Dünya

Türkiyəyə gözlənilməz dəstək - Fransa da ABŞ-a qarşı çıxdı

19 Mart 2019 16:08
0 Şərh     Baxış: 1 732
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rəsmi Vaşinqtonun Türkiyənin Rusiyadan "S-400" zenit raket kompleksləri alması səbəbi ilə gündəmə gətirdiyi "F-35" şantajlarına Avropadan sərt reaksiya gəlib.

Milli.Az bildirir ki, bu barədə Sputnik Azərbaycan Türkiyə KİV-nə istinadən xəbər verir.

Fransanın müdafiə naziri Florence Parli Birləşmiş Ştatların "F-35" qırıcıları ilə bağlı sanksiya təhdidlərinin yanlış olduğunu dilə gətirib: "Mən NATO-nun həmrəyliyinin bu və ya digər silahlarla təhdid olunmasına görə narahatam. Alyans qeyri-şərtsiz olmalıdır, əks halda bu, alyans ola bilməz. NATO-nun həmrəyliyi "F-35"-lərə deyil, 5-ci maddəyə əsaslanır".

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya ilə "S-500" zenit raket komplekslərinin alınmasına dair müqavilənin bağlanmasını istisna etməyib. Türkiyə lideri vurğulayıb ki, "S-400" zenit raketləri ilə bağlı müqavilə artıq bağlanıb və geri addım atıla bilməz.

"Hər şey razılaşdırılıb - kredit şərtlərindən birgə istehsala qədər. İmzalar atılıb, geri addım atıla bilməz. Bu, əxlaqsızlıq olardı. Ümid edirəm ki, biz "S-400"-ün ilk partiyasını iyulda alacağıq. Ola bilsin ki, "S-400"-lərdən sonra biz "S-500"-lərlə bağlı variantları nəzərdən keçirdik" - Ərdoğan bildirib.

Qeyd edək ki, martın 6-da ABŞ Dövlət Departamenti Türkiyəni sanksiyalarla hədələyib. Belə ki, Birləşmiş Ştatlar, Rusiyadan "S-400" alarsa, Türkiyəyə sanksiyalar tətbiq edəcəklərini açıqlayıb.

ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Robert Palladino Türkiyənin Rusiyadan "S-400" almasına münasibət bildirib. O, ABŞ-ın "S-400" məsələsində mövqeyinin dəyişmədiyini və Türkiyənin Rusiyadan bu sistemləri almaq cəhdinin ABŞ-ı ciddi şəkildə narahat etdiyini dilə gətirib.

"Havadan müdafiə sistemi məsələsində Türkiyə ilə bərabər işləməyə hazırıq və Türkiyənin qiymətləndirməsi üçün "Patriot" və digər sistemləri təklif edirik. Türkiyənin "S-400" alması Ankaranın "F-35" qırıcılarının 5-ci nəsil proqramının yaradılmasında iştirakına yenidən baxmağımıza səbəb olacaq. Bundan əlavə, gələcəkdə Türkiyəyə silah tədarükü imkanları sual altına düşəcək" - amerikalı sözçü vurğulayıb.

Palladino qeyd edib ki, "Sanksiyalar vasitəsilə ABŞ düşmənlərinə müqavimət haqqında" (CAATSA) qanunu çərçivəsində "S-400" alan dövlət və ya özəl bütün qurum və şəxslərin potensial sanksiyalara məruz qala biləcəyi bəyan olunub.

Qeyd edək ki, CAATSA qanunu Rusiyanın müdafiə və kəşfiyyatı ilə əlaqəli olan qurum və təşkilatlarla əməkdaşlıq edən üçüncü ölkə və şirkətlərə də sanksiya tətbiq olunmasını nəzərdə tutur. Dünən ABŞ-ın Avropa Qüvvələri (EUCOM) və NATO Müttəfiq Qüvvələri komandanı, ordu generalı Kortis M.Scaparrotti də deyib ki, Türkiyə "S-400" alarsa, "F-35" qırıcıları bu ölkəyə verilməməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.