Dünya

Korrupsiyada təqsirləndirilən Yaponiya MOK-un başçısı istefa vermək niyyətindədir

16 Mart 2019 23:43
0 Şərh     Baxış: 333

Fransanın hüquq-mühafizə orqanları tərəfindən korrupsiyada təqsirləndirilən Yaponiya Milli Olimpiya Komitəsinin (MOK) sədri Sunekadzu Takeda istefa vermək niyyətindədir. Bu barədə "Kyodo News" agentliyinin yaydığı məlumata görə, Takeda müvafiq niyyəti barədə özünün yaxın ətrafına bildirib. O, bu addımını yaxınlarda rəsmi bəyan etməlidir.

Qeyd olunur ki, Takedanın istefası onun, ilk növbədə, 2020-ci il Tokio Yay Olimpiadasının astanasında Yaponiya MOK-un nüfuzuna xələl gətirməmək istəyi ilə bağlıdır. Bundan başqa, yayda komitənin rəhbərliyinin tərkibində növbəti seçkilər keçiriləcək, Takeda bu və ya digər halda Fransa tərəfindən olan ittihamlar səbəbindən öz postunu itirmək təhlükəsi qarşısındadır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "Kyodo News"un məlumatına görə, Yaponiyanın Cüdo Federasiyasının başçısı Yasuxiro Yamasita qurum rəhbəri vəzifəsində Takedanın potensial davamçısı ola bilər.

Daha əvvəl fransız müstəntiqləri Takedaya qarşı korrupsiya ittihamı irəli sürmüşdülər. İstintaq hesab edir ki, 2013-cü ildə Tokionun Olimpiya paytaxtı seçkilərində qələbəsi gizli bank əməliyyatlarının nəticəsi olub. Bu, Afrika nümayəndələrinin səslərinin Yaponiya tərəfinin xeyrinə verilməsinə şərait yaradıb. İstintaqın versiyasına görə, Takeda rüşvətlərin ödənişinə icazə verib. Yaponiya MOK-un rəhbəri isə bu ittihamı ağlasığmaz adlandıraraq, qəti surətdə rədd edir.

Takeda 1998-ci ildə Naqano Qış Oyunlarının təşkilat komitəsində idman direktoru vəzifəsini tutub. O, Yaponiya MOK-a 2001-ci ildən başçılıq edir, həmçinin Beynəlxalq Olimpiya Komitəsinin üzvü qismində üç Olimpiada (2010, 2014, 2018) hazırlıqlarını əlaqələndirib. 2012-ci ildə məmur "Olimpiada-2020"nin müraciət komitəsinə rəhbərlik edib. Hazırda 71 yaşlı fəal Olimpiadanın İcraiyyə Şurasının vitse-prezidenti vəzifəsində çalışır.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.