Dünya

Hər il 45 milyon ton elektronika məhsulları atılır

15 Mart 2019 23:18
0 Şərh     Baxış: 771
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2017-ci ildə dünyada 90 milyard ton müxtəlif resurslar hasil edilib. Bu həcmin yalnız 10 faizindən təkrar xammal kimi istifadə olunub. Qalanları sadəcə əhalinin tələbatının təmin olunmasına sərf edilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Nayrobidə Ətraf mühitin mühafizəsi üzrə Assambleyada BMT Baş katibinin birinci müavini Əminə Məhəmməd bəyan edib. O, bəşəriyyəti təsərrüfatın idarə olunması metodlarını dəyişdirməyə çağırıb.

Ə.Məhəmməd deyib: "Biz "götürdü, istifadə etdi və tulladı" formulu ilə yaşayırıq. Götürək elə mobil telefonları: bir qurğunun hazırlanması üçün təqribən 60 müxtəlif metal və mineral lazımdır. Bu xammalın hasilatı təbiətə böyük ziyan vurur. Nəticədə hər il ümumi məbləği 55 milyard dollar olan 45 milyon ton elektronika məhsulları atılır. Bu tullantılar torpağı və suyu zəhərləyir, metan əmələ gətirir və bu şəkildə havanın parnik qazları ilə çirklənməsinə şərait yaradır".

Ə. Məhəmməd deyib: "Biz qeyri-sabit istehsal və istehlakın yaratdığı mürəkkəb vəziyyətdən çıxış yolu tapmağa kömək edəcək qərar təklif edirik. İlk növbədə yanaşma dəyişilməlidir, çünki belə yanaşma zamanı iqtisadi tərəqqi təbii ehtiyatların hasilatının artırılmasını tələb edir". Ə.Məhəmməd dövlətləri qənaətlə istifadə və xammalın qorunub saxlanılması prinsipinə əsaslanan dairəvi iqtisadiyyat yaratmağa çağırıb.

BMT-nin Ətraf mühitin mühafizəsi üzrə Assambleyası ekologiya məsələləri ilə məşğul olan ən iri orqandır. Assambleya iki ildən bir toplanır. Martın 11-də Nayrobidə açılan dördüncü görüş dörd gün davam edəcək. Assambleyaya ötən dəfəkindən iki dəfə çox - 4700-dən artıq nümayəndə qatılıb. Onların arasında dövlət və hökumət başçıları, nazirlər, biznes-liderlər, BMT-nin yüksək vəzifəli əməkdaşları və vətəndaş cəmiyyətinin nümayəndələri var. Assambleyanın əsas mövzusu sabit istehlak və istehsalla bağlı ekoloji problem və məsələlərin innovativ həlli yollarının axtarışıdır.

Əminə Məhəmməd öz çıxışında biomüxtəlifliyin qorunub saxlanılması mövzusuna da toxunaraq xatırladıb ki, 1970-ci ildən etibarən Avropada və Mərkəzi Asiyada içməli suyun ən mühüm mənbəyi olan su-bataqlıq yerlərinin sahəsi 50 faiz azalıb. O, bu prosesi dayandırmaq üçün innovativ yanaşmalar axtarmağı, habelə dünyanın müxtəlif guşələrində tətbiq edilən uğurlu təcrübədən faydalanmağı təklif edib. Məsələn, Cənubi Afrikada hakimiyyət orqanları öz təsərrüfat yerlərinin ekoloji müdafiəsini təmin edən torpaq sahibləri üçün vergiləri azaldıblar.

Əminə Məhəmməd bildirib ki, istehsal və istehlakın tükəndirici formaları iqlim dəyişmələrinə şərait yaradır, çünki tullantıların 53 faizi yataqların işlənməsi və təbii ehtiyatların hasilatı prosesi ilə bağlıdır. O deyib: "Ötən il İqlim Dəyişmələri üzrə Hökumətlərarası Komissiya xəbərdarlıq edib ki, vəziyyəti dəyişdirmək üçün 12 ilimiz qalıb. Sonrakı nəticələr labüd xarakter daşıyacaq".

Əminə Məhəmməd düzgün istiqamətdə qətiyyətli addım atmağa, Paris İqlim Sazişinə riayət etməyə çağıraraq deyib: "Baş katib iqlim sahəsində tədbirləri fəallaşdırmaq üçün sentyabrın 23-də Nyu-Yorkda İqlim Sammiti çağırır. O, dünya liderlərini sammitə hazır mətnlə çıxış etməyə deyil, yaxın onillikdə tullantıların 45 faiz azaldılmasına və 2050-ci il üçün heçə endirilməsinə dair konkret planla gəlməyə çağırır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.