Dünya

"Feyk xəbərlər sunamisi Yer kürəsini bürüyüb"

20 Fevral 2019 21:32
Baxış: 807
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman universitetlərdə jurnalistlərin gələcək nəslinə feyk xəbərlərlə mübarizənin tədris olunacağını istisna etmir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, M.Qusman bu fikri RF Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasında keçirilən ustad dərsində ifadə edib.

"Əminəm ki, yaxın vaxtlarda jurnalistika fakültələrində "Feyk xəbərlər və onlarla mübarizə" fənni tədris olunacaq. İndi bu cür fənn olmasa da, o, artıq yetişib və bu məsələdən qaçmaq mümkün deyil", -deyə M.Qusman qeyd edib. Onun sözlərinə görə, feyk xəbərlərin yayılmasının mənbəyi bir çox hallarda sosial media olur. "Sosial şəbəkələr insanların kommunikasiya formasıdır, lakin problem ondan ibarətdir ki, biz hələ bu kommunikasiya sistemində necə yaşamağı yaxşı başa düşmürük...Düşünürəm ki, siz də artıq bir çox hallarda sosial şəbəkələrdən qərəzli istifadə olunmasının şahidi olmusunuz... Feyk xəbərlərin bu dalğası, daha dəqiq desək, artıq sunamisi Yer kürəsini bürüyür. Bu, qorxunc bəladır və biz sosial şəbəkələrdən aldığımız feyk xəbərlərin ağlagəlməz təsiri altındayıq", -deyə jurnalist əlavə edib.

TASS agentliyinin birinci müavini qeyd edib ki, feyk xəbərlərlə mübarizəni informasiyaların müstəqil şəkildə yoxlanılmasından başlamaq lazımdır. O vurğulayıb: "Bu gün feyk xəbərlərə münasibətdə başlıca süzgəc bu informasiyaların hər biriniz tərəfindən qavranılmasıdır. İnformasiya insanların yaratdığı bir məhsuldur və bu məhsulun istehlakı zamanı diqqətli olmalısınız. Bu səbəbdən də feyk xəbərlərin müəyyən edilməsi və həyatınıza daxil olmasının qarşısını alan süzgəc məhz sizin bu informasiyanı qavramaq keyfiyyətidir. Yoxlayın və bir daha yoxlayın".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.