Dünya

"Dünya qlobal xaosa sürüklənir"

17 Dekabr 2018 23:52
1 Şərh     Baxış: 1 265
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş dekabrın 16-da Qətərin paytaxtı Dohada öz işinə yekun vurmuş "Diplomatiya, dialoq və müxtəliflik" mövzusunda 18-ci Beynəlxalq Forumdakı çıxışında qlobal siyasətin aktual məsələlərinə toxunub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, baş katib sülh, təhlükəsizlik və vasitəçilik, iqtisadi inkişaf və dünyada baş verən dəyişiklikləri 2018-ci ilin ən aktual problemləri adlandırıb. Onun sözlərinə görə, bu problemləri çoxtərəfli yanaşma yolu ilə həll etmək mümkündür. O, məhz bu yanaşma tərzinin və beynəlxalq əməkdaşlığın başa çatmaqda olan ilin ən çox tənqidə məruz qalan sahələr olduğunu vurğulayıb.

A.Quterreş əlavə edib ki, yaranan problemlərin əsas səbəbi "etimad çatışmazlığı sindromudur": dövlətlər, vətəndaşlar və hökumətlərin beynəlxalq təşkilatlara, o cümlədən BMT-yə inamı azalıb. Sosial-iqtisadi bərabərsizliyin artması, gəlirlərin azalması, ticari münaqişələrin güclənməsi, borcların artması və geosiyasi gərginliyin yüksək həddə çatması fonunda bu etimadsızlıq daha da dərinləşir.

Baş katib deyib: "İnsanlar haqlı olaraq narazılığını bildirirlər ki, bir ovuc adam, xüsusən kişilər, bəşəriyyətin yarısından daha çox gəlir əldə edirlər. Bununla belə, həmin "bir ovuc insanların" əksəriyyətinin gəlir mənbəyi qorxu və inamsızlıqdır. Bu gün qorxu vasitəsilə dünyada sərvət sahibi olan insanlar var. Onlar məhz qorxu hissinin köməyi ilə seçkilərdə səslər əldə edir və sosial şəbəkələrdə "layk" qazanırlar".

BMT-nin rəhbəri xatırladıb ki, onilliklər ərzində dünya ikiqütblü, sonradan bir müddət təkqütblü olub, indi isə aralıq mərhələdədir. "Bu, bir mənada qlobal xaos yaradır ki, nəticədə dünya nizamı anlaşılmaz vəziyyətə düşür, xaotik proseslər güclənir. Dünyada qeyri-müəyyənlik və cəzasızlıq artır, - deyə A.Quterreş vurğulayıb. Onun sözlərinə görə, çoxqütblülük də sülhün təminatı deyil, XXI əsrdə beynəlxalq və regional səviyyədə vətəndaş cəmiyyətlərinin, BMT-nin və digər aktorların iştirak etdiyi çoxtərəfli əməkdaşlıq sistemi yaradılmalıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.