, bütün hadisə Qasparyan adlı zabitin ucbatından baş verib. Belə ki, gördüyü əziyyətdən təngə gələn əsgərlərdən biri ona yaxınlaşıb və başqa bölməyə keçirilməsini istəyib. Zabit isə cavabında ona əl qaldırıb. Münaqişənin də buradan doğduğu iddia edilir.

Ermənistan Müdafiə Nazirliyinin sözcüsü Artsrun Ovannisyan isə kiçik qiyama görə həm əsgərlərin, həm də zabitlərin cəzalandırılacağını bildirib.

O, "bir neçə intizamsız əsgərin 90-cı illərin qayda-qanunlarını tətbiq edərək ayrı qidalanmaq, xüsusi yerlərdə yatmaq kimi özləri üçün xüsusi imtyazlar əldə etmək istədiklərini, üstəlik, başqalarını da qiyama təhrik etdiklərini" söyləyib.

Ermənistanın "Həqiqət uğrunda jurnalistlər" hüquq təşkilatının rəhbəri Janna Aleksanyan isə zabitlərin əsgərlərlə təhqiramiz davranması ucbatından bu tip insidentlərin baş verdiyini deyib və Artsrun Ovannisyanı bütün günahı əsgərlərin üzərinə yıxmasına görə sərt tənqid edib.

"Helsinki vətəndaş assambleyası" təşkilatının sədri Artur Sakunts isə məsələ ilə əlaqədar komissiyanın yaradılmalı olduğunu bildirib. O, hər hadisəyə görə əsgərlərin Qarabağa sürgün olunmasını doğru saymadığını, bütün bunların ordudakı mənfi gerçəklikləri gizlətmək üçün həyata keçirildiyini vurğulayıb.

Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.