Dünya

Fransada erməni mafiozlara qarşı xüsusi əməliyyat keçirilib

21 Yanvar 2019 23:04
0 Şərh     Baxış: 763
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransada erməni mafiozlara qarşı xüsusi əməliyyat keçirilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, erməni cinayətkar şəbəkəsinin dünyanın müxtəlif ölkələrindəki fəaliyyəti ilə bağlı çoxsaylı faktlara daha biri əlavə olunub. Bu dəfə Fransa polisi "Avropol"un köməyi ilə Avropada iri erməni mafiya qruplaşmasına qarşı xüsusi əməliyyat keçirib. Cinayətkarların ələ keçirilməsi məqsədilə Fransa ərazisində 27 evdə xüsusi axtarış-yoxlama əməliyyatı aparılıb. Bu zaman qruplaşmanın yüksək rütbəli üzvlərinin də olduğu, əsasən, ermənilərdən ibarət 21 nəfər həbs edilib. Əməliyyat zamanı 23 min avro, tütün məhsulları və müxtəlif növ 6 odlu silah müsadirə olunub.

"Avropol"dan bildirilib ki, bu əməliyyat İspaniya və Almaniya hökumətlərinin də kömək etdiyi böyük bir istintaqın tərkib hissəsidir. Cinayətkarların ifşası üçün "Avropol" il yarım ərzində müxtəlif ölkələrin hüquq-mühafizə orqanları ilə məlumat mübadiləsi həyata keçirib və irimiqyaslı istintaqa başlayıb. Hazırda əsasən ermənilərdən ibarət mafiya qruplaşmasının digər üzvləri və onların cinayətlərinin aşkara çıxarılması üçün istintaq davam edir.

"Avropol"un iqtisadi cinayətkarlıq bölməsinin rəhbəri Pedro Feliççoçu "Associaeted Press"ə müsahibəsində bildirib ki, erməni mafiyasının İspaniya və Belçikada böyük şəbəkəsi var. Ötən il onların bir qrupu zərərsizləşdirilib. Belçikada mafiyanın liderlərindən birinin 28 yaşlı Qriqor Sarkisyan olduğu üzə çıxıb. Onun adı danışılmış tennis oyunlarının təşkilində hallanır.

Polis erməni cinayətkar qruplaşmasının Almaniya, Slovakiya, Bolqarıstan və Niderlanddakı üzvlərinin də izinə düşüb. Şəbəkənin ABŞ, Çili və Misirdə də fəaliyyət göstərdiyi müəyyənləşdirilib.

Ermənilərdən ibarət qruplaşma cinayət əməllərini həyata keçirmək üçün yüzə yaxın peşəkar tennisçi və polis əməkdaşını pulla ələ alıb. İspaniya Mülki Qvardiyasının yaydığı məlumatda bildirilir ki, aralarında qrupun liderləri də olmaqla 15-dən çox şəxs həbs edilib. "Bitures" əməliyyatı çərçivəsində 11 evdə axtarışlar aparılıb, 167 min avro nağd pul, o cümlədən odlu silah, onlarla kompüter, kredit kartları, 5 bahalı avtomobil və müxtəlif sənədlər aşkarlanaraq götürülüb. Cinayətkar dəstəyə məxsus 42 bank hesabı dondurulub, daşınmaz əmlak obyektlərinə həbs qoyulub. Həbs olunan 15 ermənidən başqa daha 68 nəfər şübhəli şəxs haqqında istintaq davam edir. Adı danışılmış tennis oyunları qalmaqalında hallanan şəxslər arasında erməni cinayətkar qruplaşması ilə bağlı olan 28 peşəkar tennisçi də var. 2017-ci ilin fevralından fəaliyyət göstərən cinayətkar dəstənin razılaşdırılmış oyun əməliyyatları ilə milyonlarla avro gəlir əldə etdiyi ehtimal olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.