Dünya

"Rusiya acizdir, Paşinyan Qarabağı qaytaracaq" - Jdanov

5 Fevral 2019 19:31
2 Şərh     Baxış: 2 973

Ermənistanın Baş naziri Nikol Paşinyan Berlinə rəsmi səfəri zamanı kansler Angela Merkel, prezident Frank Valter-Ştaynmeyer və Bundestaqın sədri Volfqanq Şoyblla görüşüb. Paşinyan Almaniyada əsasən ölkəsinin daxili-siyasi işləri barədə danışıb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, ukraynalı politoloq, hərbi ekspert Oleq Jdanov Paşinyanın Berlin səfərinə, bahalı bazarlara ucuz neft tədarükü üçün aparıcı dövlətlərin geosiyasi addımlarına Ermənistanın cəlb edilməsi ilə bağlı təklif olunan sxem prizmasından yanaşmağı məqsədəuyğun hesab edib.

Bu sxemin icrasına ABŞ-ın birtərəfli qaydada İranla müqavilədən çıxması və Tehrana qarşı sanksiyalar tətbiq etməsindən sonra başlanılıb. Çünki onlar başa düşdülər ki, İrandan qanunsuz yollarla birja qiymətlərindən 20 faiz daha ucuz qiymətə neft almaq, İrana qarşı sanksiyaları aradan qaldırıb, onu bazara buraxmaqdan daha sərfəlidir. Çünki İranı bazara buraxmaq onu dünya qiymətlərini formalaşdıran əsas oyunçulardan birinə çevirə bilər. Bu prosesə dərhal karbohidrogenə kəskin ehtiyacı olan Avropa, o cümlədən onun liderləri Fransa və Almaniya da qoşuldu.

Onun sözlərinə görə, karbohidrogen resurslarına daha geniş çıxış üçün Fransa Gürcüstandakı seçkilərdə qalib gəlib.

"Salome Zurabişvili faktiki olaraq Fransa prezidentinin nəzarətindədir. Qanunsuz yolla İrandan göndərilən neft Ermənistana çatır, burada leqallaşdırılır, rəsmi sənədlər verilir və Gürcüstan vasitəsilə Qara dəniz boyu ixrac edilir. Məhz bu səbəbdən ABŞ Kerç boğazındakı hadisəni törətdi. Hadisə Qara dənizin neytral sularında baş verdi və bu da ABŞ-a beynəlxalq dənizçilik hüquqlarını pozduğu üçün Rusiyanı ittiham etməyə əsas verdi. İndi də biz Qara dəniz akvatoriyasında NATO-nun dəniz qruplaşmasının güclənməsini müşahidə edirik", - Jdanov bildirib.

Onun sözlərinə görə, hazırda məhz Tehranla neft mübahisəsi çərçivəsində Qara dənizdə Britaniyanın kəşfiyyat gəmiləri, ABŞ-ın "Donald Kuk" gəmisi və alman gəmiləri üzür.

"Çox güman ki, bu gəmilərin qarşısında 3 vəzifə qoyulub. Birincisi, Rusiyaya hərbi təzyiq göstərməkdir. İkincisi, Suriyada daha geniş qarşıdurma vəziyyətində Bosforun bağlanması, Rusiyanın dəniz yolu ilə daha çox silah köçürməsinin qarşısının alınmasıdır. Üçüncüsü isə Batumidən Avropanın hər hansı bir yerinə göndərilən tankerlərin mühafizəsidir", - ukraynalı hərbi ekspert bildirib.

Jdanovun fikrincə, Ukraynanın şərqindəki münaqişənin öhdəsindən gələ bilməyən Angela Merkelin yenidən Qarabağ münaqişəsini tənzimləməyə yönəlməsi sözügedən sxemin artıq qüvvədə olduğunu göstərir.

"Təbii ki, Ermənistanda rus qoşunlarının olmasının belə Paşinyanın qərarına təsir göstərmədiyini anlayan Rusiya dişlərini qıcayıb, çünki tərəflər anklavdadır. Rusiya Ermənistanla qarşıdurma halında hətta bu bazaların təminat və təchizatını da həyata keçirə bilməz", - ekspert qeyd edib.

Hərbi ekspertin sözlərinə görə, neft dollarları və prosesin bütün iştirakçıları tərəfindən təhlükəsizlik üçün zəmanət əldə edən Ermənistan hansısa güzəştlərə getməlidir. Bu güzəştlərin isə Dağlıq Qarabağ münaqişəsinin siyasi həlli, onun statusu və mənsubiyyəti barədə olması gözləniləndir.

"Bütün bunlar iştirakçı dövlətlərin vasitəsilə Ermənistan və Azərbaycan arasında aparılan danışıqların nəticələrindən asılı olacaq. Paşinyanın Berlindəki çıxışlarına baxsaq, müzakirələrin uğurlu nəticəsi Ermənistanın mövqeyindən asılı olacaq", - Jdanov bildirib.

Hazırda əsas məsələ Ermənistanı bu formulu tanımağa və bu prosesin iştirakçı ölkələrinin zəmanəti altında inteqrasiya proseslərinin fəal üzvü olmağa razı salmaqdır.

"Sonradan isə təbii olaraq Paşinyan qarşısında bu manipulyasiyalar vasitəsilə əldə olunan neft dollarlarına qarşılıq olaraq güzəşt tələbləri irəli sürüləcək. Xatırladım ki, Ermənistana taxıl və ərzaq məhsullarının əsas tədarükçüsü Rusiya deyil, İrandır. Burada da ABŞ bir güllə ilə iki dovşan vurur. Onlar Rusiyadan o nefti alırlar ki, əvvəllər Moskva onu qida qarşılığında ala bilirdi", - ekspert vurğulayıb.

Berlində çıxış edən Paşinyan əbəs yerə nasist Almaniyası ilə paralellər aparmayıb. O qabaqcadan bütün mümkün uğursuzluqları öz sələflərinin üzərinə atmaqla tamamilə düzgün siyasi gediş elədi.

"O, başa düşür ki, onun vəziyyəti müstəqil və rahat deyil, çünki onu seçim qarşısında qoyurlar. Ermənistan bu strukturda qızıl kartdır. Odur ki, Paşinyanın gələcəkdə danışıqlar prosesində bundan istifadə etmək üçün Azərbaycan tərəfinə hər hansı reverans etməsi tamamilə mümkündür. Paşinyan sonradan istifadə etmək üçün hansısa müsbətləri toplamalıdır. Yeni hökumət isə həmişə yeni ideologiyalar quracaq", - Jdanov fikrini yekunlaşdırıb.

Milli.Az 

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Haqq · 5 Fevral 19:5623

    Bəli bu gün Ermənistan üçün ən düzgün yol işqal etdiyi Azərbaycan torpaqlarını geri qaytarmaqdır. Əks halda Ernənistanın vəziyyəti indikindən də qat-qat pis olacaq.

    Cavab yaz
  • Anonim
    Daglı · 5 Fevral 21:0953

    Ermənistan, bəlkə də bizə güzəştə gedərdi, amma rusiya və iran imkan verməz

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.