Dünya

Nikol Paşinyandan hansı islahatlar gözlənir?

20 Yanvar 2019 19:34
0 Şərh     Baxış: 916
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İnqilab dalğasında hakimiyyətə gələn, erkən parlament seçkisi ilə qanunverici orqanda mövqeyini gücləndirən Nikol Paşinyan Ermənistanın yeni baş naziri kimi hələ hökumət proqramını təqdim etməyib.

Amma ondan ciddi islahatlara yönəlik proqram gözləyənlər var.

Siyasi məsələlər üzrə təhlilçi Hayk Xalatyan deyir ki, Paşinyandan vergi və məhkəmə islahatları, o cümlədən korrupsiya ilə mübarizə gözlənir.

Siyasi icmalçı Armen Bağdasaryanın fikrincə, Paşinyan nə qədər Qərbə can atsa da, Rusiya ilə münasibətlərini möhkəmləndirməyə məcbur qalacaq və xarici siyasətdə xüsusi islahat apara bilməyəcək.

Nikol Paşinyanın rəhbərlik etdiyi "Mənim addımım" alyansı Ermənistan parlamentində yerlərin 70 faizindən çoxunu qazanıb.

15 günə kabinet tərtib olunmalı, ondan sonra parlamentə hökumətin proqramı təqdim edilməlidir.

Hayk Xalatyanın sözlərinə görə, Paşinyan hökumət proqramını təqdim etməsə də islahat prioritetləri barədə daha əvvəl danışıb.

Baş nazir ilk növbədə vergi islahatı aparacağını və xarici investisiya cəlb edəcəyini bildirmişdi, o xatırladıb.

"Lakin Ermənistanın hazırkı vəziyyətində buna nail olmaq acan deyil. Bu, həm mürəkkəb xarici-siyasi vəziyyət, həm daxili-siyasi proseslərlə bağlıdır", Hayk Xalatyan əlavə edib.

"İnvestorlar gözləyirlər"

Təhlilçi qeyd edib ki, sərmayədarlar sabitliyi sevirlər: "Hazırda onlar gözləyirlər"

Onun sözlərinə görə, ekoloji problemlər ucbatından Amerika və İngiltərə şirkətlərinin istifadəsində olan qızıl yataqları dayandırılıb, Rusiyanın istifadəsinə verilən Cənubi Qafqaz Dəmir Yolları və Qazprom şirkətlərinə qarşı cinayət işləri qaldırılıb: "Bunları görən xarici iş adamları Ermənistana sərmayə qoymağa tələsmirlər".

Daxili biznesə gəldikdə isə, siyasi təhlilçinin sözlərinə görə, "onun sahibləri əsasən keçmiş hakimiyyətlə əlbir olan oliqarxlardırlar".

"Bəziləri yeni hakimiyyətlə dil tapa bilib, bəziləri dil tapmağa çalışır, digərlərinin ciddi problemləri var və onlar kapitallarını ölkədən çıxarmağa çalışırlar", - Hayk Xalatyan deyib.

Onun fikrincə, əhali hələlik yüksək reytinqə malik olan Paşinyandan bir müddət keçdikdən sonra yaxşılığa doğru dəyişiklər tələb etməyə başlayacaq.

"Odur ki, Paşinyanın siyasi gələcəyi onun az da olsa, iqtisadi artım və əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşmasını təmin edə bilməsindən asılıdır", - Hayk Xalatyan əlavə edib.

Nikol PaşinyanNikol Paşinyanın "Mənim addımım" bloku növbədənkənar parlament seçkilərində qalib gəlmişdi

Əvvəlcə korrupsiyanı ləğv etmək...

Nikol Paşinyan növbədənkənar parlament seçki kampaniyası zamanı bütün çıxışlarında korrupsiyanın "kökünü kəsmək" niyyətində olduğunu bəyan edirdi, "168 saat" qəzetinin siyasi icmalçısı Armen Bağdasaryan BBC News Azərbaycancanın müxbiri ilə söhbətində xatırladıb.

"Hökumət kabineti tərtib olunmayıb, lakin onun əsas fəaliyyət istiqamətləri korrupsiyaya qarşı mübarizə, iqtisadi siyasətin dəqiqləşdirilməsi, sərmayədarların cəlb edilməsi - bunlar ola bilər. Lakin bunların nə dərəcədə gerçəkləşə biləcəyini söyləmək tezdir, hələ heç hökumət formalaşdırılmayıb", - Armen Bağdasaryan BBC News Azərbaycancanın müxbirinə deyib.

"Korrupsiya olan yerə xarici sərmayədar gəlməz. Korrupsiyanın ləğv edilməsi çox vacibdir, yeni hakimiyyət "bunun əzmindədir və siyasi iradəsi vardır", - təhlilçi deyir.

"Və biz görürük ki, artıq bir sıra yüksək vəzifəli məmur, onların qohumları, yüksək rütbəli hərbi rəhbərlərə, generallara qarşı korrupsiya və qeyri-qanuni yollarla varlanma və digər ittihamlarla cinayət işləri açılıb", - deyə o, bu istiqamətdə müvəffəqiyyət əldə etmək üçün vergi və məhkəmə sistemində islahatların zəruriliyini deyd edir.

Xarici siyasi prioritetlər: Avropa İttifaqı ilə Avrasiya Birliyi arasında seçim

Keçmiş parlamentdə Ermənistanın Avrasiya İqtisadi Əməkdaşlıq Birliyindən çıxıb Avropa strukturları ilə daha sıx əməkdaşlıq yaratmağı tələb edən Nikol Paşinyanın başçılıq etdiyi hakimiyyətin xarici siyasətində ciddi dəyişiklər gözlənmir.

Bəzi siyasi təhlilçilər bunu bir sıra ciddi amillərlə əsaslandırırlar: Qarabağ münaqişəsi, Türkiyə ilə bağlı sərhəd, daima Qərb sanksiyaları altındakı İran və Rusiya ilə ciddi problemlər yaşayan Gürcüstanla qonşuluq...

Levon Mnatsakanyan (hərbi geyimlilərdən soldan birinci) vəzifəyə 2015-ci ildə təyin olunmuşdu

Nə qədər ki Qarabağ var...

Siyasi təhlilçi Hayk Xalatyanın fikrincə, nə qədər ki Ermənistanın Qarabağ münaqişəsi var, Ermənistan rəhbərlərinin xarici siyasətdə kəskin hərəkətlər imkanları son dərəcə məhduddur.

"Bu gün Qarabağ təmas xətti və Ermənistan sərhədində sakitlikdir, lakin hamıya məlumdur ki, Azərbaycan Ermənistan hakimiyyətindən istədiyi güzəştləri ala bilməsə, yeni gərginlik baş verə bilər", - o deyib.

Hayk Xalatyanin sözlərinə görə, bu problem yeni hakimiyyətin istər xarici, istər daxili siyasətdə imkanlarını məhdudlaşdırır, lakin heç bir hakimiyyət bu məsələdə qarşı tərəfin nə kimi cavab güzəştə hazır olduğunu və ictimaiyyətin buna münasibətini nəzərə almaya bilməz.

"İlk növbədə Rusiya ilə münasibətlər möhkəmləndiriləcək"

Armen Bağdasaryan da hesab edir ki, Nikol Paşinyan ilk növbədə Avrasiya İqtisadi Əməkdaşlıq Birliyi (AİƏB) və Rusiya ilə münasibətləri möhkəmləndirməyə çalışacaq.

"Aydındır ki, Ermənistan-Rusiya münasibətlərində problemlər var və bu problemlər Ermənistan Respublikası üçün iqtisadi təhlükə kəsb edir. Nikol Paşinyan ilk növbədə AİƏB və Rusiya ilə münasibətləri nizamlamağa, eyni zamanda Avropa istiqamətində inteqrasiyanı dərinləşdirməyə çalışacaq" - Armen Bağdasaryan BBC News Azərbaycancaya deyib.

Ancaq o, Avropa İttifaqı ilə əməkdaşlıq haqqında hazır olduğu bildirilən sazişin yaxın gələcəkdə imzalanacağından şübhələnir.

"Hər iki tərəfdən Ermənistana təzyiq edilir, hər iki tərəf Ermənistanın yeni hakimiyyətindən mövqeyini dəqiqləşdirməyi tələb edir, - Armen Bağdasaryan deyir. - Hər iki istiqamətdə əlaqələri eyni səviyyədə davam etmək çox çətin olacaq. Mümkün təhlükələr ucbatından Ermənistan hökuməti Avrasiya, Rusiya istiqamətinə üstünlük verməyə məcburdur".

Pashinyan supporters at a rally in Yerevan on 2 May, 2018Nikol Paşinyan yaz aylarındakı etiraz nümayişlərindən sonra baş nazir seçilib

"Xalqdan mandat o demək deyil ki, Qarabağla bağlı istədiyi qərarı versin"

Bəzi, əsasən xarici təhlilçilər "xalq tərəfindən dəstəklənən, xalqın etimadını qazanmış, legitim" ölkə başçısı Nikol Paşinyanın Qarabağ münaqişəsinin həlli istiqamətində ciddi, əməli addımlar imkanı qazandığını ehtimal edir.

Ötən il oktyabrda Cənubi Qafqaz bölgəsinə səfəri zamanı ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri John Bolton da bunu qeyd etmişdi. O, Paşinyanın erkən parlament seçkilərində qələbəsi sayəsində "Qarabağ məsələsinin həlli istiqamətində çox güclü mandat əldə etmiş" olacağını bildirmişdi.

Siyasi icmalçı Armen Bağdasaryan deyir ki, Paşinyanın xalqın etimadını qazanması və legitimliyi heç də o demək deyil ki, ictimaiyyət onun Qarabağ məsələsində istənilən qərarını qəbul edər.

"Əlbəttə, beynəlxalq təşkilatlar, Minsk Qrupu Ermənistana təzyiq edir. Lakin Ermənistan hakimiyyəti istəsə də, ictimaiyyət birtərəfli, qeyri-mütənasib güzəşti qəbul etməz", - o deyir.

Təhlilçi hakimiyyətin bu məsələdə ciddi güzəştlərə gedəcəyinə inanmır. "Əksinə, bu il gərginliyin artacağından ehtiyatlanıram", deyə o, narahatlığını bölüşür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.